Milli Məclisin iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. Musavat.com-un məlumatına görə, komitə sədri bildirib ki, “Maraqlar toqquşması haqqında” təqdim edilən qanun layihəsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir:
“Dünya təcrübəsi göstərir ki, korrupsiya hüquqpozmalarına qarşı mübarizə yalnız o zaman səmərəli olur ki, o institusional islahatlarla tamamlansın. Əks halda, korrupsiya ilə mübarizə fraqmentar xarakter daşımaqla onun səbəblərini deyil, sadəcə nəticələrini əhatə edə bilər. Məhz bu kontekstdə möhtərəm cənab Prezident qeyd edir ki, biz struktur islahatları elə aparmalıyıq ki, korrupsiya tamamilə aradan götürülsün. Biz struktur dəyişikliklərindən və institusional islahatlardan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik. Təsadüfi deyil ki, ölkəmizdə korrupsiya ilə mübarizə son illərdə qanunvericilik bazasını, idarəetmə sistemini və qaydalarını, administrativ prosedurları, tənzimləmə rejimini, şəffaflıq reqlamentini əhatə etməklə institusional xarakter daşıyır.
Təqdim edilən layihənin də institusional məzmununu xüsusi olaraq qeyd etmək istərdim. Belə ki, qanun layihəsi preventiv, yəni önləyici xarakter daşımaqla bərabər korrupsiya ilə sistemli mübarizə üçün ciddi əsaslar yaradır”.
Komitə sədri qeyd edib ki, korrupsiya təkcə dövlət idarəetməsi və cəmiyyət üçün deyil, həm də iqtisadiyyat üçün ciddi fəsadlar doğuran “xəstəlik”dir: “Onun ən böyük fəsadı resursların səmərəsiz bölgüsünə və istifadəsinə şərait yaratmasıdır. Nə qədər təəssüf doğursa da, maraqlar toqquşması özünü daha çox iqtisadi platformada, iqtisadi müstəvidə büruzə verir.
İqtisadi baxımdan maraqlar toqquşmasının mahiyyətini çox sadə şəkildə izah edə bilərik. Belə ki, dövlətin marağı ondan ibarətdir ki, qərarlar ictimai mənafe və iqtisadi səmərəlilik əsasında qəbul edilsin. Lakin vəzifəli şəxsin özəl marağı həmin qərarın obyektivliyinə təsir göstərirsə və ya belə bir risk yaradırsa, burada maraqlar toqquşması meydana çıxır. Başqa sözlə, dövlət üçün ictimai maraqları nəzərə alan qərarla vəzifəli şəxsin özü üçün sərfəli olan qərar arasında ziddiyyət yaranır. Maraqlar toqquşmasının qarşısı alınmazsa, bu zaman risqə və son nəticədə itkilərə məruz qalan məhz dövlət olur. Bu baxımdan korrupsiya ilə mübarizənin maraqlar toqquşması müstəvisində aparılması dövlət üçün prinsipial əhəmiyyət kəsb edir”. Deputat vurğulayıb ki, digər tərəfdən belə bir yanaşma son nəticədə iqtisadi idarəetmənin keyfiyyətinin yüksəlməsinə xidmət edir: “Antikorrupsiya siyasəti ilə fiskal siyasətin əsas kəsişmə nöqtəsi büdcə vəsaitlərindən istifadənin səmərəliliyidir. Effektiv büdcə siyasəti yalnız vəsaitlərin düzgün planlaşdırılmasından deyil, həmin vəsaitlərin bölüşdürülməsi və istifadəsi zamanı qərarların obyektiv meyarlara əsaslanmasından asılıdır.
Buna görə də layihədə müqavilələrin bağlanması, qərarların qəbul edilməsi, dövlət əmlakından istifadə olunması və xüsusilə də dövlət satınalmalarında birbaşa və dolayı iştirakla bağlı mühüm məhdudiyyətlər nəzərdə tutulur. Bu müddəalar dövlət resurslarının bölüşdürülməsi zamanı şəxsi maraqların qərarvermə prosesinə təsirinin məhdudlaşdırılmasına yönəlib. Layihənin məqsədləri rəqabət siyasəti ilə də üst-üstə düşür. Bazar iqtisadiyyatının fundamental prinsiplərindən biri bütün sahibkarlıq subyektləri üçün bərabər imkanların təmin edilməsidir. Əgər iqtisadi üstünlüklər müəssisələrin məhsuldarlığına, səmərəliliyinə və rəqabət qabiliyyətinə görə deyil, inzibati əlaqələrə və şəxsi maraqlara əsasən formalaşırsa, bu, sağlam rəqabətin inkişafına mane olur. Qanun layihəsində nəzərdə tutulan məhdudiyyətlər belə risklərin azaldılmasına, sahibkarlıq subyektləri üçün bərabər fəaliyyət mühitinin yaradılmasına xidmət edir. Maraqlar toqquşmasının önlənməsi həm də əlverişli investisiya mühitinin formalaşmasına töhfə verir. İnvestisiya cəlbediciliyini yalnız iqtisadi stimullar, vergi güzəştləri müəyyən etmir. İnvestor üçün qərarların şəffaflığı, hüquqi müəyyənlik, bərabər münasibət və inzibati prosedurların qərəzsizliyi xüsusilə vacibdir. Bu amillər investorların dövlət institutlarına etimadını gücləndirir”.
A.Əmiraslanov bildirib ki, təqdim olunan qanun layihəsinin qəbul edilməsi mövqeyindən və statusundan asılı olmayaraq hər bir vətəndaşda, hər bir vəzifəli şəxsdə təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyət yaratmış olacaq: “Güman edə bilərik ki, haqsız rəqabətə rəvac verən birinin sağlam rəqabətdən danışmağa, investora və sahibkara münasibətdə ayrı-seçkiliyə yol verən bir başqasının əlverişli investisiya və biznes mühitindən bəhs etməyə, dövlət satınalmaları ilə bağlı şəxsi marağı və gözləntisi olan digər birilərinin isə səmərəli büdcə xərcləmələrindən və şəffaf satınalmalardan təmtərahlı söz açmağa yəqin ki, mənəvi haqqı çatmayacaqdır.
Sonda qeyd etmək istərdim ki, maraqlar toqquşmasının qarşısının alınması yalnız korrupsiyaya qarşı mübarizənin hüquqi vasitəsi deyil, həm də dövlət resurslarının səmərəli idarə olunmasının, sağlam rəqabət mühitinin və keyfiyyətli iqtisadi idarəetmənin mühüm institusional təminatlarından biridir”.
E.Paşasoy,
Musavat.com

