Azərbaycanda din xadimləri dövlət qulluğu vəzifəsi tuta bilməyəcəklər. Yeni Dövlət Qulluğu Məcəlləsinə görə, dövlət qulluqçusu işlədiyi müddətdə din xadimi olarsa, onun dövlət qulluğuna xitam veriləcək.
Məcəllə dövlət qulluğuna qəbul zamanı şəxsin din xadimi olub-olmadığının yoxlanılmasını da nəzərdə tutur.
İnzibati vəzifə tutmaq istəyən şəxsin din xadimi olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq dövlət qurumuna Elektron Hökumət İnformasiya Sistemi, EHİS vasitəsilə sorğu göndəriləcək. Sorğu yeddi iş günü ərzində cavablandırılmalıdır.
Məcəllənin 41.1.15-ci maddəsində dövlət qulluqçusunun din xadimi olması dövlət qulluğuna xitam verilməsi üçün ayrıca əsas kimi göstərilib. Beləliklə, məhdudiyyət yalnız dövlət qulluğuna yeni qəbul olunanlara aid deyil. Şəxs dövlət qulluğunda işlədiyi müddətdə din xadimi olsa belə vəzifədə qala bilməyəcək.
Bəs şəxsin din xadimi olduğu necə müəyyən ediləcək? Ümumiyyətlə, din xadimlərinin dövlət qulluğunda işləməsi hansı problemlərə yol aça bilər ki, bu məhdudiyyət tətbiq olunacaq?
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, Yeni Dövlət qulluğu Məcəlləsində din xadimlərinin dövlət qulluğu vəzifələrini tutmasına məhdudiyyət qoyulması bir sıra hüquqi və institusional məsələləri gündəmə gətirir. İlk növbədə, şəxsin din xadimi olub-olmadığının hansı meyarlarla müəyyən ediləcəyi aydınlaşdırılmalıdır.
“Burada əsas meyar şəxsin sadəcə dindar olması, dini ayinlərdə iştirak etməsi və ya dini təhsil alması deyil, peşəkar dini fəaliyyətlə məşğul olmasıdır. «Dini etiqad azadlığı haqqında» Qanuna əsasən, peşəkar dini fəaliyyətə dini tərbiyə və təhsil vermək, dini ayinləri icra etmək, moizə və xütbələr oxumaq, dindarların dini tələbatlarını ödəmək, eləcə də dini qurumların inzibati və təşkilati idarəetməsində iştirak etmək daxildir. Bu baxımdan, yalnız dini təhsil almaq və ya hər hansı dini icmaya mənsub olmaq şəxsin avtomatik olaraq din xadimi hesab edilməsi üçün kifayət etməməlidir. Şəxsin din xadimi statusunun müəyyənləşdirilməsində dini qurumların rəsmi məlumatları mühüm rol oynaya bilər. Yeni Məcəlləyə əsasən, bu məqsədlə müvafiq dövlət qurumuna Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə sorğu göndəriləcək və sorğuya yeddi iş günü ərzində cavab verilməlidir. Bununla belə, hansı məlumat bazasının əsas götürüləcəyi, dini qurumlarda qeyri-rəsmi fəaliyyət göstərən şəxslərin necə müəyyən ediləcəyi və statusla bağlı mübahisələrin hansı qaydada həll olunacağı kimi məsələlər əlavə dəqiqləşdirmə tələb edir” deyə, ekspert bildirib.
Onun sözlərinə görə, din xadimlərinin dövlət qulluğunda fəaliyyətinə məhdudiyyət qoyulmasının mümkün əsaslarından biri dövlətin dünyəvi xarakterinin qorunmasıdır. Dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərini dini baxışlara deyil, qanunvericiliyə və dövlətin maraqlarına uyğun həyata keçirməlidir. Din xadiminin eyni zamanda dövlət qulluqçusu kimi fəaliyyət göstərməsi bəzi hallarda dini fəaliyyətlə dövlət səlahiyyətlərinin bir-birinə qarışması riskini yarada bilər: “Digər mühüm məsələ vətəndaşların hüquq bərabərliyinin təmin edilməsidir. Dövlət qulluqçusu vətəndaşlara dini mənsubiyyətindən asılı olmayaraq bərabər münasibət göstərməli, dövlət resurslarından və xidməti səlahiyyətlərindən hər hansı dini baxışın təbliği və ya təşviqi məqsədilə istifadə etməməlidir: “ Eyni zamanda, din xadiminin dini icma qarşısında da müəyyən mənəvi və təşkilati öhdəlikləri ola bilər. Bu öhdəliklərlə dövlət qulluğundan irəli gələn vəzifələrin üst-üstə düşməsi potensial maraqlar toqquşmasına səbəb ola bilər. Bununla yanaşı, dövlət orqanlarının dini və siyasi neytrallığının qorunması da məhdudiyyətin mümkün əsaslandırmalarından biridir. Dövlət qulluqçusunun dini nüfuzu ilə dövlət vəzifəsindən irəli gələn səlahiyyətlərinin birləşməsi dövlət qurumlarının müəyyən dini mövqenin təmsilçisi kimi qəbul edilməsi riskini yarada bilər. Lakin bu arqumentlər bütün din xadimlərinin öz vəzifələrindən sui-istifadə edəcəyi anlamına gəlmir”.
Hüquqşünas bildirir ki, məsələnin digər mühüm tərəfi isə yeni məhdudiyyətin əvvəlki hüquqi tənzimləmədən fərqidir: “Dini etiqad azadlığı haqqında” Qanunun əvvəlki müddəalarına əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin müddətdə dayandırılırdı. Yeni Dövlət Qulluğu Məcəlləsi isə şəxsin din xadimi statusunda olmasını dövlət qulluğuna qəbul və dövlət qulluğuna xitam verilməsi üçün ayrıca hüquqi əsas kimi müəyyən edir. Beləliklə, burada yalnız dini fəaliyyətin dayandırılması deyil, şəxsin dövlət qulluğunda işləmək imkanının məhdudlaşdırılması məsələsi ortaya çıxır.
![]()
Nəticə etibarilə, dövlətin dünyəvi xarakterinin, dövlət qulluqçularının neytrallığının və vətəndaşların hüquq bərabərliyinin qorunması legitim məqsədlər hesab oluna bilər, lakin bu məqsədlərə nail olmaq üçün tətbiq edilən məhdudiyyətlər hüquqi müəyyənlik, bərabərlik və mütənasiblik prinsiplərinə uyğun olmalıdır. Xüsusilə din xadimi statusunun konkret meyarlarla müəyyən edilməsi, dini fəaliyyətini dayandırmış şəxslərin hüquqi vəziyyətinin aydınlaşdırılması və inzibati səhvlərdən müdafiə mexanizmlərinin yaradılması vacibdir. Əsas fərq ondan ibarətdir ki, şəxsin dindar olması ilə onun peşəkar dini fəaliyyət göstərən din xadimi olması eyni hüquqi anlayışlar deyil”.
Şahanə Rəhimli
Musavat.com

