Elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizliyin təmin edilməsi üçün dəbilqədən istifadənin məcburi norma kimi müəyyənləşdirilməsi, eləcə də dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması təklif olunur.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilir.
Qeyd olunub ki, Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların, xüsusilə uşaqların həyat və sağlamlığına təsir edə biləcək risklər araşdırılıb. Bu sahədə münasibətlərin hüquqi tənzimlənməsi ilə bağlı da təhlil aparılıb.
Təhlilin nəticələrinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinə dair hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, uşaqların müdafiəsi məqsədilə valideyn məsuliyyətinin gücləndirilməsi zəruri sayılıb.
.jpg)
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev ombudsmanın təklifini Musavat.com üçün dəyərləndirib. Ekspert elektroskuterlərin və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı mövcud vəziyyəti kifayət qədər ciddi hesab edir: “Ombudsmanın dəbilqədən istifadənin məcburi norma kimi müəyyənləşdirilməsi, dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması ilə bağlı təklifini müsbət qiymətləndirirəm.
Son illərdə bu nəqliyyat vasitələrinin sayı sürətlə artsa da, onların təhlükəsiz istifadəsi ilə bağlı bilik və məsuliyyət eyni səviyyədə inkişaf etməyib. Təəssüf ki, bəzi şəxslər elektroskuteri nəqliyyat vasitəsi deyil, əyləncə vasitəsi kimi qəbul edirlər. Halbuki saatda 20-25 kilometr sürətlə hərəkət edən şəxsin yıxılması belə, ağır kəllə-beyin travmasına, ciddi xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Elektroskuterin kiçik təkərləri, yol səthindəki çalalara, nahamarlıqlara və sürüşkən örtüyə qarşı həssaslığı qəza riskini artırır.
Avtomobildən fərqli olaraq, elektroskuter istifadəçisini qoruyan kuzov, təhlükəsizlik kəməri və hava yastığı yoxdur. Buna görə də dəbilqədən istifadə seçim deyil, təhlükəsizlik zərurəti kimi qəbul edilməlidir. Dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması isə qayda pozuntularının müəyyənləşdirilməsi, məsuliyyətin təmin olunması və hadisə yerindən yayınma hallarının qarşısının alınması baxımından əhəmiyyətlidir.
Lakin qeydiyyat mexanizmi hazırlanarkən nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri, maksimal sürəti, mühərrik gücü və təhlükə potensialı nəzərə alınmalıdır. Bütün kiçik elektrik nəqliyyat vasitələrinə eyni tələblərin tətbiq edilməsi məqsədəuyğun olmaya bilər. Xüsusilə uşaqların bu vasitələrdən istifadəsi ciddi narahatlıq doğurur. Valideyn övladına elektroskuter alarkən onun yalnız sevincini deyil, təhlükəsizliyini də düşünməlidir. Uşağın tarazlığı saxlaya bilməsi onun yol hərəkətində müstəqil iştirak etməyə hazır olması demək deyil.
Təhlükəni əvvəlcədən müəyyənləşdirmək, məsafəni və sürəti düzgün qiymətləndirmək, gözlənilməz vəziyyətlərdə doğru qərar vermək müəyyən bilik və təcrübə tələb edir. Bu baxımdan valideyn məsuliyyətinin gücləndirilməsi, yaş məhdudiyyətlərinə ciddi nəzarət edilməsi, istifadəçilərin yol hərəkəti qaydaları üzrə maarifləndirilməsi, sürət hədlərinə əməl olunması, birnəfərlik skuterdə iki nəfərin hərəkət etməsinin qarşısının alınması vacibdir.
Bununla yanaşı, mikromobillik üçün təhlükəsiz və fasiləsiz hərəkət zolaqları yaradılmalı, gecə saatlarında görünməni təmin edən işıqlandırma və işıqqaytarıcı elementlərə dair tələblər gücləndirilməlidir. Məsələni yalnız cərimələrin artırılması ilə həll etmək mümkün deyil. Hüquqi tənzimləmə, maarifləndirmə, infrastruktur və nəzarət mexanizmləri paralel şəkildə inkişaf etdirilməlidir. Elektroskuterlər şəhər nəqliyyatının inkişafı, avtomobil sıxlığının və ətraf mühitə mənfi təsirlərin azaldılması baxımından faydalı vasitələrdir.
Məqsəd onların istifadəsini məhdudlaşdırmaq deyil, təhlükəsiz və məsuliyyətli istifadə mədəniyyətini formalaşdırmaq olmalıdır. Qanunvericilik faciələr baş verdikdən sonra deyil, faciələrin qarşısını almaq üçün təkmilləşdirilməlidir. Çünki heç bir nəqliyyat vasitəsinin yaratdığı rahatlıq insan həyatından daha qiymətli ola bilməz”.
Nigar Həsənli,
Musavat.com

