Görüşdə Qarabağda məscidlərin bərpası, Azərbaycanla Ermənistan arasında sülh prosesi və Bakıda keçirilməsi nəzərdə tutulan dinlərarası konfrans müzakirə olunub.
Noyabrın 23-də Rusiyada işgüzar səfərdə olan Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşüb.
Musavat.com-un məlumatına görə, görüşün əvvəlində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Patriarx Kirillə doğum günü münasibətilə ünvanladıqları təbrik məktubunu təqdim edib. Patriarx nümayəndə heyətindən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib.
Patriarx Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə uzun illərdir davam edən dostluq münasibətlərinin və şəxsi əlaqələrinin Azərbaycan–Rusiya münasibətləri üçün əhəmiyyətini vurğulayıb.
Qarabağda məscidlərin bərpası və sülh prosesi
Şeyxülislam bildirib ki, işğal dövründə Qarabağda dağıdılmış məscidlər bərpa olunur, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması üçün şərait yaradılır.
“Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır”, – Allahşükür Paşazadə deyib.
QMİ sədri Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflandığını və iki ölkə arasında sülh prosesinin irəlilədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu irəliləyişə baxmayaraq, erməni kilsəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn revanşist çağırışlarını davam etdirir.
Bakı 2027-ci ildə dinlərarası konfransa ev sahibliyi edəcək
Allahşükür Paşazadə bu ilin oktyabrında Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə Patriarx Kirillə məlumat verib. O, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın dini tolerantlıq ənənələrinin qorunmasına xüsusi qayğı göstərdiklərini vurğulayıb.
Şeyxülislam bildirib ki, 2027-ci ilin iyununda Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində dinlərarası konfransın təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, konfrans Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin Böyük İmamı Şeyx Əhməd ət-Tayyiblə birgə təşkil olunacaq.
QMİ sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında əlaqələndirmə şurasının yaradıldığını da qeyd edib. O, Rus Pravoslav Kilsəsinin bu prosesdə fəal rol oynadığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Daha sonra Patriarx Kirillin adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Qeyd edək ki, Patriarx Kirill 20 noyabr 1946-cı ildə anadan olub. O, 2009-cu ildən Moskva və Ümumrusiya Patriarxı vəzifəsində çalışır.
Musavat.com







