Azərbaycanda balıqçılıq və akvakultura sahəsinin inkişafı, yerli istehsalın artırılması məqsədilə fermerlərə subsidiya verilməsi nəzərdə tutulur.
Dövlət dəstəyinin bu sahəyə yönəldilməsi daxili bazarın yerli məhsulla təmin olunması və idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Bununla belə, Azərbaycanda balıq məhsullarının qiyməti bir çox istehlakçı üçün kifayət qədər yüksək olaraq qalır. Ölkənin su ehtiyatları və balıq yetişdirmək imkanları olduğu halda, yerli istehsal niyə bazarın tələbatını tam ödəyə bilmir? Yeni subsidiya mexanizmi balığın qiymətinə təsir göstərəcəkmi?

Aqrar sahə üzrə ekspert, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanın balıqçılıq və akvakultura sahəsində böyük potensialı olsa da, bu imkanlardan hələ tam istifadə edilmir. Bunun əsas səbəbi təkcə su ehtiyatlarının və balıq yetişdirmək üçün əlverişli ərazilərin kifayət qədər olmaması deyil. Problem daha çox istehsal infrastrukturunun, texnologiyaların, yem bazasının və investisiya imkanlarının məhdudluğu ilə bağlıdır. Balıq yetişdirmək üçün su hövzəsinin olması kifayət etmir. Müasir təsərrüfat qurmaq, keyfiyyətli körpə balıq əldə etmək, yem təminatını təşkil etmək, suyun temperaturunu və keyfiyyətini nəzarətdə saxlamaq, xəstəliklərin qarşısını almaq və məhsulu bazara çatdırmaq lazımdır. Bütün bunlar isə kifayət qədər böyük maliyyə və texniki imkanlar tələb edir.
Digər tərəfdən, Azərbaycanda balıqçılıq sahəsində uzun müddət sistemli və davamlı istehsal modelinin formalaşdırılması ilə bağlı problemlər olub. Xüsusilə keyfiyyətli balıq yeminin və balıq körpələrinin təminatında, müasir yetişdirmə texnologiyalarının tətbiqində, emal və soyuducu anbar infrastrukturunda çatışmazlıqlar istehsalın genişlənməsini məhdudlaşdırıb. Nəticədə yerli məhsulun maya dəyəri yüksək olur və bu da onun satış qiymətinə təsir göstərir”.
Ekspert qeyd edib ki, yeni subsidiya mexanizmi bu problemlərin aradan qaldırılmasına müəyyən töhfə verə bilər: “2027-ci il yanvarın 1-dən yerli istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə hər tona 2000 manat, çəkikimilər və naxakimilər üzrə isə 600 manat məhsul subsidiyası verilməsi nəzərdə tutulur. Bundan başqa, akvakultura təsərrüfatlarının güzəştli kreditlərə və müasir avadanlıqlara çıxışının genişləndirilməsi də planlaşdırılır.
Lakin mən hesab edirəm ki, subsidiyanın tətbiqi avtomatik olaraq balığın ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki verilən dəstək ilk növbədə istehsalçının xərclərinin bir hissəsini kompensasiya edir. Əgər yem, enerji, balıq körpələri, logistika və digər istehsal xərcləri yüksək olaraq qalırsa, subsidiya olsa belə, məhsulun maya dəyəri ciddi şəkildə aşağı düşməyə bilər. Digər tərəfdən, istehsalçılar əldə etdikləri maliyyə dəstəyini istehsalın genişləndirilməsinə deyil, mövcud fəaliyyətin saxlanılmasına yönəldə bilərlər. Buna görə də subsidiyaların real istehsal artımına təsiri ciddi şəkildə izlənilməlidir”.
Ən vacib məsələlərdən biri yerli balıq yemi istehsalının təşkilidir. Çünki akvakultura təsərrüfatlarında yem əsas xərc maddələrindən biridir. Əgər yem idxaldan asılı qalırsa, dünya bazarında baş verən qiymət dəyişiklikləri yerli balığın maya dəyərinə də təsir göstərəcək. Eyni zamanda, balıq körpələrinin yetişdirilməsi, damazlıq təsərrüfatlarının yaradılması, müasir su hövzələrinin qurulması və məhsulun saxlanılması üçün infrastrukturun inkişafı vacibdir”.
Akif Nəsirli qeyd edib ki, bu sahədə konkret hədəflər müəyyənləşdirilib:
“Kənd təsərrüfatı nazirinin 5 noyabr 2026-cı il tarixli açıqlamasına görə, Azərbaycanda illik akvakultura istehsalının hazırkı 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırılması nəzərdə tutulur. Dövlət dəstəyi düzgün təşkil olunarsa, yerli balıq istehsalının artmasına və idxaldan asılılığın azalmasına şərait yarada bilər. Ancaq əsas məqsəd yalnız daha çox balıq yetişdirmək deyil, onu istehlakçı üçün əlçatan qiymətə təklif etmək olmalıdır. Bunun üçün subsidiya, güzəştli kredit, yerli yem istehsalı, rəqabət və satış infrastrukturunun inkişafı paralel həyata keçirilməlidir. Əks halda, istehsal artsa belə, bu artımın bazarda qiymətlərin aşağı düşməsinə təsiri məhdud qala bilər”.
Afaq Mirayiq,
Musavat.com

