Sahibkarlara ŞAD XƏBƏR

Sahibkarlara ŞAD XƏBƏR

“Vergi borcları üzrə möhlət mexanizminin avtomatlaşdırılması və sadələşdirilməsi sahibkarlar üçün daha bir mühüm güzəştdir. Vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi, yəni əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması nəzərdə tutulub”.

Musavat.com-un məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, bundan əlavə, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində də bəzi mühüm yeniliklər var:

“Bunlardan biri yükdaşıma sektorunda sadələşdirilmiş vergi rejiminin tətbiqidir. Sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq bu təklif irəli sürülüb. Belə ki, ölkədaxili yükdaşıma fəaliyyətilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur. Kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdiriləcək”.

Xidmət rəisi vurğulayıb ki, təklif edilən dəyişikliklərin mütləq əksəriyyəti sahibkarlığın dəstəklənməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və iqtisadi fəallığın stimullaşdırılmasına yönəlib:

“Dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə aparılan müzakirələr, eləcə də onların irəli sürdüyü təkliflər əsasında formalaşıb. Bu, vergi qanunvericiliyinin təkmilləşdirilməsində dövlət – biznes dialoquna verdiyimiz önəmin göstəricisidir”.

Orxan Nəzərli deyib ki, vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm yeniliklərdən biri yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiqi ilə bağlıdır:

“Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır. Aparılmış təhlillər və hazırlıq işləri nəticəsində artıq bu mexanizmin praktik tətbiqinə keçid üçün imkanlar formalaşıb. Beləliklə, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə
tutulur”.

Elşad,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir