Azərbaycanda içməli su təminatının yaxşılaşdırılması istiqamətində Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi həyata keçiriləcək. Asiya İnkişaf Bankı bu məqsədlə tikiləcək zavodun inşasına 165 milyon dollar maliyyələşməni təsdiqləyib. Ümumi dəyəri 407 milyon dollar olan layihə çərçivəsində zavodun gündəlik 300 min kubmetr içməli su istehsal etməsi nəzərdə tutulur.
Xəzər suyunun duzsuzlaşdırılması Bakı və Abşeron yarımadasında artan su tələbatının ödənilməsi, su qıtlığı riskinin azaldılması baxımından mühüm layihə hesab olunur. Bununla belə, yeni mənbədən əldə ediləcək suyun maya dəyəri, istehsal və nəqli xərcləri, eləcə də gələcəkdə tariflərə mümkün təsiri müzakirə doğurur.
Bəs bu layihə paytaxtın su problemini nə dərəcədə həll edə bilər? Dəniz suyunun içməli suya çevrilməsi və istehlakçılara çatdırılması nə qədər baha başa gələcək? Yeni zavodun fəaliyyəti əhali üçün suyun qiymətinə təsir göstərə bilərmi?

Ekoloq-hidroloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a deyib ki, son illər iqlim dəyişmələri fonunda içməli su mənbələrinin getdikcə azalması müşahidə olunur: “Bir çox hallarda mövcud su mənbələri artıq etibarlı içməli su mənbəyi hesab edilmir. Digər tərəfdən, əhalinin sayının artması da bu istiqamətdə alternativ su mənbələrinin tapılmasını zəruri edir. Bu baxımdan, okean və dəniz sularının şirinləşdirilməsi kifayət qədər böyük potensiala malik və ümidverici istiqamətdir. Dünyanın bir çox ölkəsində artıq bu sahədə mühüm addımlar atılıb. Məsələn, ABŞ, İsrail və Körfəz ölkələri, o cümlədən Qətər və Səudiyyə Ərəbistanı dəniz və okean sularının şirinləşdirilməsi istiqamətində getdikcə daha geniş fəaliyyət göstərir”.
Xəzər dənizinə gəlincə, ekspert bildirib ki, bu istiqamətdə ümidlər böyükdür: “Çünki Xəzərin suyunda duzun miqdarı okean suları ilə müqayisədə təxminən üç dəfə azdır. Eyni zamanda, müasir texnologiyalar getdikcə daha əlçatan və ucuz başa gəlir. Buna görə də Abşeron yarımadasında Xəzər dənizinin suyunun şirinləşdirilməsi çox ümidverici layihədir. Üstəlik, Abşeron yarımadasında əhalinin sıx yaşaması da bu layihənin əhəmiyyətini artırır. Belə ki, suyun uzaq məsafələrə daşınmasına ehtiyac azalacaq. Bu baxımdan sözügedən istiqamət böyük potensiala malikdir və belə addımları alqışlamaq lazımdır”.
Afaq Mirayiq,
Musavat.com

