Həkim: “Kənd yerlərində orta tibb personalına rəsmi icazə vermək olar, amma bir şərtlə…”
Lənkəranda kişi evdə vurulan iynə nəticəsində ölüb. Hadisə Veravul kəndində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Rasim Qasım oğlu Qasımova yaşadığı evdə arvadı iynə vurub. Bu zaman R. Qasımov şok keçirərək ölüb.
Azərbaycanda tibb bacılarının fərdi qaydada və nəzarətsiz şəkildə evlərdə iynə (inyeksiya) vurmasına rəsmi icazə verilmir. Bu qayda həm pasiyentlərin təhlükəsizliyini təmin etmək, həm də qanunsuz tibbi fəaliyyətin qarşısını almaq məqsədi daşıyır. Amma göründüyü kimi, ailələrdə belə hallar yenə baş verir. Yəni vətəndaşlar xəstəxanaya müraciət etmir və evdə iynə vurmağı bacaran ailə üzvünə etibar edir. Nəticəsi isə belə faciələrə yol açır.
Təbii ki, müvafiq orqanlar bir-bir mənzilləri yoxlaya bilməz. Amma sonuncu hadisə həyatını itirən şəxsin xanımını məsuliyyət qarşısında qoyub. Bu fakt da özlüyündə bir həyəcan siqnalı olmalıdır ki, ev şəraitində iynə vuranlar sonra baş verəcək fəsada görə məsuliyyət daşıyacaqlar. Yəni bu yöndə maarifləndirməni gücləndirməyə ehtiyac var.
Məsələnin maraqlı tərəfi odur ki, qanunvericilikdə “evdə iynə vurmaq qadağandır” şəklində ümumi yasaq yoxdur. Əksinə, Azərbaycan qanunvericiliyində evdə tibbi yardımın göstərilməsi ilə bağlı müddəalar mövcuddur. Bütün hallarda, hüquq-mühafizə orqanları vətəndaşları xəbərdar etməli deyilmi?
Xatırladaq ki, ev şəraitində inyeksiya məsələsi 2025-ci ildə də gündəmə gəlmişdi. TƏBİB-in o zamankı icraçı direktoru Vüqar Qurbanovun açıqlaması müzakirələrə səbəb olmuşdu. Həmin vaxt Qurbanov bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda tibb bacılarının evlərdə iynə vurmasını yolverilməz hesab etdiyini bildirmişdi. “Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində zəruri avadanlıqlar, dərman vasitələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Gələcək planlarda bütün bölgələrdə tibb məntəqələrinin qurulması planlaşdırılır”, – deyə o qeyd etmişdi.
Bu açıqlama ictimai müzakirələrə səbəb olmuş, xüsusilə kəndlərdə tibb məntəqələrinin olmadığı şəraitdə insanların tibbi yardıma necə əlçatanlıq əldə edəcəyi sual doğurmuşdu. Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri sırasında bu açıqlama və onun ətrafında yaranan narazılıqların da olduğu barədə iddialar var.
İllərin təcrübəsinə malik həkim-pediatr Vaqif Qarayev dərman allergiyası və anafilaktik şok halları ilə bağlı Musavat.com-a açıqlamasında bunun bütün dünyada ciddi problem olduğunu deyib: “Dərman allergiyası bütün dünyanın bəlasıdır, təkcə bizim yox. Dərman vurulduqdan sonra şoka düşən xəstəyə də yazığım gəlir, onun həkiminə də. Çünki elə hallar var ki, əksər vaxtlarda həkimi də günahlandırmaq olmur.
Məsələn, anafilaktik şokun ildırımvari forması var. Bu zaman çox qısa müddətdə, bəzən saniyələr içində xəstənin təzyiqi kəskin şəkildə düşür və ürəyi dayanır. Belə bir vəziyyətdə xəstə hətta həkimin yanında, tibb müəssisəsində olsa belə, ona müdaxilə etmək, müdaxilə olunsa da, həyatını xilas etmək mümkün olmaya bilər. Qaldı ki, hansısa kənddə, ev şəraitində iynədən sonra xəstə şoka düşsün və onu kimsə həmin vəziyyətdən çıxarsın. Buna inanmaq çətindir. Bu, çox ciddi və mürəkkəb məsələdir.
Sovet dövründə şüşə şprislər vardı. Onları xüsusi sterilizatorlarda vaxtaşırı qaynadaraq sterilizə edirdilər. Xəstəxana şöbələrindən spesifik qoxu gələrdi. Həm sterilizatorların, həm də o vaxt daha çox istifadə olunan antibiotiklərin, xüsusilə penisillin və penisillin qrupuna aid preparatların özünəməxsus qoxusu olurdu. Yüksək həssaslığı olan bəzi xəstələr hətta həmin qoxudan şoka düşürdülər. Yüksək allergiya həssaslığı olanlarım hətta şprisdə iynəni görəndə belə allergiyası tutur. Vaxtilə antibiotiklərin sınaqsız vurulmaması ilə bağlı qəti tələb qoyulmuşdu. Bu, əlbəttə, düzgün yanaşmadır. Amma sınağın aparılma texnikası var. Dəridaxili sınaq aparılmalıdır, dəri altına deyil”.

Həkim qeyd edib ki, son vaxtlar şok halları ilə əlaqələndirilən seftriakson qrupuna aid antibiotiklər də var: “Bu preparatların kristalları nisbətən böyükdür. Dərman həlledici ilə normal şəkildə həll olunmadıqda kristallar qala bilər. Belə halda preparatın kiçik miqdarı dəri daxilinə vurulsa belə, həmin nahiyədə qızartı yaranacaq və sınağın nəticəsi müsbət görünəcək. Bu isə preparatın vurula bilməyəcəyi anlamına gəlir.
Digər tərəfdən, bəzən sınaq texniki baxımdan düzgün aparılır və nəticə mənfi olur, yəni heç bir reaksiya qeydə alınmır. Ancaq yüksək həssaslığı olan xəstələrdə mənfi nəticədən sonra antibiotik vurulduqda belə, yenə allergik reaksiya baş verə bilər. Məhz buna görə antibiotiklərin xəstəxana şəraitində vurulmasının tərəfdarıyam. Çünki anafilaktik şok zamanı xəstəyə saniyələr içində kömək göstərmək, təzyiqini stabilləşdirmək və həyatını xilas etmək üçün müdaxilə etmək lazımdır. Digər tərəfdən, bu məsələyə real vəziyyəti nəzərə alaraq yanaşmaq lazımdır. Mən haradasa TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin adından belə bir qadağa ilə bağlı məlumat oxumuşdum. Əslində, bu yanaşmanı dəstəkləyirəm. Çünki ev şəraitində sistem qoşulması da ciddi risklər yaradır. El arasında “sistem” adlandırdığımız prosedur mütləq xəstəxana şəraitində aparılmalıdır. Hər hansı hadisə baş verərsə, tibb işçisi dərhal müdaxilə edə bilməlidir.
Amma sirr deyil ki, həkimlər evə sistem yazırlar və bu prosedurlar evdə həyata keçirilir. Bəzən dərmanların saxlanma şəraitinə də əməl olunmur, preparatlar sistem şlanqları ilə birlikdə daşınır, lazımi tibbi qaydalar gözlənilmir. Maraqlıdır ki, bütün bu hallara baxmayaraq, əvvəlki dövrlərdə belə reaksiyalar, şok halları daha az müşahidə olunurdu. Ancaq indi başqa bir problem də var. Bir çox kəndlərdə tibb məntəqəsi yoxdur. Nə həkim, nə də tibb bacısı fəaliyyət göstərir. Tutaq ki, xəstəyə həkim tərəfindən antibiotik təyin edilib. Həmin insan yaşadığı ərazidə tibb işçisi olmadığı üçün hara müraciət etməlidir? Bu problem bir kəndlə məhdudlaşmır. Yüzlərlə kənddə, tibbi ifadə ilə desək, tibb məntəqəsi yoxdur. İnsan işini-gücünü buraxıb bütün gününü itirməli, qanunun tələbinə əməl etmək üçün rayon mərkəzinə getməlidir ki, ona orada iynə vursunlar və tibb işçisi nəzarət etsin. Bu isə xəstə üçün əlavə çətinlik yaradır”.
Vaqif Qarayev hesab edir ki, tibb işçisi olan ərazilərdə, məsələn, orta tibb personalına müəyyən sertifikat və ya rəsmi icazə vermək olar ki, onlar ev şəraitində iynə vura bilsinlər: “Amma bunun mütləq bir şərti olmalıdır: həmin tibb işçiləri anafilaktik şok zamanı xəstəyə ilkin müdaxilə etmək və onu bu vəziyyətdən çıxarmaq vərdişlərinə malik olmalıdırlar. Ümumiyyətlə, bütün tibb müəssisələrində “şok komplekti” deyilən xüsusi dəst olmalıdır. Burada anafilaktik şok zamanı istifadə edilən zəruri dərman preparatları yerləşdirilir ki, hadisə baş verdikdə dərhal müdaxilə etmək mümkün olsun. Tibb personalı da həmin preparatlardan düzgün istifadə etməyi bacarmalıdır.
Bir daha qeyd edirəm ki, bu, çox ciddi və mürəkkəb məsələdir, mütləq tənzimlənməlidir. Bu, evdə iynə vurulması nəticəsində ölüm hadisəsinin ilk nümunəsi deyil. Ən dəhşətlisi isə odur ki, bəzən iynəni xəstənin öz doğması vurur və insan həyatını itirir. Bizim mentalitetimizdə belə hadisələrdən sonra illərlə “filankəsi arvadı öldürdü” kimi fikirlər səsləndiriləcək. Halbuki həmin zavallı insanın heç bir günahı yoxdur. Ona görə də bu məsələnin həlli üçün düşünülmüş mexanizm hazırlanmalıdır”.
Afaq Mirayiq,
Musavat.com

