Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər- RƏQƏMLƏR

Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər- RƏQƏMLƏR

Azərbaycanda əhalinin geyim və ayaqqabıya xərclədiyi vəsait milyardlarla manatla ölçülür. 2026-cı ilin yanvar-oktyabr aylarında ölkə sakinləri toxuculuq, geyim və ayaqqabı məhsullarının alınmasına 8 milyard 54 milyon manat xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Rəqəmlər geyim alışına ayrılan xərclərin kifayət qədər böyük olduğunu göstərir.

Dünya ölkələri ilə müqayisə də geyim və ayaqqabı alışına ayrılan vəsaitin iqtisadi inkişaf səviyyəsi və əhalinin alıcılıq qabiliyyəti ilə sıx bağlı olduğunu göstərir. ABŞ mənşəli beynəlxalq bazar araşdırmaları şirkəti NIQ-nin məlumatına görə, 2025-ci ilin iyununda açıqladığı araşdırmaya əsasən, 2024-cü ildə Avropanın 25 ölkəsi üzrə geyim və ayaqqabı alışına adambaşına düşən alıcılıq qabiliyyəti orta hesabla 772 avro təşkil edib. Siyahıda Lüksemburq 1777 avro ilə ilk sırada qərarlaşıb. İsveçrə 1096 avro, Norveç 1034 avro ilə növbəti yerləri tutub. Böyük Britaniyada bu göstərici 991 avro, Fransada 954 avro, İspaniyada 921 avro, Almaniyada isə 547 avro olub. Ən aşağı göstərici Rumıniyada qeydə alınıb – 375 avro.

Araşdırma göstərir ki, Avropa ölkələrində geyim və ayaqqabı alışına ayrılan vəsait arasında ciddi fərqlər var. Lakin yüksək məbləğ hər zaman insanların daha çox geyim alması demək deyil. Burada ölkələr üzrə gəlir səviyyəsi, məhsulların qiyməti və alıcılıq qabiliyyəti də mühüm rol oynayır.

Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatına görə, 2025-ci ildə geyim və ayaqqabı xərcləri Avropa İttifaqında ev təsərrüfatlarının ümumi istehlak xərclərinin 4,1 faizini təşkil edib. Bu göstərici geyim alışının Avropa ailələrinin ümumi büdcəsindəki payını əks etdirir.

İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında geyim xərclərinin artmasının səbəblərini şərh edərkən bildirib ki, bu artımı əhalinin daha çox geyim alması ilə əlaqələndirmək düzgün olmaz: “Ümumi xərclərin yüksəlməsinin əsas səbəbi qiymət artımıdır. Belə bir məlumat varmı ki, məsələn, bu gün Avropa ölkələrində insanlar geyimə bizdən daha az, yaxud MDB ölkələrində Azərbaycandan daha az vəsait xərcləyirlər? Belə bir statistikamız yoxdur. Mən əminəm ki, onların hamısı bizdən daha çox xərcləyir. Bizdə insanlar adi qaydada geyinirlər. Hesab etmirəm ki, geyimə həddindən artıq böyük vəsait xərcləyirik.

Geyim xərclərinin 4,2 faiz artmasının əsas səbəbi əhalinin daha çox paltar alması deyil, qiymətlərin yüksəlməsidir. İnflyasiyadan danışırıq. Qeyri-ərzaq sektorunda da inflyasiya var. Daşıma xərcləri artır, şəffaflaşma prosesi gedir və bütün bunlar qiymətlərin yüksəlməsinə səbəb olur. Yəni bu qədər vəsaitin geyimə yönəlməsinin səbəbi insanların geyinmək məcburiyyətində olmasıdır. Geyim də ərzaq kimi baza tələbatıdır. Əhalinin alıcılıq qabiliyyəti artmayıb, ümumi xərclərin yüksəlməsinə qiymət bahalaşması səbəb olub. İnsanlar daha çox ehtiyaclarına uyğun alış-veriş edirlər”.

Ailə büdcəsində geyimin payının nə qədər olmasına gəlincə, burada orta göstəricilərə baxmaq lazımdır. İlk növbədə ərzaq xərclərinin aşağı olması ilə bağlı məqamlar var. Geyim də, ərzaq da baza tələbatlarına daxildir. Amma geyimin xərc strukturu ərzaqdan fərqlənir. Məsələn, biz doqquz ay ərzində kiloqramı 4 dollardan ikinci əl geyim məhsulları idxal etmişik. Bunun ümumi dəyəri təxminən 3 milyon dollar olub. Həmin məhsulları da insanlar alıb geyinirlər. Bir geyim 5000, digəri 3000 dollar ola bilər. Bu baxımdan geyim xərclərini ərzaq xərcləri ilə eyniləşdirmək düzgün deyil”.

İqtisadçı qeyd edib ki, zəif inkişaf etmiş ölkələrdə əhalinin ümumi xərcləri arasında geyimin payı yüksək olur: “İnkişaf etmiş ölkələrdə isə insanlar daha çox əyləncəyə, səyahətə, sosial fəaliyyətlərə, dünyanı gəzməyə və yüksək qiymətli məhsullara vəsait ayırırlar.

Ona görə də hesab etmirəm ki, Azərbaycanda geyim xərcləri həddindən artıq çoxdur. Əhalinin sayı artır, eyni zamanda məhsulların qiyməti bahalaşır. Şəhərdə premium mağazalar olsa da, onların fəaliyyəti əsasən Bakının bir neçə küçəsi ilə məhdudlaşır. Ölkənin digər ərazilərində isə insanlar əsasən ikinci əl bazarından, Çindən və Türkiyədən gətirilən məhsullardan ala bilirlər. Bu baxımdan insanları geyimə çox pul xərcləməkdə ittiham etməyin heç bir əsasını və arqumentini görmürəm. İnsan paltar geyinməlidir, bu, onun baza ehtiyacıdır”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir