“Yeraltı qatillərdən” TAM qurtulacağımız il – Bu templə…

“Yeraltı qatillərdən” TAM qurtulacağımız il – Bu templə…

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və şəhərsalma işlərinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.

Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində çıxışı zamanı deyib.

CROSSMEDIA - Böyük Qayıdışın qarşısındakı əsas maneə:Mina terroru

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin səmərəli təşkili üçün müxtəlif sahələr üzrə qərarların əlaqələndirilməsi və geribildirim mexanizminin tətbiqi vacibdir. Onun sözlərinə görə, dəqiq mina xəritələrinin olmaması bu prosesi çətinləşdirir və minatəmizləyicilər üçün ciddi risklər yaradır. Xüsusi nümayəndə qeyd edib ki, son beş il yarım ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə işləri aparılıb. Ümumilikdə ərazilərin 42,8 faizi minalardan təmizlənib.

Bəs bu temp davam edərsə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mina təhlükəsindən tam təmizlənməsi üçün daha neçə il lazım olacaq? Hazırkı imkanlarla prosesin sürətləndirilməsi mümkündürmü?

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Musavat.com-a bildirib ki, açıqlanan 42,8 faizlik göstərici Emin Hüseynovun məsul olduğu ərazidə aparılan işlərlə bağlıdır.

Hafiz Səfixanov: Süni intellektə əsaslanan ölümcül təsirə malik silah  istehsalına yol verilməməlidir - AZƏRTAC

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ümumi mənzərəsini nəzərə aldıqda, minatəmizləmə prosesinin başa çatması üçün konkret müddət müəyyənləşdirmək çətindir.
“Emin müəllimin dediyi rəqəm onun məsul olduğu ərazidə aparılan işlərlə bağlıdır. Açığı, məndə elə bir rəqəm yoxdur ki, ümumi ərazinin 50 faizə yaxın hissəsinin beş il yarım, altı il ərzində təmizləndiyini deyə bilim. Həm də nəzərə alsaq ki, biz hələ böyük bir hissədə keçmiş “Ohanyan səddi”nə daxil olmamışıq. Çünki ən çox minalanmış ərazilərdən biri də həmin ərazidir”, – deyə ekspert bildirib.

H.Səfixanov qeyd edib ki, minatəmizləmə işlərinin nə vaxt başa çatacağını indidən dəqiq söyləmək mümkün deyil. Onun fikrincə, mövcud imkanlarla prosesin tamamlanması 10 ildən də çox vaxt apara bilər.
Ekspertin fikrincə, minatəmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq maliyyə dəstəyinin artırılması, eləcə də texniki və texnoloji yardımın genişləndirilməsi vacibdir.

H.Səfixanov bildirib ki, Azərbaycana bu sahədə göstərilən beynəlxalq yardım olduqca məhduddur. Onun sözlərinə görə, maliyyə imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi isə qarşıya qoyulan məqsədə daha tez çatmağa imkan verə bilər.

“Bildiyiniz kimi, bizə beynəlxalq yardım çox azdır, demək olar ki, cüzidir. Əgər beynəlxalq maliyyə təsisatlarından və donorlardan maliyyə yardımı artarsa, texniki və texnoloji kömək olarsa, elə bilirəm ki, prosesi sürətləndirmək mümkündür. Amma konkret vaxt demək mütəxəssislər üçün də bir qədər çətindir”, – deyə o, əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir