Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun!

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun!

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl palma yağının qida məqsədilə istifadəsi və mümkün riskləri barədə fikirlərini bölüşüb.

Həkim bildirib ki, qida üçün nəzərdə tutulan palma yağının məhsulların tərkibində istifadə edilməsi özlüyündə problem deyil. Onun sözlərinə görə, əsas məsələ texniki palma yağının qida istehsalında istifadə olunması ehtimalıdır.

V. İsmayıl qeyd edib ki, palma yağı daha ucuz olduğuna görə bəzi istehsalçılar tərəfindən kərə yağı və şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Onun fikrincə, məhsulun tərkibinə palma yağı əlavə edildiyi halda bunun etiketdə göstərilməməsi istehlakçının aldadılmasıdır.

Həkim izah edib ki, texniki palma yağı ilə qida məqsədilə istifadə olunan palma yağı arasında fərq var. Qida istehsalında istifadə edilən yağın müvafiq emaldan keçməsi və tərkibindəki zərərli maddələrdən təmizlənməsi vacibdir. Bu proses əlavə xərc tələb etdiyindən qida üçün nəzərdə tutulan palma yağı texniki yağdan daha baha başa gəlir.

V. İsmayılın sözlərinə görə, palma yağının şirniyyat istehsalında istifadə edilməsinin səbəblərindən biri onun otaq temperaturunda daha bərk konsistensiyaya malik olmasıdır. Bu xüsusiyyət onu müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün əlverişli edir.

Həkim Azərbaycanda texniki palma yağının ucuz olması səbəbindən onun kərə yağı və şirniyyatların istehsalında istifadə edildiyinə dair məlumatlara inandığını bildirib.

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini məsələni araşdırmağa, texniki palma yağının qida istehsalında istifadə edilib-edilmədiyini yoxlamağa və nəticələr barədə ictimaiyyətə şəffaf məlumat verməyə çağırıb.

V. İsmayıl hesab edir ki, araşdırmanın şəffaf aparılması əhalinin qida təhlükəsizliyinə nəzarət edən qurumlara etimadının artmasına kömək edə bilər./yenisabah/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir