Avropanın ən böyük enerji istehlakçısı olan Almaniyada təbii qaz anbarlarının doluluq səviyyəsinin tarixi minimum həddə enməsi qarşıdan gələn qış mövsümü ərəfəsində enerji təchizatının təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
ARANTV.AZ xəbər verir ki, Almaniyada qaz və hidrogen anbarlarının operatorlarını təmsil edən Almaniya Qaz Anbarları Təşəbbüsü (INES) qışın həddindən artıq soyuq keçəcəyi təqdirdə ölkədə təbii qaz qıtlığı yarana biləcəyi barədə xəbərdarlıq edib.
INES anbarların doluluq səviyyəsinin 61 faiz olduğunu açıqlayaraq bu göstəricini “tarixi minimum səviyyə” kimi qiymətləndirib.
Təşkilatın yeni modelləşdirmələrinə görə, qışın son dərəcə sərt keçməsi halında 2027-ci ilin yanvar, fevral və mart aylarında hər ay 6,6 teravatsaata qədər təbii qaz çatışmazlığı yarana bilər. Bu həcmdə çatışmazlıq Almaniyanın qış aylarındakı ümumi qaz istehlakının təxminən 1,5 günlük göstəricisinə bərabərdir.
Şiddətli şaxtaların müşahidə olunduğu ssenaridə yanvar ayının bəzi günlərində tələbatla mövcud qaz həcmi arasındakı fərq 1,7 teravatsaata qədər yüksələ bilər.
Bu miqdar 2026-cı ilin yanvar ayında qeydə alınan orta gündəlik qaz istehlakının təxminən 40 faizinə bərabərdir. Modelləşdirmədə 2010-cu ildəki kimi qeyri-adi dərəcədə soyuq qışın yaşana biləcəyi ehtimalı əsas götürülüb.
Bununla belə, INES belə ekstremal hava şəraitinin başvermə ehtimalının aşağı olduğunu, normal və ya mülayim temperatur şəraitində qaz təchizatının təhlükəsiz qalacağını da bildirib.
INES təbii qaz ehtiyatlarının toplanmasını təşviq edəcək maliyyə stimullarının tətbiqini, anbarlardan istifadənin qanunla məcburi edilməsini və ya dövlət nəzarətində qaz ehtiyatı yaradılmasını tələb edir.
SEFE, Uniper və VNG də daxil olmaqla, 17 iri operatoru birləşdirən INES Almaniyanın qaz saxlama tutumunun 90 faizindən çoxunu təmsil edir. Anbar operatorlarının obyektlərdən istifadə səviyyəsinin artırılmasında kommersiya maraqları da var. Çünki onlar mövcud saxlama tutumlarının bazara çıxarılmasından gəlir əldə edirlər.
INES-in baş direktoru Sebastyan Haynermann bildirib:
“Bizim ssenarilərimiz Almaniyada enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün qaz anbarlarının kifayət qədər dolu olmasının vacibliyini açıq şəkildə göstərir. Yalnız mövcud boru kəmərləri və LNG terminalları vasitəsilə həyata keçirilən idxal soyuq qış günlərində pik həddə çatan yüksək istehlakı qarşılamaq üçün kifayət etməyəcək. Anbarlardakı qaz səviyyəsinin aşağı olması təchizat təhlükəsizliyi üçün ciddi risk yaradır. Almaniyaya qış mövsümü üçün kifayət qədər qaz ehtiyatının saxlanmasını iqtisadi baxımdan mümkün edəcək və buna məcburi təminat verəcək etibarlı, uzunmüddətli çərçivə lazımdır”.
Digər tərəfdən, Almaniyanın enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyi (Bundesnetzagentur) əlavə idxal imkanlarını əsas gətirərək qaz təchizatında ciddi gərginlik yaranması riskini hazırda “aşağı” qiymətləndirir. Qurum Almaniyanın artıq qaz anbarlarının doluluğu ilə bağlı hədəflərə çatmaqdan tam asılı olmadığını bildirir.

