“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edən, xalqın iradəsini, milli maraqlarını və demokratik inkişaf prinsiplərini özündə birləşdirən ali hüquqi sənəddir. O, dövlət hakimiyyətinin təşkili və fəaliyyət mexanizmini müəyyənləşdirməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının, cəmiyyətdə qanunun aliliyinin təmin edilməsinin başlıca təminatıdır. Noyabrın 12-də qeyd olunan Konstitusiya Günü Azərbaycan dövlətçiliyinin inkişafında mühüm tarixi mərhələnin əhəmiyyətini bir daha xatırladır.
Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməsə də, milli dövlətçilik ideyalarının formalaşması və müstəqillik ənənələrinin yaranması baxımından mühüm tarixi irs qoymuşdur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmiş, sonrakı illərdə SSRİ-də baş verən siyasi və hüquqi dəyişikliklərlə əlaqədar 1925, 1927 və 1937-ci illərdə yeni redaksiyalarla əvəzlənmişdir.
Konstitusiya tariximizdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi olmuşdur. Həmin sənədin hazırlanması zamanı Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlətçilik düşüncəsinin qorunması baxımından mühüm addım idi. Bu qərar xalqımızın milli-mənəvi dəyərlərinə və ana dilinə verilən yüksək qiymətin bariz ifadəsi idi.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə Azərbaycanın qarşısında yeni siyasi və hüquqi sistemin formalaşdırılması vəzifəsi dayanırdı. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmə böhranı və qanunçuluğun zəifləməsi bu istiqamətdə zəruri addımların atılmasına imkan vermirdi. Yalnız 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğunun davam etdirilməsi üçün zəruri şərait yaradıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyasının fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Həmin ayın 27-də qüvvəyə minən Əsas Qanun ölkəmizin müasir hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Konstitusiyanın qəbul edildiyi günün əlamətdar tarixi nəzərə alınaraq, Ulu Öndərin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.
Yeni Konstitusiya dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qolları arasında bölünməsi prinsipini təsbit etdi, demokratik idarəetmənin hüquqi əsaslarını müəyyənləşdirdi. Sənəddə dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyinin təmin edilməsi əsas məqsədlər kimi müəyyən olundu. İnsan hüquq və azadlıqlarının geniş şəkildə təsbit edilməsi, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması Konstitusiyanın mühüm üstünlüklərindəndir. Onun 48 maddəsinin bilavasitə insan hüquqlarına və bu hüquqların təminatlarına həsr edilməsi dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarının qorunması olduğunu nümayiş etdirir.
Konstitusiyanın qəbulundan sonra ölkənin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm institusional islahatlar həyata keçirildi. 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin təmin olunmasında, Əsas Qanunun müddəalarının qorunmasında və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində əhəmiyyətli mərhələ oldu.
Ölkədə baş verən sosial-iqtisadi və siyasi dəyişikliklər, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsi zərurəti Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini də şərtləndirdi. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları nəticəsində Əsas Qanuna bir sıra mühüm dəyişikliklər edildi. Xüsusilə 2016-cı il referendumundan sonra idarəetmə sistemində Birinci vitse-prezidentlik institutu təsis olundu. Həyata keçirilən dəyişikliklər dövlət idarəçiliyinin çevikliyinin artırılmasına, hüquqi mexanizmlərin müasirləşdirilməsinə və insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət etdi.
Müstəqil Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsiplərinin real həyatda təcəssümüdür. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin olundu. Bu tarixi reallıq dövlət müstəqilliyinin və milli suverenliyin möhkəmləndirilməsi baxımından yeni mərhələnin əsasını təşkil etdi.
Məhz bu tarixi nailiyyətləri, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin beşinci ildönümünü nəzərə alan Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyanın dövlət həyatındakı rolunun, suverenliyin və ərazi bütövlüyünün əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Həmçinin 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi Əsas Qanunun hazırlanması, təkmilləşdirilməsi, təbliği və konstitusion prinsiplərin qorunması sahəsində xidmətlərin qiymətləndirilməsinə yönəlmiş mühüm addım oldu.
Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suveren hüquqlarına, milli maraqlarına və Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanaraq inkişaf yolunu inamla davam etdirir. Əsas Qanun dövlətin gələcək inkişaf istiqamətlərini müəyyən edən, cəmiyyətin hüquqi şüurunun yüksəldilməsinə, vətəndaş məsuliyyətinin gücləndirilməsinə və demokratik dəyərlərin möhkəmləndirilməsinə xidmət edən fundamental sənəd olaraq öz əhəmiyyətini qoruyur.
Konstitusiya yalnız hüquqi normaların məcmusu deyil, həm də müstəqil dövlətimizin siyasi iradəsinin, milli birliyinin və gələcəyə baxışının ifadəsidir. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara əməl etmək və hüquqi dövlət prinsiplərini gündəlik fəaliyyətimizdə rəhbər tutmaq hər bir vətəndaşın məsuliyyətidir. Noyabrın 12-si bu baxımdan təkcə tarixi bir gün deyil, həm də müstəqilliyimizin hüquqi təminatlarına, dövlətçiliyimizin möhkəm təməllərinə və gələcək nəsillər qarşısında məsuliyyətimizə ehtiramın ifadəsidir.
