Dövlət başçısının hesabı hakerlərin hədəfində – Nə baş verə bilər?

Dövlət başçısının hesabı hakerlərin hədəfində – Nə baş verə bilər?

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına qarşı kiberhücumların qeydə alındığı bildirilir. Belə hücumlar təkcə hesabların ələ keçirilməsi cəhdi deyil, həm də dövlət adından saxta məlumatların yayılması, ictimai rəyin manipulyasiyası və informasiya təhlükəsizliyinin pozulması riski yaradır. Xüsusilə dövlət başçısının sosial şəbəkə hesablarının geniş auditoriyaya malik olduğunu nəzərə alsaq, belə halların mümkün nəticələri daha ciddi ola bilər. Bu hadisə dövlət rəsmilərinin rəqəmsal platformalarda təhlükəsizliyinin necə təmin edildiyi məsələsini yenidən gündəmə gətirir.

Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar hansı məqsədlər daşıya bilər? Belə hücumlar nəticəsində hesabların ələ keçirilməsi və dövlət başçısının adından saxta açıqlamaların yayılması nə dərəcədə real təhlükədir?

İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ekspert Firdovsi Qasımov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Səhər telefonu açırsınız və dövlət başçısının rəsmi səhifəsində gözlənilməz bir açıqlama görürsünüz. Məsələn, sərhəddə gərginlik yarandığı, banklarda problem olduğu, yaxud hansısa ölkəyə qarşı qəfil sərt bəyanat verildiyi bildirilir. Bir neçə dəqiqə ərzində həmin paylaşım minlərlə dəfə yayılır, ekran görüntüləri xəbər saytlarına düşür. Sonra təkzib gəlir. Amma ziyan artıq dəyib. Bu, fantastika deyil. Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına qarşı kiberhücumların qeydə alındığı barədə xəbərlər belə bir ssenarinin nə qədər real olduğunu bir daha xatırladır. Hakerlər nə istəyir? İlk baxışdan cavab sadədir: hesabı ələ keçirmək. Əslində isə hesab sadəcə vasitədir. Əsas məqsəd həmin hesabın etibarından istifadə etməkdir. Birinci səbəb dezinformasiyadır. Milyonlarla izləyicisi olan rəsmi səhifədən yayılan bir cümlə istənilən saxta saytdakı məlumatdan daha inandırıcı görünür. İnsanlar mənbəni yoxlamırlar, çünki mənbənin Prezidentin özü olduğunu düşünürlər”.

WhatsApp Image 2026-11-16 at 15.32.24.jpeg (502 KB)

Ekspert qeyd edib ki, ikincisi, ictimai rəyə təsir göstərməkdir:

“Qısa müddətə də olsa, cəmiyyətdə çaxnaşma yaratmaq, dövlət qurumlarına inamı sarsıtmaq, xarici tərəfdaşlarla münasibətlərə kölgə salmaq mümkündür. Son illərdə Azərbaycana qarşı sosial şəbəkələrdə koordinasiyalı kampaniyaların aparıldığı rəsmi səviyyədə dəfələrlə vurğulanıb. Üçüncüsü, nümayiş məqsədidir. Bəzən hücumu təşkil edənlər üçün nəticədən daha çox “biz bunu bacardıq” mesajı önəm daşıyır. Dövlət başçısının hesabına müdaxilə etmək hakerlər üçün bir növ reklam vasitəsinə çevrilir. Nəhayət, adi dələduzluq məqsədi də ola bilər. Prezidentin adından “investisiya proqramı” təbliğ edən saxta hesablar əvvəllər də olub və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bununla bağlı vətəndaşlara xəbərdarlıq edib. Real hesab ələ keçirilsə belə, fırıldaqçılıq daha çox insanı aldada bilər”.

Təhlükə nə qədər realdır?

Firdovsi Qasımov xatırladıb ki, 2020-ci ilin iyulunda o zaman “Twitter” adlanan platformada Barak Obama, Co Bayden və İlon Mask da daxil olmaqla bir sıra tanınmış şəxslərin hesablarına müdaxilə edilmişdi:

“Hücum zamanı təxminən 130 hesab müxtəlif formalarda hədəfə alınmışdı. Onların bir hissəsindən istifadəçiləri Bitkoin göndərməyə çağıran saxta paylaşımlar edilmişdi. Paylaşımlarda göndərilən məbləğin ikiqat geri qaytarılacağı vəd olunurdu. Nyu-York ştatının Maliyyə Xidmətləri Departamentinin araşdırmasına görə, dələduzlar təxminən 118 min dollar dəyərində Bitkoin əldə etmişdilər. Bu hadisə platforma əməkdaşlarının daxili sistemlərə giriş imkanlarının belə tanınmış şəxslərin hesablarının təhlükəsizliyinə təsir göstərə biləcəyini ortaya qoydu. Yəni bunun üçün texniki imkan mövcuddur. Əsas sual isə qorunmanın nə dərəcədə güclü olmasıdır. Rəsmi hesablar, adətən, bir neçə təhlükəsizlik qatı ilə qorunur: ikimərhələli təsdiqləmə, fiziki təhlükəsizlik açarları və platformalarla birbaşa əlaqə. Belə hesabı ələ keçirmək adi istifadəçinin səhifəsini oğurlamaqdan qat-qat çətindir. Ancaq zəif nöqtə çox vaxt texnologiya deyil, insandır. Hesabı idarə edən komandada kiminsə fişinq linkinə daxil olması, yaxud köhnə parolun başqa platformalarda da istifadə edilməsi kifayət edə bilər. Digər tərəfdən, saxta açıqlama yaymaq üçün hesabı sındırmaq da vacib deyil. Rəsmi səhifənin dizaynını təkrarlayan saxta ekran görüntüsü və ya süni intellekt vasitəsilə hazırlanmış video bəzən eyni effekti yarada bilir”.

Çıxış yolu nədədir?

Ekspert qeyd edib edib ki, dövlət bu istiqamətdə addımlar atır:

“Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması da bunun göstəricisidir. Lakin yalnız texniki müdafiə yetərli deyil. Rəsmi qurumların saxta məlumatlara sürətli reaksiya verməsi, aydın təkzib mexanizminin olması da çox önəmlidir. Saxta xəbər nə qədər tez təkzib olunsa, bir o qədər az yayılar. Adi istifadəçilərin də üzərinə müəyyən məsuliyyət düşür. Şok effekti yaradan hər açıqlamanı dərhal paylaşmamaq, rəsmi saytları və etibarlı xəbər agentliklərini yoxlamaq, “bu, çox qəribədir” dediyimiz məlumatlara bir qədər şübhə ilə yanaşmaq lazımdır. Sadə görünür, amma informasiya hücumlarının ən zəif nöqtəsi məhz budur, onlar insanların tələsməsinə hesablanıb”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir