Arım, balım, pətəyim… – Reportaj +VİDEO+ FOTOLAR

Arım, balım, pətəyim… – Reportaj +VİDEO+ FOTOLAR

El arasında belə bir deyim var: “Dil var bal gətirər, dil var bəla gətirər”. Bakıda keçirilən bal yarmarkasında isə satıcıların dili sözün əsl mənasında bal gətirir. Piştaxtaların arxasında dayanan arıçılar alıcını təkcə balın ətri, rəngi və çeşidi ilə deyil, şirin söhbətləri, gülərüzləri, bir qaşıq balı uzadaraq verdikləri dəvətlə də cəlb edirlər.

“Bir bunun dadına bax, belə baldan ömründə yeməmisən”, “Ay xanım, bu balı heç alma, təki gəl dadına bax”, “Məni də çək, gəl söhbət edək” – yarmarkada ən çox eşidilən cümlələr, bəlkə də, bunlardır.

Musavat.com-un əməkdaşı 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına baş çəkib. 27 noyabr – 11 dekabr tarixlərində keçirilən yarmarkada balın çeşidi də, arıçıların söhbəti də, qiymətlər də diqqət çəkir.

Piştaxtalara Qəbələnin meşə balı, dağ balı, şabalıd balı, cökə balı, Laçından, Kəlbəcərdən, Qubadlıdan, İsmayıllıdan, Hadrutdan, Daşkəsəndən gətirilən arıçılıq məhsulları düzülüb. Hər arıçı öz balının tərifini verir, hər qaşıq bir növ satış kampaniyasına çevrilir.

Bəzən bir piştaxtadan digərinə keçənədək bir neçə qaşıq bal dadmış olursan. Arıçıların şirin dili ilə balın şirinliyi birləşəndə alıcının yarmarkadan əliboş çıxması da bir qədər çətinləşir. Dadına baxmaq asandır, amma balın kilosunu soruşanda söhbət bir az ciddiləşir.

Bal 1.jpg (354 KB)

Yarmarkada balın qiyməti 25 manatdan başlayaraq 40 manatadək yüksəlir. Qəbələnin meşə balı 25 manata, dağ balı 30-35 manata, şabalıd və cökə balı isə 35-40 manata təklif olunur.

Balın yanında propolis, çiçək tozu, arı şanı, arı südü və digər arıçılıq məhsulları da alıcıların diqqətinə çatdırılır. Satıcılar bu məhsulların faydalarından danışır, alıcılar isə həm qiymətlə, həm də məhsulun mənşəyi ilə maraqlanırlar.

Yarmarkada balın dadına baxmaqla yanaşı, onun həqiqiliyini necə müəyyənləşdirmək barədə də arıçılardan soruşduq.Təbii arıçılıq məhsullarının istehsalı və satışı ilə tanınan Məhəmməd (Maqa) Vociyev bildirdi ki, balın təbii olub-olmadığını ev şəraitində tətbiq edilən üsullarla dəqiq müəyyənləşdirmək mümkün deyil.

Onun sözlərinə görə, balın qaşıqda qırılmaması, nəlbəkiyə damızdırıldıqdan sonra fırladılaraq şan gözlərinə bənzər formalar yaratması və ya yandırılması kimi üsullar insanların arasında geniş yayılsa da, bunlar etibarlı göstəricilər hesab edilmir.

“Bu üsulları adi mürəbbə suyu ilə də sınaqdan keçirsəniz, oxşar nəticə əldə edə bilərsiniz. Bəzi satıcılar bu görüntünü balın genetik kodu kimi izah edirlər. Amma bu, düzgün yanaşma deyil. Balın keyfiyyətini müəyyənləşdirməyin etibarlı yolu laboratoriya analizidir”, – arıçı bildirib.

Məhəmməd Vociyev laboratoriya yoxlamalarının qiymətinin də yüksək olduğunu, bəzi işbazların isə alıcıların hər dəfə məhsulu laboratoriyaya aparıb yoxlatdırmayacağını nəzərə alaraq bundan sui-istifadə etdiyini vurğulayıb.

10 ton bal Qarabağ və Şərqi Zəngəzurdan gətirilib

Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə Musavat.com-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdən arıçı fermerlərin yarmarkada iştirakı artıq ənənəyə çevrilib. Onun sözlərinə görə, ötən illərdə bu ərazilərdən 15-ə yaxın arıçı fermer yarmarkada iştirak edərək məhsullarını satışa təqdim edib. Bu il isə iştirakçıların sayı daha da artıb.

ballı elgün.jpg (272 KB)

“Bu il təkcə Şərqi Zəngəzur iqtisadi rayonundan 17 fermer, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdən 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim olunub”, – deyə o bildirib.

Elgün Məhəmmədəlizadə qeyd edib ki, məhsulların təhlükəsizliyi və keyfiyyəti satışdan əvvəl AQTA tərəfindən laborator müayinələrə cəlb olunub. Alıcılar məhsulun keyfiyyəti ilə bağlı şübhə və ya sual yaranarsa, yarmarkanın çıxışında yerləşdirilən səyyar laboratoriyadan da yararlana bilərlər. Sədr arıçılığın inkişafının Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat ASC üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu məqsədlə təkcə sərgi-satış yarmarkaları deyil, regionlarda müxtəlif festival və tədbirlər də təşkil olunur. Bu il Kəlbəcərdə ikinci dəfə keçirilən bal festivalı da arıçılığın inkişafı, fermer məhsullarının tanıdılması və arıçılıq ənənələrinin qorunması baxımından mühüm tədbirlərdən biri olub.

Elgün Məhəmmədəlizadə şəhər sakinlərini yarmarkaya dəvət edərək yerli fermerlərə dəstək göstərməyə çağırıb.

Bal 2.jpg (268 KB)

270 arıçı, 52 region, 100 tondan çox bal…

Qeyd edək ki, Nəsimi rayonunda, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin 5-ci girişində təşkil olunan yarmarkada ölkənin 52 regionundan 270 arıçı fermer iştirak edir.

İştirakçılar növbəlilik prinsipi əsasında, ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.

Satış yerləri hər rayondan olan arıçıların sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Yarmarkada 100 tondan çox bal və 18 növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur.

İstehlakçıların keyfiyyətli və təhlükəsiz məhsullarla təmin olunması məqsədilə satışa çıxarılacaq bütün məhsullardan AQTA tərəfindən nümunələr götürülərək laborator müayinələr aparılıb. Keyfiyyət və qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların satışına icazə verilməyib.

Yarmarkada iştirak arıçılar üçün ödənişsizdir. Hər iştirakçı ən çoxu 450 kiloqram bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı satışa çıxara bilər. Arıçılar satış yerləri, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunub.

Yarmarka 11 dekabradək hər gün saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

Bal 23.jpg (297 KB)

Bal 19.jpg (182 KB)

bal 18.jpg (271 KB)

Bal 17.jpg (265 KB)

Bal 14.jpg (248 KB)

bal 15.jpg (339 KB)

Bal 13.jpg (337 KB)

bal 11.jpg (275 KB)

Bal 9.jpg (297 KB)

Bal 8.jpg (300 KB)

bal 6.jpg (313 KB)

bal 5.jpg (283 KB)

Bal 3.jpg (201 KB)

Bal 4.jpg (279 KB)

Bal 20.jpg (324 KB)

bal 21.jpg (281 KB)

Bal 22.jpg (338 KB)

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir