Bakıda hava çirklənməsinin əsas səbəbi bəlli oldu – Ekoloqdan SOS

Bakıda hava çirklənməsinin əsas səbəbi bəlli oldu – Ekoloqdan SOS

Bakıda havanın çirklənməsi artıq təkcə ekoloji problem deyil, həm də şəhər sakinlərinin gündəlik həyatına və sağlamlığına təsir edən ciddi narahatlıq mənbəyinə çevrilib.

Paytaxt küçələrində avtomobillərin yaratdığı tüstü və qazlar, sənaye müəssisələrindən atmosferə atılan tullantılar, tikinti sahələrindən yayılan toz havanın keyfiyyətini pisləşdirən əsas amillər sırasındadır. Bu azmış kimi, bəzi restoran və iaşə obyektlərinin havalandırma sistemlərindən yayılan kəskin qoxular da sakinlərin haqlı narazılığına səbəb olur. Bir sözlə, şəhərdə nəfəs almaq getdikcə çətinləşir. Bu fonda Bakıda atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2028–2035-ci illəri əhatə edən Milli Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur. Bəs bu plan paytaxtın hava problemini həll edə biləcəkmi, yoxsa növbəti sənəd olaraq qalacaq?

Ekoloq Fikrət Cəfərov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Bakıda və digər böyük şəhərlərdə havanın çirklənməsi ciddi ekoloji problemlərdən biridir:

“Bu problemlərin aradan qaldırılması üçün müxtəlif tədbirlər, o cümlədən dövlət proqramları nəzərdə tutulsa da, onların tam və effektiv icrası mühüm əhəmiyyət daşıyır. Bakının deyil, ümumilikdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür. Bu istiqamətdə dövlət proqramları da hazırlanır. Ola bilsin, kimsə desin ki, dövlət proqramları hazırlanır, lakin lazımi səviyyədə və tam şəkildə həyata keçirilmir. Ümumiyyətlə, bu cür proqramların icrası çətin prosesdir. İlk növbədə, maliyyə vəsaiti lazımdır. İkinci məsələ isə mütəxəssislərin cəlb olunması və bu sahədə çalışan insanların peşəkarlığıdır.

Bu gün Bakıda və digər böyük şəhərlərdə havanı çirkləndirən əsas mənbə avtonəqliyyatdır. Bakıda hava çirklənməsinin təxminən 70-75 faizi avtomobillərin payına düşür. Bu istiqamətdə müəyyən tədbirlər görülür. Hazırda köhnə avtomobillərin ölkəyə gətirilməsinə və istismarına ciddi nəzarət olunur, müəyyən məhdudiyyətlər tətbiq edilir. Eyni zamanda, köhnə avtomobillərin utilizasiyası ilə bağlı kompensasiya proqramı da mövcuddur. Vətəndaşlar köhnə avtomobillərini dövlətə təhvil verərək kompensasiya ala və yeni avtomobil almaq imkanı əldə edə bilərlər.

Digər tərəfdən, ictimai nəqliyyatın ekoloji baxımdan daha təmiz olması vacib amildir. Son iki ildə ölkəyə gətirilən avtobusların hamısı elektrik və ya hibrid mühərrikli avtobuslardır. Bu nəqliyyat vasitələrinin istismarı havanın çirklənməsinin azaldılmasına ciddi töhfə verir. Onlar atmosfer havasını demək olar ki, çirkləndirmirlər”.

Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb

Ekoloq bildirib ki, hazırda Azərbaycanda elektrik və digər ekoloji təmiz avtomobillər almaq mümkündür, bunun üçün xüsusi dəstək proqramları da mövcuddur:

“Hibrid avtomobillər atmosferə ən azı 4-5 dəfə az zərərli qaz buraxır. Yəni onların istismarı köhnə avtomobillərlə müqayisədə daha ekoloji təhlükəsizdir və havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Lakin Bakıda digər ciddi problem logistika və nəqliyyatın təşkili ilə bağlıdır. Demək olar ki, hər gün şəhərdə iki dəfə böyük tıxaclar yaranır. Xüsusilə Sumqayıt yolunda, Bakı istiqamətində şəhərə girişdə, eləcə də digər əsas avtomobil yollarında səhər və axşam saatlarında ən azı bir saat yarımdan iki saata qədər tıxac müşahidə olunur. Hələlik bu problemin qarşısını almaq üçün effektiv həll yolları tapılmayıb. Hesab edirəm ki, nəqliyyat-logistika məsələsinə ciddi yanaşmaq və mövcud problemləri aradan qaldırmaq lazımdır”.

Fikrət Cəfərov qeyd edib: “Tramvay xətlərinin çəkiləcəyi, metro şəbəkəsinin genişləndiriləcəyi bildirilir. Lakin hazırkı metro xətləri insanları şəhərin ehtiyac duyulan bütün istiqamətlərinə lazımi səviyyədə çatdırmaq baxımından yetərli deyil. Cəmi bir neçə xəttin olması, onların müəyyən istiqamətlərdə kəsişməsi və sərnişin sıxlığı insanların hərəkətində ciddi çətinliklər yaradır. Bu məsələyə müasir yanaşma ilə həll yolu tapılmalıdır.

Digər tərəfdən, Bakıda yeni yolların çəkilməsi və mövcud yolların genişləndirilməsi üçün də imkanlar məhduddur. Çünki şəhərdə bunun üçün kifayət qədər boş ərazi yoxdur. Tramvay və trolleybus xətlərinin ənənəvi üsullarla çəkilməsi də hər yerdə mümkün deyil. Buna görə də müasir texnologiyalardan istifadə etməliyik. Məsələn, kanat yollarının, elektromaqnit prinsipi ilə işləyən yerüstü nəqliyyat sistemlərinin, eləcə də torpaq səthində deyil, estakadalar üzərində qurulan tramvay xətlərinin yaradılması nəzərdən keçirilə bilər.
Bu cür həlləri həyata keçirməsək, nəqliyyat-logistika problemlərini və tıxacları aradan qaldırmaq mümkün olmayacaq”.

Tikinti sektoruna gəldikdə, ekspert qeyd edib ki, mövcud normalara əsasən, çoxmərtəbəli binaların inşası zamanı tikinti ərazisi xüsusi qoruyucu, toztutan torlarla əhatə olunmalıdır:

“Bu, tikinti prosesində yaranan tozun ətrafa, şəhərin havasına yayılmasının qarşısını almaq üçündür. Bəzi şirkətlər bu normalara əməl edir, müvafiq torlar quraşdırır və tozun ətrafa yayılmasını məhdudlaşdırırlar. Lakin tikinti obyektlərinin 60-70 faizində bu tələblərə riayət olunmur. Nəticədə yaranan toz birbaşa açıq havaya, şəhərin atmosferinə yayılır.
Dövlət proqramları hazırlanarkən yaşıllıqların artırılması məsələsi də mütləq nəzərə alınmalıdır. Son on ildə yaşıllıq sahələrinin sayı iki dəfə artıb. Çox gözəl bulvarlar və parklar salınıb, insanların təmiz havada istirahət etməsi və fiziki aktivliklə məşğul olması üçün imkanlar yaradılıb. Lakin Bakı kimi dörd milyonluq böyük şəhər üçün mövcud yaşıllıq sahələri bu gün də kifayət etmir və normalara uyğun səviyyədə deyil. Yaşıllıq əraziləri daha da genişləndirilməlidir”.

Ekoloq restoran və kababxanalarla bağlı suala belə cavab verib:

“Onların atmosferi çirkləndirmə səviyyəsi digər mənbələrlə müqayisədə o qədər də yüksək deyil. Bununla belə, bu obyektlərdə də müvafiq tədbirlər görülməlidir. Bildiyiniz kimi, bütün iri restoran və kababxanalarda tüstü və qazların tutulması üçün xüsusi filtrlər quraşdırılmalıdır. Kömürün yanması və yeməklərin bişirilməsi zamanı yaranan tüstü və qazların atmosferə yayılmasının qarşısı alınmalıdır. Bu sahədə nəzarətin gücləndirilməsi yaxşı olardı. Həqiqətən də, belə filtrlər quraşdırılmadıqda, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməli, zəruri hallarda həmin obyektlərin fəaliyyəti dayandırılmalıdır.
Hesab edirəm ki, dövlət proqramlarının hazırlanması çox vacibdir. Lakin əsas məsələ həmin proqramların kağız üzərində qalmaması, nəzərdə tutulan tədbirlərin tam və effektiv şəkildə həyata keçirilməsidir”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir