Pomidor xaricə daha BAHA satılır – Daxildəki qiymətlər isə…

Pomidor xaricə daha BAHA satılır – Daxildəki qiymətlər isə…

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pomidor ixracından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 172,3 milyon dollara çatıb. Maraqlıdır ki, gəlirin artmasına baxmayaraq, ixrac olunan məhsulun həcmi 0,6 faiz azalıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsaslanan göstəricilər Azərbaycan pomidorunun xarici bazarlardakı satış dəyərinin yüksəldiyini göstərir.

Bəs ixrac gəlirinin artması nədən qaynaqlanır? Bu, xarici bazarlarda pomidorun satış qiymətinin yüksəlməsi, məhsulun keyfiyyətinin yaxşılaşması, yoxsa ixrac bazarlarında baş verən dəyişikliklərlə bağlıdır? İxracdan əldə edilən əlavə gəlir yerli fermerlərin qazancında da özünü göstərirmi? Digər tərəfdən, məhsulun xaricə satışının artan dəyəri daxili bazarda pomidorun qiymətinə təsir edirmi?

Xalid Kərimli: “İqtisadi amillər insanları kənddən şəhərə köçməyə məcbur  edir”

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, pomidor ixracından əldə olunan gəlirin artması, əsasən, məhsulun satış qiymətinin yüksəlməsi ilə bağlıdır: “Burada əsas məsələ ixrac olunan pomidorun qiyməti ilə bağlıdır. Ötən illə müqayisədə ixrac qiymətləri yüksəlib. Statistikaya baxsaq, ixracın fiziki həcmi cəmi 0,6 faiz azalıb, amma dəyər ifadəsində 9,7 faiz artım var. Təxminən bu o deməkdir ki, ixrac olunan pomidorun qiyməti 9 faiz artıb.

Artım məhsulun keyfiyyətinin yaxşılaşması ilə əlaqəli deyil. Burada əsas məsələ istehsal xərclərinin artmasıdır. Ölkədə inflyasiya baş verir, işçi qüvvəsinin qiyməti artır, ölkə daxilində daşınma xərcləri yüksəlir, enerji xərcləri artır. Xatırlayırsınızsa, enerji qiymətləri dəfələrlə artırılıb. 2024-cü ilin iyulunda, 2025-ci ilin dekabrında qiymət artımları olub. Dizel yanacağının qiyməti qalxanda istixanaların, istilik sistemlərinin xərcləri də artır. Yəni, əsas məsələ məhsulun istehsal xərclərinin yüksəlməsidir. İstehsalçı da buna uyğun olaraq məhsulun satış qiymətini artırır. Nəticədə ixracın fiziki həcmində ciddi artım olmadığı halda, dəyər ifadəsində yüksəlmə baş verir”.

İqtisadçıya görə, ixracdan əldə edilən əlavə gəlirə əsaslanaraq yerli fermerlərin daha çox qazanc əldə etdiyini demək olmaz: “Bunun üçün ilk növbədə bir ton pomidorun istehsalına çəkilən xərclərin necə dəyişdiyini bilməliyik. Məsələn, fermerin daşınma xərcləri artıbsa, elektrik enerjisinə və digər istehsal ehtiyaclarına daha çox vəsait sərf edirsə, ixrac gəlirinin artması onun qazancının da artması demək deyil.

Biz bilirik ki, fermerlərin xərcləri artıb. Buna görə də yalnız ixrac gəlirlərinin yüksəlməsinə baxaraq onların müqayisəli şəkildə daha çox qazandığını söyləyə bilmərik. İxracın daxili bazara təsirinə gəlincə, burada məhsulun xaricə satış həcmi də mühüm rol oynayır. Hazırda ixracın fiziki həcmində cəmi 0,6 faizlik azalma var. Bu, əhəmiyyətli dəyişiklik deyil. Bununla belə, məhsulun xaricə ixracı daxili bazarda pomidorun qiymətinə təsir göstərir.

Belə düşünək: əgər ixrac olmasa, pomidorun daxili bazarda qiyməti daha aşağı ola bilər. Amma digər tərəfdən, fermer xarici bazara məhsul satmaq imkanını itirsə, bu sahə ilə məşğul olmaqda maraqlı olmaya bilər. O düşünə bilər ki, bu fəaliyyət kifayət qədər səmərəli deyil. Buna görə də ixrac həm daxili bazarda qiymətlərə təsir göstərir, həm də fermerlərin istehsalla məşğul olmaq marağının qorunması baxımından əhəmiyyət daşıyır”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir