Gənclər alim olmaq istəmir – baş dolu, cib isə…

Gənclər alim olmaq istəmir – baş dolu, cib isə…

Alim olmaq istəyən gənclərin qarşısında imtahan və dolanışıq səddi

Ölkəmizdə 30 yaşadək gənc tədqiqatçıların sayının cəmi bir il ərzində 30.9 faiz azalması elmimizin gələcəyi ilə bağlı ciddi suallar yaradır. 2024-cü ildə elmi tədqiqat müəssisələrində çalışan gənc tədqiqatçıların sayı 1 818 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 1 257 nəfərə düşüb. Halbuki eyni dövrdə ölkə üzrə tədqiqatçıların ümumi sayında artım qeydə alınıb. Bəs bu ziddiyyət nə ilə bağlıır? Bu tendensiya gələcəkdə ölkənin elmi potensialına necə təsir göstərə bilər və vəziyyətdən çıxış yolu nədədir?

Təhsil eksperti İlqar Orucov “Kaspi”yə deyib ki, statistikada əks olunan kəskin azalma təkcə gənclərin elmə marağının azalması ilə izah oluna bilməz. Onun fikrincə, bu, bilavasitə elmi müəssisələrin təklif etdiyi iş şəraiti, iqtisadi stimullaşdırma mexanizmləri və karyera perspektivləri ilə bağlı yanlış yanaşmaların obyektiv nəticəsidir. Ekspert hesab edir ki, ciddi azalmanın arxasında dayanan əsas sosial-iqtisadi səbəbləri bir neçə mühüm amillə xarakterizə etmək olar.

Qeyd edək ki, gənc mütəxəssis uzun illər təhsil alır, magistratura və doktorantura mərhələlərindən keçir. Lakin elmi fəaliyyətə başladıqda əldə etdiyi gəlir bəzən onun gözləntilərini və gündəlik ehtiyaclarını qarşılamır. Dünya Bankının Azərbaycan elmi sistemi ilə bağlı təhlilində tədqiqatların maliyyələşdirilməsinin ÜDM-dəki payının 2005-ci ildəki 0,23%-dən 2022-ci ildə 0,13%-ə düşdüyü göstərilir.

Bu, laboratoriyaların yenilənməsi, müasir avadanlıqların alınması və yeni tədqiqat layihələrinin həyata keçirilməsi üçün imkanları məhdudlaşdıra bilər. Xarici universitetlərdə daha yaxşı tədqiqat infrastrukturu, qrant imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri gəncləri cəlb edir. Burada əsas məsələ gənclərin xaricdə təhsil alması deyil, onların əldə etdikləri bilik və təcrübəni Azərbaycanda tətbiq etmək imkanlarının kifayət qədər olmamasıdır.

O zaman problemin yeganə səbəbi gəlirlərin cəlbedici olmamasıdırmı?

5 mindən çox ibtidai sinif müəllimi sistemdən kənarda qalıb' - Məzahir  Məmmədli | Qaynarinfo.az

Məzahir Məmmədli

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “Yeni Müsavat”a danışıb.  Ekspert hesab edir ki, gənclərin elmə marağının azalmasının əsas səbəblərindən biri bu sahədə motivasiyanın və sosial təminatın yetərli olmamasıdır: “Ölkədə gənclərin, xüsusilə də 30 yaşadək şəxslərin elmə, təhsilə və tədqiqat fəaliyyətinə yönəlməməsinin bir neçə səbəbi var. Birincisi, gənclər üçün kifayət qədər motivasiya yoxdur. Əgər onların elmi fəaliyyət sahəsində qazandıqları nailiyyətlərə görə güzəştli mənzil və ipoteka şərtləri, digər imtiyazlar tətbiq olunsa, eləcə də əməkhaqları artırılsa, ölkədən getmək barədə düşünməz, burada qalaraq fayda verməyə çalışarlar.

Təkcə Almaniyada tibbi təhsil almaq üçün ölkədən gedən 2600 gəncin olduğu bildirilir. Bu, son iki ilin statistikasıdır. Son məlumatlara görə isə, hələ təsdiqlənməmiş rəqəmlər əsasında bu sayın 3000-ə çatdığı deyilir. İndi təsəvvür edin, ölkə olaraq həkim çatışmazlığından əziyyət çəkirik, amma istedadlı həkimlərimiz Almaniyada fəaliyyət göstərirlər. Mən yalnız Almaniyanı nümunə gətirirəm. Türkiyədə və digər ölkələrdə də xeyli sayda belə mütəxəssisimiz var. Məsələnin mahiyyəti burada aydın görünür. Həmin həkimlər istedad və bacarıqlarına görə xaricdə baş həkimdən şöbə müdirinə qədər müxtəlif vəzifələrdə çalışırlar”.

Məzahir Məmmədli gənclərin elmi fəaliyyətə yönəlməsinə mane olan digər amillərdən biri kimi ali təhsilin müxtəlif pillələrindəki qəbul qaydalarını göstərib: “Burada bir neçə istiqamət üzrə problemlər mövcuddur. Məsələn, tədqiqatçı olmaq istəyən şəxs əvvəlcə bakalavr, sonra magistratura və doktorantura pillələrindən keçməlidir. Gəlin görək, bakalavr pilləsinə qəbul zamanı hansı problemlərlə qarşılaşırıq. İmtahan suallarının çətinliyi və ali təhsilə qəbulun hər kəs üçün əlçatan olmaması gənclərin qarşısında ilk maneələrdən biridir. Növbəti mərhələ magistraturadır. Bilirsiniz ki, magistraturaya qəbul qaydaları kifayət qədər sərtdir. Məsələn, 100 mümkün balın 50-si məntiqi sualların payına düşür. Əgər tələbə vaxtında məntiq dərsi keçməyibsə, bakalavr təhsili dövründə bu fənni cəmi bir semestr öyrənibsə, 50 məntiq sualına necə cavab verə bilər? Bundan əlavə, 25 bal informatika, 20 bal xarici dil bilikləri üzrə, 5 bal isə xarici dil üzrə digər tapşırıqlara ayrılır. Üstəlik, 2027-ci tədris ilindən etibarən daha sərt qaydaların tətbiqi nəzərdə tutulur. Artıq xarici dil üzrə danışıq bacarıqları da qiymətləndiriləcək. İndi düşünək: Azərbaycanda tarix və ya ədəbiyyat sahəsində fəaliyyət göstərmək, elmi yaradıcılığını inkişaf etdirmək, tədqiqat aparmaq istəyən bir şəxsin mütləq ingilis dilini bu səviyyədə bilməsinə nə dərəcədə ehtiyac var? Əlbəttə, tədqiqat zamanı arxivlərdə işləmək və xarici mənbələrdən istifadə etmək üçün müəyyən xarici dil bilikləri vacibdir. Lakin yaxın ölkələrin dillərini və tədqiqat üçün zəruri olan digər dilləri bilmək də bir çox hallarda kifayət edə bilər. Biz isə bu məsələdə də müəyyən çətinliklər yaradırıq. Nəhayət, doktorantura mərhələsi gəlir. Bu pillədə də Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi kifayət qədər mürəkkəb və çətin imtahanlar gənclərin qarşısında keçilməsi çətin bir sədd yaradır. Nəticədə onlar bu istiqamətə maraq göstərmirlər. Halbuki bu, problemin yalnız birinci mərhələsidir”.

Ekspertin fikrincə, digər məsələ gənc tədqiqatçılar üçün lazımi şəraitin yaradılmasıdır: “Onlar ailələrinin dolanışığını təmin etməlidirlər, yoxsa tədqiqat aparmaq üçün arxivlərə pul xərcləməli, səfərlərə çıxmalı, eyni zamanda ailələrinin ehtiyaclarını qarşılamalıdırlar? Bu səbəbdən gənclər üçün tədqiqat aparmaq, yeniliklər axtarmaq artıq arxa plana keçir.

İstedadlı gənclər isə öz potensiallarını xaricdə sınamağa üstünlük verirlər. Çünki burada onları uğurlu karyera perspektivinin gözləmədiyini düşünürlər. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında əməkdaşların orta yaşı 60-ı, hətta 70-i keçir, ali təhsil müəssisələrində isə 50-dən yuxarıdır. Demək olar ki, gənc nəsil artıq bu sahəyə maraq göstərmir. Bütün bunlar sadaladığım problemlərlə bağlıdır. Məncə, səbəb təkcə əməkhaqlarının aşağı olması deyil. Qəbul qaydaları, gənc tədqiqatçıların fəaliyyət imkanları, sosial təminat və elmi inkişaf üçün yaradılan şərait də bu prosesdə mühüm rol oynayır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir