Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması fonunda dekabrın 23-də keçiriləcək növbəti iclasda hansı qərarın qəbul ediləcəyi maraq doğurur. Xüsusilə uçot dərəcəsinin mümkün azalmasının kommersiya banklarının kredit faizlərinə necə təsir göstərəcəyi vətəndaşları düşündürən əsas məsələlərdəndir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, növbəti iclasda uçot dərəcəsinin hazırkı səviyyədə saxlanılması daha real görünür:
“Böyük ehtimalla uçot dərəcəsi indiki səviyyədə saxlanılacaq. Lakin dəyişiklik olarsa, onun aşağı salınması mümkündür. Çünki Mərkəzi Bank inflyasiya təhlükəsinin o qədər də yüksək olmadığını hesab edir. Eyni zamanda, son dövrlərdə bankların kredit fəaliyyətini məhdudlaşdıran müəyyən qaydalar tətbiq olunub”.
Ekspertin sözlərinə görə, Azərbaycanda uçot dərəcəsinin maliyyə bazarına və kredit faizlərinə təsiri məhduddur:
“Ölkəmizdə istehlak olunan malların əhəmiyyətli hissəsi idxal edildiyindən qiymətlərin formalaşmasında xarici amillər mühüm rol oynayır. Bu baxımdan, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarları bazara ciddi təsir göstərmir. Xüsusilə kommersiya banklarının kredit faizləri uçot dərəcəsinin dəyişməsindən əhəmiyyətli dərəcədə asılı deyil”, – deyə iqtisadçı vurğulayıb.
Beləliklə, dekabrın 23-də uçot dərəcəsinin aşağı salınması barədə qərar qəbul edilsə belə, bunun kredit faizlərinin dərhal və nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacağı gözlənilmir.

