Milli Məclisin birgə komitələrində hökumət üzvlərinin iştirakı ilə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir.
Musavat.com-un məlumatına görə, iclasda iqtisadiyyat nazirinin müavini Azər Bayramov çıxış edib. “Müzakirələrdə həmkarlarımızın da qeyd etdiyi kimi, neftin qiyməti üzrə ehtiyatlı yanaşma əsas götürülüb: baza ssenaridə neftin qiyməti barel üçün 65 ABŞ dolları qəbul edilib”, deyə, nazir müavini bildirib. A.Bayramov əlavə edib ki, 2027-ci ildə iqtisadi artımın 2,7%, 2027–2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır: “2030-cu ilədək qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 82%-ə, adambaşına Ümumi Daxili Məhsulun isə 9600 ABŞ dollarına çatacağı gözlənilir. Bu proqnozlar 2027-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin əsasını təşkil edir”.

İqtisadiyyat nazirinin müavini bildirib ki, cari ilin 10 ayında Ümumi Daxili Məhsul 1,7%, qeyri-neft-qaz sektoru isə 2,9% artıb. Artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub və sektorda artım ilin sonlarına doğru sürətlənməkdədir: “Qlobal çağırışlara uyğun olaraq, qeyri-neft-qaz sektorunun özünün də strukturu dəyişir: aparıcı mənbələr artıq qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlərdir. Bu dövrdə qeyri-neft-qaz sənayesi 5,9%, nəqliyyat 10,2%, informasiya və rabitə 9,9% artıb”.
Azər Bayramov ixracın strukturunun və coğrafiyasının genişləndiyini də vurğulayıb: “Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb, bunun 60%-dən çoxu sənaye məhsullarıdır. Daxili bazarın məhdud həcmi nəzərə alınaraq müəssisələrin daha çox xarici bazarlara istiqamətlənməsi iqtisadi siyasətin mühüm vəzifələrindəndir”.
Nazir müavini qeyd edib ki, iqtisadi siyasət prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyanın və məşğulluğun aparıcı qüvvəsi olması daima diqqət mərkəzində saxlanılıb: “Özəl sektorun inkişafı istiqamətində görülən işlər öz müsbət nəticələrini yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, istehsalın və ixracın genişlənməsində göstərib”.
İqtisadiyyat nazirinin müavini Ələt Azad İqtisadi Zonasının sahibkarlara əlverişli biznes mühiti təqdim etdiyini də söyləyib: “Gələn ildən bu zonada istehsal olunan, təsdiq edilmiş siyahıya daxil olan Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək. Zonanın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər istehsal və ixrac potensialını artıracaq”.

A.Bayramov deyib ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə bu ilin 10 ayı ərzində 110-dan çox gənc sahibkara 6 mln. manatdan çox kredit ayrılıb: “Bu kreditlər hesabına sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı, xidmət, turizm kimi sahələrdə layihələr icra edilib. Həmçinin insan kapitalının inkişafı məqsədilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi beynəlxalq platformalarla əməkdaşlıq çərçivəsində təlimlər təşkil edir”. O həmçinin qeyd edib ki, dünyanın aparıcı şirkətləri ilə məlumat mərkəzləri və süni intellekt infrastrukturu üzrə strateji tərəfdaşlıq yüksək ixtisaslı gənc mütəxəssislər üçün yeni imkanlar açır.“Turizm, yaradıcı sənayelər və idman xidmət ixracının perspektivli istiqamətləridir. Beynəlxalq idman və mədəni tədbirlər ölkənin tanıdılması ilə yanaşı, turist axınını, mehmanxana, nəqliyyat və iaşə xidmətlərinə tələbi artırır, kiçik və orta sahibkarlar üçün əlavə sifarişlər yaradır. Qarşıdakı dövrdə məqsəd bu tədbirlərin yaratdığı effekti davamlı turizm axınına və xidmət ixracına çevirməkdir”, nazir müavini əlavə edib.
E.Paşasoy,
Musavat.com

