Minimum əmək haqqı 500 manat olsa…

Minimum əmək haqqı 500 manat olsa…

Azərbaycanda minimum əmək haqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. Belə ki, minimum əmək haqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır.

Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihənin parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılması gözlənilir.

Azərbaycanda minimum maaş belə hesablana bilər - Yeni model gündəmdə -  Globalinfo.az

İqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a açıqlamasında bildirib ki, bu artımın iqtisadi və sosial baxımdan müəyyən zərurəti var, çünki minimum əməkhaqqı yalnız əmək bazarında ən aşağı ödəniş həddini müəyyən etmir, eyni zamanda, ölkədə sosial rifahın və gəlirlərin bölüşdürülməsinin mühüm göstəricilərindən biridir: “Lakin əsas məsələ minimum əməkhaqqının sadəcə artırılması deyil, bu artımın real alıcılıq qabiliyyətinə nə dərəcədə təsir göstərəcəyidir.

Burada bir neçə əsas amili qeyd etmək istərdim. Məlumdur ki, son iki ildə istehlak qiymətlərində yüksək artım müşahidə olunur. Xüsusilə gəlirlərinin böyük hissəsini ərzağa, kommunal xidmətlərə və gündəlik tələbat mallarına xərcləyən aşağı gəlirli ailələr qiymət artımlarını daha ciddi hiss edirlər. Bu səbəbdən minimum əməkhaqqı real iqtisadi şəraitə mütləq şəkildə uyğunlaşdırılmalıdır.

Minimum əməkhaqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-də 400 manat müəyyən edilib. Həmin tarixdən indiyədək həm istehlak qiymətləri, həm də iqtisadiyyatda nominal gəlirlər dəyişib. Belə şəraitdə minimum əməkhaqqına yenidən baxılması zəruri addımdır. Ancaq əsas diqqətçəkən məqam 25%-lik artımdır. Bu artım insanların normal yaşayış səviyyəsinin təmin edə biləcəkmi? Düşünürəm ki, minimum əməkhaqqının artırılmasını, sosial rifah probleminin tam həlli kimi təqdim etmək olmaz. Çünki nominal gəlirin 25% artması, avtomatik olaraq insanların həyat səviyyəsinin də 25% yüksəlməsi demək deyil.

Əsas məsələ gəlirin artımından daha çox, həmin gəlirlə nə qədər məhsul və xidmət almağın mümkün olacağıdır. Bakı kimi bir şəhərdə yaşayan, kirayə haqqı, nəqliyyat, ərzaq və kommunal xərclər ödəyən bir şəxs üçün bu məbləğin yüksək alıcılıq qabiliyyəti yaradacağını söyləmək çətindir. Əgər mənzilin kirayəsi, ərzaq, səhiyyə, təhsil və nəqliyyat xərcləri ailə büdcəsinin böyük hissəsini udursa, əməkhaqqının 100 manat artırılması həmin ailənin iqtisadi vəziyyətini əsaslı şəkildə dəyişməyəcək.

Bu səbəbdən məqsəd insanların yalnız nominal gəlirlərini deyil, real alıcılıq qabiliyyətini yüksəltmək olmalıdır. Digər tərəfdən, dövlətin qarşısında duran bir digər vəzifə, eyni zamanda, bazarda qiymət sabitliyini qorumaq, rəqabəti gücləndirmək, mənzil və kommunal xərclərin yükünü azaltmaq və məhsuldar məşğulluğu genişləndirmək olmalıdır.

Minimum əməkhaqqının artırılmasının kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaratması ehtimalını da gözardı etmək olmaz. Əməkhaqqı xərclərinin artması ilə əlaqədar xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinə əlavə təzyiq yarana bilər. Əgər bu yük biznesin imkanlarından yüksək olarsa, bəzi müəssisələr işçi sayını azaltmaq, iş saatlarını optimallaşdırmaq və ya qeyri-rəsmi məşğulluğa üstünlük vermək riski ilə üzləşə bilərlər. Bu baxımdan vergi və sosial sığorta yükünün optimallaşdırılması, məhsuldarlığın artırılmasına dəstək tədbirləri də əhəmiyyətlidir”.

Nigar Həsənli,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir