Prezidentin təltif etdiyi generallarla bağlı MARAQLI FAKTLAR

Prezidentin təltif etdiyi generallarla bağlı MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova “general-leytenant”, polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə və Telman Əsgər oğlu Hüseynova “general-mayor” ali hərbi rütbəsi verilib.

ARANTV.AZ  təltif olunan şəxslərlə bağlı məlumatları təqdim edir:

Telman Hüseynov Vətən müharibəsi zamanı 2-ci Ordu Korpusunun kəşfiyyat şöbəsinin rəisi vəzifəsində xidmət edib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdiyi xüsusi xidmətlərə və döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi qəhrəmanlığa görə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

2010-cu il iyunun 24-də “Vətən uğrunda” medalı ilə təltif edilib. Həmin vaxt mayor rütbəsində olub.

Həmçinin Cəbrayıl, Füzuli, Qubadlı və Ağdamın azad olunmasına görə medallara layiq görülüb.

2024-cü il fevralın 2-də “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Hərbi fəaliyyəti dövründə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışıb. 2026-cı il iyulun 8-də isə Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təsdiqlənib.

Elnur Ələsgərli Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektorudur. O, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur.

2023-cü ildə Müdafiə Nazirliyinin nəşr etdiyi “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalında elmi məqaləsi dərc olunub. Həmçinin 2024-cü ildə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırladığı “Müasir təhlükəsizlik mühitində strategiya modeli” adlı dissertasiya işinin avtoreferatı nəşr edilib.

2024-cü il iyunun 21-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsinin icrası polkovnik Elnur Ələsgərliyə həvalə olunub.

Prezident İlham Əliyevin 2024-cü il iyunun 25-də imzaladığı Sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

2026-cı il fevralın 20-də Hərbi İdarəetmə İnstitutunun yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbirdə institutun rektoru, polkovnik Elnur Ələsgərli çıxış edib.

Hikmət Əliyev 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 15-də imzaladığı Sərəncamla döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Həmin sərəncamda polkovnik-leytenant hərbi rütbəsində göstərilib.
Prezident İlham Əliyevin 2026-cı il noyabrın 7-də imzaladığı Sərəncamla Hikmət Əliyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Zaur Rüstəmov Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 8 Noyabr – Zəfər paradında təyyarəçilərə rəhbərlik edib.

2022-ci ilin mayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Türkiyənin “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktarı MiQ-29 qırıcı təyyarəsində müşayiət edib.

Prezident İlham Əliyevin 2022-ci il iyunun 25-də imzaladığı Sərəncamla Zaur Rüstəmova “general-mayor” ali hərbi rütbəsi verilib.

O, 2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri vəzifəsinə təyin edilib.

2020-ci ildə “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. 2025-ci il iyunun 25-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb./yenisabah/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir