Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və böyük təbii sərvətlərə malik diyarlarından biridir. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını daşıdığı bildirilir. Ərazidə 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri və müxtəlif tarixi dövrlərə aid daş abidələr mövcuddur.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ərazisi 3054 kvadratkilometrdir. Rayon 1930-cu ildə inzibati status alıb. İşğala qədər əhalisinin sayı 53 478 nəfər təşkil edib, ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd yerləşib.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Əhali doğma yurdunu tərk etməyə məcbur olub, yaşayış evləri, tarixi-mədəniyyət abidələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri dağıdılıb, rayonun maddi sərvətləri talan edilib. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi ilə işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunsa da, Ermənistan bu tələbi yerinə yetirməyib. Sonrakı illərdə ərazidə qeyri-qanuni məskunlaşdırma siyasəti aparılıb.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək düşmənin hərəkət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Kəlbəcəri tərk edən ermənilərin yaşayış evlərini və meşələri yandırması, mülki infrastrukturu dağıtması işğal dövründəki vandalizmin növbəti təzahürü olub. 26 noyabr 2020-ci ildə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib və döyüş əməliyyatlarında iştirak etmiş 9455 hərbi qulluqçu bu medalla təltif olunub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edilib. Bu tarix xalqımızın tarixi Zəfərinin, milli birliyinin və ərazi bütövlüyümüzün bərpasının rəmzidir.
Hazırda Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. 2024-cü il mayın 1-də Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, İşğal və Zəfər muzeyləri, parklar və müasir infrastruktur obyektləri yaradılır.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin inşası aparılır. Bununla yanaşı, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması və minlərlə ailənin doğma yurdlarına qaytarılması planlaşdırılır. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.
Rayonun nəqliyyat imkanlarının genişləndirilməsi məqsədilə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu tikilir. Yolun üzərində inşa edilən 11,7 kilometrlik Murovdağ tuneli mühüm strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Kəlbəcərin enerji potensialından səmərəli istifadə məqsədilə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib.
Kəlbəcərin iqtisadi və turizm potensialının inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. “İstisu” mineral su zavodunun 2024-cü ildə açılması, İstisu Müalicə-İstirahət Kompleksinin yaradılması, yeni turizm və xidmət obyektlərinin inşası rayonun gələcək inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev 2021–2025-ci illərdə Kəlbəcərə bir neçə dəfə səfər edərək burada aparılan quruculuq işləri ilə tanış olub, mühüm infrastruktur və sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib. 2025-ci il avqustun 21-dəki səfəri zamanı Kəlbəcərə köçmüş ailələrə mənzillərin açarlarını təqdim edib.
Bu gün Kəlbəcər yenidən qurulur, doğma sakinlərinə qovuşur və Azərbaycanın iqtisadi, sosial və turizm xəritəsində öz layiqli yerini bərpa edir. Doğma yurda qayıdış, həyata keçirilən genişmiqyaslı layihələr və yaradılan müasir infrastruktur Kəlbəcərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
