Soyuq havada bunları etməsəniz… – ŞOK XƏBƏRDARLIQ

Soyuq havada bunları etməsəniz… – ŞOK XƏBƏRDARLIQ

“Havaların soyuması ilə əlaqədar maddələr mübadiləsindəki və hormonal balansdakı dəyişiklik bir çox halda insanların ruh halına və əhval-ruhiyyəsinə təsir edir. Belə vəziyyətdə bəzən insanlar özlərini tez-tez depressiyaya qapılmış, bəzən isə həyat enerjisi tükənmiş kimi hiss edirlər. Nəticədə işdən zövq almırlar, həm həyat qabiliyyəti, həm də iş qabiliyyəti aşağı düşür. Buna görə də payız mövsümü gəldikdə insanların həyat tərzinə və qidalanma rejiminə diqqət yetirməsi yaxşı olar”.

Bu fikirləri Musavat.com-a sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

36ef81a0-e7c5-44ec-8823-f73f10d30604-942x650.jpeg (54 KB)

Ekspert ilk növbədə yuxu rejimini qorumağın önəmindən bəhs edib:

“Axşam saat 11-dən və ya 12-nin yarısından sonra 7-8 saat yatmaq lazımdır. Oyandıqdan sonra ən az 15 dəqiqə keçdikdən sonra yataqdan qalxmaq tövsiyə olunur. Kortizol hormonu oyandıqdan sonra aktivləşməyə başlayır və yerində 20 dəqiqədən artıq uzanıqlı qalmaq qan dövranının yavaşlamasına, gümrahlığın azalmasına, eləcə də gün ərzində enerjisiz və yuxulu hiss etməyə səbəb olan fəsadlara gətirib çıxara bilər. Qidalanmada isə əsasən səhər yeməyinə diqqət etmək, tərkibində daha çox protein olan yumurta, süd, həmçinin pendir, qaymaq və xama kimi süd məhsullarından istifadə etmək məsləhət görülür. Hər qida qəbulunda mövsümü meyvə və tərəvəzlərin, xüsusilə tərəvəzlərin olması tövsiyə olunur. Liflə zəngin qidalar bağırsaqların hərəkətliliyini təmin edir; bağırsaqların və mikrofloranın düzgün işləməsi immun sisteminin güclənməsinə və gün ərzində daha enerjili, sağlam olmağa kömək edir. Sitrus meyvələri və C vitamini ilə zəngin payız meyvə-tərəvəzləri də immun sistemini gücləndirir. Havalar sərinləşdikcə bir çox insanda gündəlik su qəbulu azalır. İnsan orqanizminin 60%-ni su təşkil edir və proseslərin əksəriyyəti suyun hesabına gedir, kifayət qədər su qəbul edilmədikdə yaranan dehidratasiya daxili orqanların funksiyasının pozulmasına və erkən qocalmaya səbəb ola bilər. Axşam yeməyini yuxudan 3-4 saat əvvəl bitirmək yaxşı olar, çünki gec saatlarda yeyilən yemək düzgün həzm olunmur, ağırlaşmalara yol açır, gecə narahat yatmağa səbəb olur və səhər insanın əzgin oyanması ilə nəticələnir”.

Ekspert həmçinin, Omeqa-3 və Omeqa-6 yağları ilə zəngin balıq, dəniz məhsulları, qırmızı ət, toyuq və quş məhsullarından, o cümlədən bir ovuc çərəz-qoz, fındıq, badam və ya fıstıq yeməyi də tövsiyə edir. Onun sözlərinə görə, doymamış yağ turşuları və Omeqa-3 ilə zəngin bu qidalar immun sisteminin güclənməsinə dəstək verir.

Məhsəti Hüseynova əlavə edib ki, havaların soyuq olmasına baxmayaraq, qapalı məkanlarda çox vaxt keçirməməyə, səhər və axşam təmiz havada olmağa diqqət yetirmək vacibdir:

“Gün ərzində ən az yarım saat yürüş və fiziki aktivlik sağlamlığın əsas qaydalarından biridir. Yorğunluğu aradan qaldırmaq üçün cökə və nanəli bitki dəmləmələrindən istifadə etmək olar. Evdə təbii şəkildə nanə, limon, az miqdarda zəncəfil və bal ilə hazırlanan dəmləmə isə həm immun sisteminin güclənməsinə, həm də özünü gümrah və enerjili hiss etməyə kömək edir”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir