Azərbaycanda regionların inkişafı, əhalinin bölgələrdə dayanıqlı məskunlaşması və demoqrafik potensialın qorunması son illərdə diqqət çəkən məsələlərdəndir. Xüsusilə gənclərin təhsil, iş və daha yaxşı yaşayış imkanları naminə paytaxta və xarici ölkələrə üz tutması bölgələrdə əhali sayının azalması, kəndlərin boşalması, əmək qüvvəsinin zəifləməsi və demoqrafik yaşlanma risklərini gündəmə gətirir.
Bəs insanların bölgələrdə qalmasını təmin etmək üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Akif Nəsirli Musavat.com-a bildirib ki, miqrasiyanın səbəbi bölgələrdə iqtisadi və sosial imkanların Bakı ilə müqayisədə məhdud olmasıdır: “İnsanlar daha yaxşı iş tapmaq, yüksək gəlir əldə etmək, keyfiyyətli təhsil və tibbi xidmətlərdən yararlanmaq məqsədilə yaşadıqları yerləri tərk edirlər.

Xüsusilə, gənclər üçün regionlarda perspektivli iş yerlərinin azlığı, əməkhaqlarının aşağı olması və karyera imkanlarının məhdudluğu miqrasiyanı sürətləndirən əsas amillərdəndir. Bu baxımdan regionlardan köçü yalnız insanların paytaxtda yaşamaq istəyilə izah etmək düzgün deyil. Əslində, bu, daha çox iqtisadi imkanların və sosial infrastrukturun ərazi üzrə qeyri-bərabər bölüşdürülməsinin nəticəsidir”.
İqtisadçı qeyd edib ki, bu proses uzun müddət davam edərsə, bölgələrdə ciddi demoqrafik və iqtisadi problemlər yarana bilər: “İlk növbədə, əmək qabiliyyətli və gənc əhalinin azalması müşahidə olunur. Nəticədə kənd təsərrüfatında, sənayedə və xidmət sektorunda işləyəcək insanların sayı azalır, yerli iqtisadi fəallıq zəifləyir. Digər tərəfdən, gənclərin köçməsi bölgələrdə yaşlı əhalinin xüsusi çəkisini artırır. Bu isə demoqrafik yaşlanmanı sürətləndirir, doğum səviyyəsinin aşağı düşməsinə və bəzi yaşayış məntəqələrinin tədricən boşalmasına səbəb ola bilər. Əhali azaldıqca məktəblərin, tibb müəssisələrinin və digər sosial obyektlərin fəaliyyətinin təşkili də iqtisadi baxımdan çətinləşir. Beləliklə, miqrasiya özünü təkrar istehsal edən prosesə çevrilir: iş və xidmət imkanları azaldıqca daha çox insan bölgələri tərk edir.

Bu tendensiyanın qarşısını almaq üçün regionlarda sadəcə infrastruktur layihələrinin həyata keçirilməsi kifayət deyil. Yol, qaz, su və elektrik təminatı vacibdir, lakin insanları yaşadıqları ərazidə saxlamaq üçün ilk növbədə davamlı gəlir mənbələri yaradılmalıdır”.
Akif Nəsirliyə görə, digər mühüm məsələ təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir: “Ən əsası, regionların inkişafına yalnız paytaxtın yükünü azaltmaq vasitəsi kimi yanaşmaq olmaz. Hər bir bölgə öz iqtisadi potensialına uyğun müstəqil inkişaf imkanlarına malik olmalıdır. İnsanlar yaşadıqları ərazini tərk etməmək üçün deyil, orada qalmaqla daha yaxşı həyat qura biləcəklərinə inandıqları üçün bölgələrdə yaşamalıdırlar”.
Afaq Mirayiq,
Musavat.com

