“Qazın təzyiqi çatmır, istilik xətləri isə hazır deyil” – Ekspert iki qurumu “TOPA TUTDU”

“Qazın təzyiqi çatmır, istilik xətləri isə hazır deyil” – Ekspert iki qurumu “TOPA TUTDU”

Azərbaycanda noyabrın 15-dən etibarən 2026–2027-ci illərin payız-qış mövsümü üzrə istilik verilişinə başlanılıb.

Yada salaq ki, ötən il bir sıra məktəblərdə istilik sisteminin işləməməsi, sinif otaqlarının soyuq olması valideynlərin ciddi narazılığına səbəb olmuşdu. Hətta bəzi valideynlər etiraz əlaməti olaraq bir neçə gün övladlarını məktəbə göndərməmiş, uşaqların soyuq sinif otaqlarında dərs keçməsinə etiraz etmişdilər.  Bu il də havaların soyuması ilə istilik təminatında problemlərin təkrarlanacağı ilə bağlı narahatlıqlar var.

Bəs məktəblər və yaşayış binaları qış mövsümünə nə dərəcədə hazırdır?

Kommunal məsələlər üzrə ekspert Əhməd Rəhmanov Musavat.com-a bildirib ki, istilik təminatındakı problemlərin əsas səbəblərindən biri qaz təzyiqinin düzgün tənzimlənməməsi, digəri isə kommunal sahədə texniki və kadr çatışmazlıqlarıdır. Ekspertin sözlərinə görə, “Azəriqaz”ın vətəndaşlarla bağladığı müqavilələrdə də ciddi problem var: “ “Azəriqaz” müqavilə bağlayarkən qanun pozuntusuna yol verir. Mülki Məcəllədə göstərilir ki, tərəflərdən biri qanun pozuntusuna yol verərsə, həmin müqavilə etibarsız sayılır.

Sabaha ümidi olan cəmiyyətdə doğum artır” - Əhməd Rəhmanov

“Azəriqaz”ın müqaviləsində qurumun üzərinə düşən öhdəliklərdən biri qazın təzyiqi ilə bağlıdır. Lakin orada təzyiqin konkret göstəricisi deyil, “nominal” sözü yazılıb. Vətəndaş evindəki müqaviləni götürüb oxuya bilər. Orada qazın təzyiqi dəqiq göstərilmir. O deməkdir ki, “gücüm nəyə çatırsa, onu da verəcəyəm”. Bu, birinci qanun pozuntusudur”.

Onun fikrincə, ikincisi, həmin müəssisələrdə istiliyin normal təminatı üçün lazımi qaz təzyiqi olmalıdır: “Əvvəllər “Azəriqaz”da xüsusi bir qurum fəaliyyət göstərirdi. Bu qurum yeraltı və yerüstü qaz kəmərlərinə nəzarət edirdi və hər rayon üzrə fəaliyyət göstərirdi. Onların işi qaz təzyiq tənzimləyicilərini yoxlamaq idi. Küçələrdə gördüyümüz sarı rəngli qutular olurdu, həmin qurğulara gedən qazın təzyiqini yoxlayır, lazımi normaya uyğunlaşdırırdılar.
Sonradan bu sistemi ləğv etdilər və işi çox qarışıq formada başqa şöbələrin üzərinə qoydular. Təzyiqə nəzarətlə bağlı aktların tərtibi başqa bir istismar şöbəsinin öhdəliyinə verildi. Əvvəllər həmin şöbədə də bu işlə xüsusi məşğul olan əməkdaşlar var idi. İndi isə bu vəzifələr istismarın daxilindəki başqa bir şöbəyə həvalə olunub. Həmin əməkdaşlar həm xırda qəzalara, həm də qaz tənzimləyici şkaflarına nəzarət etməli olurlar”.

Əhməd Rəhmanov “Azəristiliktəchizat”ın da istilik mövsümünə tam hazır olmadığını bildirib. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri qurumun istilik xətlərinin lazımi təzyiqə davamlı olmamasıdır: “ “Azəristiliktəchizat”ın istilik verməsi üçün qaz və ya digər yanacaq təminatı olmalıdır. Ancaq qurumun özünün də ciddi problemləri var. İstilik xətləri lazımi təzyiqə davamlı deyil. “Azəristiliktəchizat” vətəndaşlarla bağladığı müqavilələrə uyğun olaraq istiliyi lazımi təzyiqlə verməyə başlasa, həm küçələrdəki borular, həm də yaşayış evlərinin daxili istilik sistemləri partlaya bilər. Çünki həmin xətlər bu təzyiqə davam gətirməyə hazır deyil. Burada digər ciddi problem kadrlarla bağlıdır. İşinin öhdəsindən gələ bilməyən, lazımi bilik və təcrübəsi olmayan şəxslər çalışırlar. İşə götürülən əməkdaşlar bir müddət sonra ixtisar edilir, onların yerinə başqa şəxslər gətirilir. Kadrların tez-tez dəyişməsi də işin keyfiyyətinə mənfi təsir göstərir”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir