Maşın almaq istəyənlərə ŞAD XƏBƏR-Qiymətlər nə qədər düşəcək?

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR-Qiymətlər nə qədər düşəcək?

Azərbaycanda avtomobil idxalında ciddi azalma müşahidə olunur. 2026-cı ilin ilk 10 ayında ölkəyə gətirilən minik avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% azalıb. Xüsusilə hibrid və elektrik avtomobillərinin idxalında kəskin geriləmə qeydə alınıb. Eyni zamanda, idxal olunan avtomobillərin orta qiyməti artıb, avtobusların sayında azalma olsa da, onların ümumi idxal dəyəri yüksəlib. Bəs avtomobil bazarında bu dəyişikliklər hansı amillərlə bağlıdır və növbəti dövrdə qiymətlərə necə təsir göstərə bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, avtomobil idxalının azalması mövsümi xarakter daşıyır. Onun sözlərinə görə, payız-qış mövsümündə avtomobil idxalında azalma müşahidə olunur:”Bununla yanaşı, bazarın doyma həddinə çatması və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi də idxala təsir edən əsas amillərdəndir. Adətən payız-qış mövsümündə avtomobil idxalı azalır, qiymətlər də aşağı düşür. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri avtomobil bazarının doyma həddinə çatması, insanların alıcılıq qabiliyyətinə təsir edən amillər və vətəndaşların müxtəlif iqtisadi səbəblərdən avtomobil alışına qoşula bilməməsidir. Ehtiyat hissələri ilə bağlı məsələlər və digər amillər də ümumi idxalın azalmasına təsir göstərir.

Ən əsası isə alıcının alıcılıq qabiliyyəti və maliyyə imkanlarıdır. İnsanların kifayət qədər vəsaiti olduqda istədikləri, arzusunda olduqları avtomobili ala bilirlər. Əks halda, bu amillər bir-biri ilə uzlaşmır. Məsələnin əsas səbəbi də məhz budur”.

Ekspert qeyd edib ki, digər mühüm məsələ nəqliyyat vasitələrinin istismar xüsusiyyətləri ilə bağlıdır:” Bu gün avtomobil seçərkən onun perspektivliyi, istismar dayanıqlığı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin səviyyəsi də nəzərə alınmalıdır. Nəqliyyat vasitəsinin istismara yararlılığı, ehtiyat hissələrinin tapılması və keyfiyyətli servis xidmətinin mövcudluğu bir-biri ilə sıx bağlı məsələlərdir. Bütün bunlar avtomobilin özünəməxsus xüsusiyyətlərinə, bazardakı mövqeyinə və ona göstərilən xidmətin səviyyəsinə təsir edir. Bu amillər birlikdə avtomobil bazarında ümumi iş prinsipini formalaşdırır”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir