“8 Noyabr – Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığını bütün dünyaya nümayiş etdirən tarixi hadisənin rəmzidir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan xalqının müasir tarixində ən ağrılı və faciəli hadisələrdən biri Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz və torpaqlarımızın işğalı olub:
“XX əsrin sonlarında baş verən bu hadisələr nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınıb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə ciddi ziyan vurulub. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmin edilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının reallaşdırılması idi. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu və beynəlxalq diplomatik fəaliyyət gələcək tarixi Zəfərin əsasını təşkil edib. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan müharibənin yeni mərhələsi başladı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlar həyata keçirərək işğal altında olan torpaqlarımızın azad edilməsinə başladı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq, yüksək döyüş hazırlığı, peşəkarlıq və Vətənə sədaqət nümayiş etdirdilər. Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması, strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusunun gücünü və üstün döyüş qabiliyyətini ortaya qoydu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və hərbi qüdrətinin tarixi təntənəsinə çevrildi”.
Pərvanə Vəliyeva qeyd edib ki, Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi olub:
“Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində, ədəbiyyatında və milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Şuşanın işğaldan azad edilməsi böyük hərbi-strateji əhəmiyyətlə yanaşı, müstəsna mənəvi və tarixi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi həm də Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi oldu. Bu qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məğlubiyyətini etiraf etməsinə və 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasına gətirib çıxardı. Azərbaycan xalqının qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu qərar xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının əbədiləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın tarixi Zəfəri işğaldan azad edilmiş ərazilərimizdə yeni quruculuq və inkişaf mərhələsinin başlanmasına şərait yaratdı:
“Azərbaycan dövləti qələbədən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyə başladı. Yolların, tunellərin, körpülərin, hava limanlarının, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin tikintisi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının bərpasına xidmət edir. Doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların mərhələli şəkildə öz yurdlarına qayıtması-Böyük Qayıdış prosesi Zəfərin ən mühüm humanitar nəticələrindən biridir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, sosial və iqtisadi obyektlər istifadəyə verilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının dalğalanması dövlətimizin suverenliyinin, milli iradəsinin və tarixi Zəfərinin əyani təcəssümüdür. Azərbaycanın əsas məqsədlərindən biri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Zəfər yalnız hərbi qələbə deyil, həm də ölkəmizin gələcək inkişafı, regional əməkdaşlıq və beynəlxalq mövqelərinin gücləndirilməsi üçün yeni tarixi mərhələnin başlanğıcıdır”.
Nigar Həsənli
Musavat.com

