BMT-nin noyabrın 19-da Elektron Hökumətin İnkişafı İndeksi üzrə açıqladığı hesabata əsasən, 194 ölkə arasında Azərbaycan Onlayn Xidmətlər İndeksində 67-ci yerdən 11-ci yerə yüksəlib. Musavat.com-un məlumatına görə, bunu deputat Azay Quliyev parlamentdəki çıxışında bildirib. Deputatın sözlərinə görə, sevindirici haldır ki, ölkəmiz onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22) və Avstraliya kimi inkişaf etmiş ölkələri geridə qoyub: “Daha diqqətçəkən məqam odur ki, xidmətlərin təqdim edilməsi altindeksi üzrə Azərbaycan dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdə qərarlaşıb. Bu, sadəcə beynəlxalq reytinqdə yüksəliş deyil, Azərbaycanın rəqəmsal transformasiya sahəsində formalaşdırdığı yeni dövlət idarəçiliyi modelinin beynəlxalq səviyyədə tanınmasıdır”.
A.Quliyev əlavə edib kk, bu tarixi nəticə son iki ildə həyata keçirilən məqsədyönlü və kompleks rəqəmsallaşma siyasətinin real bəhrəsidir: “Bu uğurun əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəqəmsal transformasiyanı dövlət siyasətinin strateji prioritetlərindən birinə çevirməsi, bu sahədə ardıcıl siyasi iradəsi və sistemli yanaşması dayanır. Xüsusilə, dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, Rəqəmsal İnkişaf Konsepsiyasının və müvafiq qanunvericilik aktlarının qəbulu bu siyasətin institusional əsaslarını daha da möhkəmləndirib.
Rəqəmsal keçidin əlaqələndirilmiş və sistemli şəkildə həyata keçirilməsində Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsallaşma ayrı-ayrı texnoloji layihələrin məcmusu deyil, dövlət idarəçiliyinin səmərəliliyini artıran, şəffaflığı gücləndirən, vətəndaş və biznes məmnunluğunu yüksəldən vahid inkişaf strategiyasına çevrilib.
Bu tarixi nailiyyət münasibətilə cənab Prezidenti, hörmətli Mehriban xanım Əliyevanı və bu prosesdə əməyi olan hər kəsi ürəkdən təbrik edirəm”.
E.Paşasoy,
Musavat.com

