9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

 

Ümummilli Lider Heydər Əliyev

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq iradəsini, milli kimliyini, dövlət müstəqilliyini və tarixi varisliyini özündə əks etdirən ən mühüm dövlət atributlarından biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü milli dövlətçilik ənənələrimizə ehtiramın, müstəqilliyimizə bağlılığın və Vətənə sədaqətin ifadəsidir.

Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilən Dövlət Bayrağı həmin gün Nazirlər Şurasının binası üzərində ucaldılmışdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayraq 1920-ci ilin aprel ayınadək Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olmuşdur. Bayrağın rənglərində ifadəsini tapan türkçülük, müasirlik və islamçılıq prinsipləri görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin formalaşdırdığı milli istiqlal ideologiyasının əsasını təşkil etmişdir. Bu prinsiplər xalqımızın milli köklərini, mənəvi dəyərlərini və müasir inkişaf istiqamətini özündə birləşdirir.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, onun ifadə etdiyi müstəqillik ideyası xalqımızın yaddaşında yaşamaqda davam etmişdir. Uzun illərdən sonra milli dövlətçilik rəmzimizin yenidən ucaldılması istiqamətində mühüm tarixi addım Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə atılmışdır. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də qərar verilmişdir. Bu qərarlar sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə milli müstəqillik düşüncəsinin siyasi müstəvidə ifadəsi və gələcək dövlət müstəqilliyinə aparan yolun mühüm başlanğıcı idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu tarixi təşəbbüsü ümumrespublika səviyyəsində də mühüm dəyişikliklərə təkan vermişdir. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın ölkənin rəsmi dövlət rəmzi kimi tanınması məsələsini qaldırmış, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti müvafiq qanun qəbul edərək həmin bayrağı yenidən Dövlət Bayrağı elan etmişdir. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik yadigarı rəsmi statusunu bərpa etmişdir. Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmiş, Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərinə sahib çıxmışdır. Beləliklə, 1918-ci ildə qəbul edilən üçrəngli bayrağımız müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi yenidən tarixdə öz layiqli yerini tutmuşdur.

Dövlət Bayrağının hüquqi statusu və təsviri Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik aktları ilə müəyyən olunur. Konstitusiyanın 23-cü maddəsinə əsasən, Dövlət Bayrağı Azərbaycanın dövlət rəmzlərindən biridir. Bayraq eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir. Yuxarıdakı mavi zolaq türk mənşəyimizi və milli kimliyimizi, ortadakı qırmızı zolaq müasirliyi, inkişafı və demokratiya arzularını, aşağıdakı yaşıl zolaq isə islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Qırmızı zolağın mərkəzində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Onun təsviri 2018-ci il noyabrın 2-də qəbul edilmiş Konstitusiya Qanunu ilə dəqiq hüquqi çərçivəyə salınmışdır.

Dövlət rəmzlərinə ehtiram göstərilməsi hər bir Azərbaycan vətəndaşının konstitusion vəzifəsidir. Konstitusiyanın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş ölkənin bayrağına, gerbinə və himninə hörmət etməlidir. 2004-cü il iyunun 8-də qəbul edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun isə bayrağın qaldırılması, yerləşdirilməsi və istifadəsi ilə bağlı tələbləri müəyyən etmişdir. Bu yanaşma dövlət atributlarına hörmətin yalnız rəsmi mərasimlərlə məhdudlaşmadığını, həm də vətəndaşlıq məsuliyyətinin və milli tərbiyənin mühüm tərkib hissəsi olduğunu göstərir.

Dövlət Bayrağının cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi və onun təbliği istiqamətində həyata keçirilən tədbirlərdən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması olmuşdur. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncam əsasında yaradılan meydanın təntənəli açılışı 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Burada Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da açılmışdır. Muzeydə Azərbaycanın müxtəlif tarixi dövrlərində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqları, eləcə də ölkəmizin zəngin dövlətçilik tarixini əks etdirən eksponatlar nümayiş etdirilmişdir.

2024-cü il noyabrın 8-də yenidən qurulan Dövlət Bayrağı Meydanının açılışı keçirilmiş və Prezident İlham Əliyev burada Azərbaycan bayrağını ucaltmışdır. Həmin vaxtdan meydanda dünyanın ən böyük bayrağı dalğalanır. Yenilənmiş Dövlət Bayrağı Muzeyində Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan “Zəfər qalereyası” da yaradılmışdır. Burada işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılmasını əks etdirən fotolar, eləcə də Xankəndidə keçirilmiş hərbi parada dair materiallar nümayiş olunur. Muzeyin ekspozisiyası xalqımızın qədim dövlətçilik keçmişini, müstəqillik tarixini və müasir Azərbaycanın inkişaf yolunu əhatə edir.

Dövlət rəmzlərinin əhəmiyyətini əks etdirən digər mühüm addımlardan biri də “Azərbaycan Bayrağı” ordeninin təsis edilməsidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il dekabrın 6-da imzaladığı qanunla təsis edilən bu orden Azərbaycanın dövlətçilik ənənələrinə, milli maraqlarına və ölkənin inkişafına xidmət edən şəxslərin təltif olunması üçün nəzərdə tutulmuşdur.

Müstəqil Azərbaycanın dövlətçilik tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər üçrəngli bayrağımızın mənasını daha da ucaltdı. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Dövlət Bayrağının qaldırılması xalqımızın çoxəsrlik müstəqillik arzusunun gerçəkləşməsinin rəmzinə çevrildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında və digər azad edilmiş ərazilərdə bayrağımızın dalğalanması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını nümayiş etdirdi.

Prezident İlham Əliyevin hələ 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında səsləndirdiyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” fikri bu gün reallığa çevrilmişdir. Artıq üçrəngli bayrağımız Xankəndidə, Şuşada və azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Xankəndidə keçirilən hərbi parad və həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri tarixi Qələbəmizin nəticələrinin dönməzliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın keçmişini, bu gününü və gələcəyə olan inamını birləşdirən müqəddəs rəmzdir. Onun hər bir dalğalanışı müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin ifadəsidir. Bayrağımızı qorumaq, onun ucalığını daim yaşatmaq, dövlətçilik dəyərlərini gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Bu gün ən böyük qürurumuz üçrəngli bayrağımızın müstəqil Azərbaycanın bütün ərazilərində azad və əbədi dalğalanmasıdır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir