“12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçilik tariximizin ən mühüm siyasi və hüquqi nailiyyətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun xalqımızın müstəqil, suveren və qüdrətli dövlət qurmaq iradəsinin hüquqi ifadəsi olmaqla Azərbaycanın gələcək inkişafının fundamental əsaslarını müəyyənləşdirdi”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, Konstitusiyanın tarixi əhəmiyyəti, ilk növbədə, onun qəbul edildiyi dövrün mürəkkəb siyasi reallıqları ilə bağlıdır: “Dövlət müstəqilliyimizin ciddi sınaqlarla üzləşdiyi, ölkədə siyasi sabitliyin və dövlət institutlarının möhkəmləndirilməsinə böyük ehtiyac duyulduğu bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişafına xidmət edən mükəmməl hüquqi dövlətçilik modelinin əsasını qoydu. Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycanın siyasi gələcəyini müəyyən edən mühüm tarixi dövlətçilik qərarı idi. Konstitusiyanın siyasi mahiyyəti xalq hakimiyyətinin, dövlət suverenliyinin, hakimiyyət bölgüsünün, insan hüquq və azadlıqlarının ali hüquqi prinsiplər kimi təsbit edilməsində özünü göstərir. Məhz bu prinsiplər əsasında Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun institusional əsasları formalaşdırıldı, qanunun aliliyi dövlət idarəçiliyinin başlıca meyarı kimi müəyyən edildi.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin ən mühüm nailiyyətlərindən olan Konstitusiya Azərbaycanın müstəqilliyinin hüquqi təminatını yaratmaqla yanaşı, milli maraqlarımızın qorunmasına və dövlətimizin siyasi sabitliyinə xidmət edən möhkəm təməl formalaşdırdı. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Konstitusiyamızda təsbit edilmiş prinsiplərin təntənəsinin tarixi ifadəsidir. Azərbaycan suveren hüquqlarını bütün ərazisində təmin edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcək inkişaf istiqamətlərini müstəqil müəyyənləşdirən qalib dövlətdir”.

Deputatın sözlərinə görə, konstitusiyamızın ən böyük tarixi və siyasi dəyəri Azərbaycan dövlətinin müstəqilliyini, xalqımızın suveren iradəsini və milli dövlətçilik maraqlarını vahid hüquqi sistemdə birləşdirməsindədir:
“Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Konstitusiyası bu gün də dövlətimizin qüdrətlənməsinə, hüquqi institutların inkişafına və gələcək nəsillərin müstəqil, suveren Azərbaycanda yaşamaq hüququnun təmin edilməsinə xidmət edən əbədi dövlətçilik irsidir. Qoy müstəqil dövlətimiz daim qüdrətlənsin, suverenliyimiz əbədi, xalqımızın birliyi sarsılmaz, gələcəyimiz firavan olsun”.
Cavanşir Abbaslı
Musavat.com

