Ceyhun Bayramov: “TRIPP regionun tranzit xəritəsini dəyişəcək”

Ceyhun Bayramov: “TRIPP regionun tranzit xəritəsini dəyişəcək”

“TRIPP layihəsi barədə danışarkən, Ermənistan ərazisindən keçən 42 km-lik nəqliyyat-kommunikasiya xəttindən söhbət gedir. Bu istiqamətdə bir ildən artıq müddətdir ki, ABŞ ilə Ermənistan arasında danışıqlar aparılır, o cümlədən müvafiq şirkətin yaradılması, payların bölüşdürülməsi və bir sıra digər məsələlər müzakirə olunurdu”.

Bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında Musavat.com-un əməkdaşının sualını cavablandırarkən bildirib. Nazir diqqətə çatdırıb ki, Azərbaycan bu layihəni alqışlayır, onun qısa müddət ərzində icra olunmasını və başa çatmasını arzulayır:

“Azərbaycan üçün layihənin önəmi bir neçə məsələ ilə bağlıdır. Bilirsiniz ki, burada ölkədaxili kontekst dedikdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün əlavə imkanların əldə edilməsini nəzərdə tuturuq. İkinci məsələ isə daha geniş regional kontekstlə bağlıdır. Bu layihə, o cümlədən Şərq-Qərb dəhlizinin yeni və güclü istiqamətidir. Bu, bütün regional ölkələr üçün əlavə imkanlar yaradacaq. Burada söhbət yalnız Azərbaycan və Ermənistandan getmir, digər regional ölkələr üçün də əlavə imkanlar yaranacaq. Hesab edirik ki, ümumilikdə, bütün Cənubi Qafqaz və region ölkələri üçün əlavə üstünlüklər təmin olunacaq.

Biz haqlı olaraq qeyd edirik ki, Şərq-Qərb dəhlizindən danışırıqsa, burada böyük həcmdə yüklər, həmin yükləri göndərən və qəbul edən tərəflər var. Məsələn, bir tərəfdə Avropa İttifaqı, digər tərəfdə isə Çin və Mərkəzi Asiyanın digər ölkələri dayanır. Yəni burada böyük həcmdə yüklərdən, nəhəng layihələrdən söhbət gedir. Hər hansı marşrut seçilərkən konkret bir yol və ya marşrut deyil, bütövlükdə regionun yükdaşıma qabiliyyəti nəzərə alınır. Hesab edirik ki, alternativlər nə qədər çox olarsa, bu, ümumilikdə region üzrə marşrutlara müsbət təsir göstərəcək və əlavə yüklərin cəlb olunmasına səbəb olacaq”.

Nazir həmçinin qeyd edib ki, bu layihə ilə bağlı bir neçə il əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması məsələsi gündəmdə idi və bu prosesin başa çatması bu il gözlənilir:

“Digər tərəfdən, siz də yaxşı bilirsiniz ki, artıq qardaş Türkiyədə 224 km uzunluğunda olan Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb. Bu o deməkdir ki, TRIPP layihəsi icra olunduqda Azərbaycan öz dəmir yollarını, yeni inşa olunan dəmir yolu xətlərini Ermənistan və İran istiqamətində birləşdirir. Naxçıvan Muxtar Respublikasında mövcud olan dəmir yolu xəttinin bərpası və keyfiyyətinin artırılması istiqamətində də işlər həyata keçirilir. Eyni zamanda, Türkiyədə müvafiq layihələr icra olunur.

Bütün bunları nəzərə alsaq, artıq böyük bir regional dəhliz formalaşır. Bakı-Tbilisi-Qars dəmir yolu, oradan Qars-İğdır-Dilucu xətti bütövlükdə bu region, Cənubi Qafqaz və Şərq-Qərb dəhlizi üçün əlavə bir həlqədir. Bu həlqə ondan ibarətdir ki, ehtiyacdan asılı olaraq, yüklərin müxtəlif istiqamətlərdə asanlıqla hərəkət etməsi üçün əlavə imkan yaradır.

Təbii ki, bu və digər üstünlüklər barədə çox danışa bilərik. Hesab edirik ki, bu, artıq bölgəmizdə baş verən yeni reallıqların praktik müstəvidə həyata keçirilməsidir”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir