“Onlar uşaq dünyaya gətirməməlidir” – SƏRT MESAJ

“Onlar uşaq dünyaya gətirməməlidir” – SƏRT MESAJ

Müasir dövrdə valideynlərin iş həyatının intensivləşməsi, sosial öhdəliklərin artması və texnologiyadan asılılığın güclənməsi ailədaxili münasibətlərə, xüsusilə də valideyn-övlad ünsiyyətinə ciddi təsir göstərir. Bir çox valideyn övladının maddi ehtiyaclarını qarşılamağı valideynlik vəzifəsinin əsas hissəsi hesab etsə də, uşağın sağlam şəxsiyyət kimi formalaşması üçün bunun kifayət etmədiyi aydın məsələdir.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a şərhində müasir dövrdə valideynlərlə övladlar arasında münasibətlərə dair maraqlı fikirlər bildirib.

necx.jpg (53 KB)

O qeyd edib ki, əvvəlki dövrlərdə ailədə əmək bölgüsü fərqli idi – qadınların əksəriyyəti işləmədiyi üçün vaxtlarının böyük hissəsini evə və uşaqların tərbiyəsinə ayırırdılar:

“Müasir dövrdə isə hər iki valideynin işləməsi, peşəkar və sosial öhdəlikləri uşaqlarla ünsiyyətə ayrılan vaxtı azaldıb. Bu, reallıqdır. Ancaq reallıq valideynlik məsuliyyətindən imtina etmək üçün bəhanə deyil. Valideynlər işdən evə qayıtdıqdan sonra diqqətlərini telefonlara, sosial şəbəkələrə və digər ağıllı cihazlara deyil, övladlarına yönəltməlidirlər. Uşaq valideyninin evdə olmasına deyil, onunla ünsiyyətdə olmasına ehtiyac duyur. Hər gün ən azı bir saat telefonsuz, televizorsuz və başqa məşğuliyyətlərsiz övladla ünsiyyət qurulmalıdır. Həftəsonları uşaqların maraq və ehtiyacları nəzərə alınmaqla planlaşdırılmalıdır. Uşağın tərbiyəsi yalnız ananın və ya atanın vəzifəsi deyil. Bu, hər iki valideynin bərabər məsuliyyətidir. Maddi təminat valideynliyin yalnız bir hissəsidir. Uşağı yedizdirmək, geyindirmək və məktəbə göndərmək tərbiyə deyil. Onu dinləmək, davranışlarına sərhəd qoymaq, düşüncəsini formalaşdırmaq və həyatında fəal iştirak etmək lazımdır. Uşaq böyütməyə hazır olmayan və bu məsuliyyəti daşımaq istəməyən cütlüklər uşaq dünyaya gətirməməlidirlər. Uşaq nikahı qorumaq, münasibətləri düzəltmək və ya boşanmanın qarşısını almaq vasitəsi deyil. Heç bir uşaq valideynlərinin münasibətlərindəki problemlərin həlli üçün dünyaya gətirilməməlidir. Ailə münasibətlərini qorumaq böyüklərin məsuliyyətidir. Uşağı bu məsuliyyətin daşıyıcısına çevirmək yolverilməzdir. İşə, sosial həyata və şəxsi maraqlara vaxt ayırmağı bacaran valideyn övladına da vaxt ayırmalıdır. Uşağın tərbiyəsi boş vaxt qalarsa, həyata keçiriləcək fəaliyyət deyil. Valideynlik prioritet və gündəlik məsuliyyətdir. Uşaq dünyaya gətirmək qərarı vermək asandır, onun sağlam şəxsiyyət kimi yetişməsinə cavabdeh olmaq isə ciddi məsuliyyətdir”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir