Lisenziya almaq asanlaşıb, bəs iş qurmaq necə? — Açıqlama

Lisenziya almaq asanlaşıb, bəs iş qurmaq necə? — Açıqlama

Azərbaycanda sahibkarlara verilən lisenziyaların sayı 20 mini ötüb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2015-ci ildən 30 iyun 2026-cı ilədək sahibkarlara 20 064 lisenziya verilib. Bu göstərici biznes fəaliyyəti üçün yaradılan imkanların və lisenziyalaşdırma prosesində aparılan islahatların miqyasını göstərir. Lakin verilən lisenziyaların sayının artması avtomatik olaraq yeni sahibkarlıq subyektlərinin sayının artması demək deyil. Çünki lisenziya həm yeni yaradılan, həm də artıq fəaliyyət göstərən bizneslərə verilə bilər. Bu baxımdan əsas sual 20 mindən çox lisenziyanın real olaraq neçə yeni biznesin yaranmasına və mövcud sahibkarların fəaliyyətinin genişlənməsinə təsir göstərməsidir. Bəs bu rəqəm Azərbaycanda biznes mühitinin yaxşılaşmasının nə dərəcədə real göstəricisidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli investisiya mühitinin formalaşdırılması baxımından yeni imkanların yaradılması bu gün iqtisadi siyasətin əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, bir sıra sektorlarda fəaliyyət lisenziya əsasında müəyyənləşir və sahibkarlıq subyektləri lisenziya alaraq həmin fəaliyyətlə məşğul olurlar:

“Şübhəsiz ki, verilən lisenziyaların sayının çox olması və lisenziyaların sahibkarlar üçün əlçatan olması biznes mühitinin yaxşılaşmasını göstərən amillərdən biridir. Baxmayaraq ki, lisenziya tələb edən fəaliyyət sahələrinin sayı azaldılıb və bu istiqamətdə də işlər davam etdirilir, buna rəğmən, lisenziya tələb edən sahələrdə lisenziyanın daha əlçatan olması, lisenziya alma prosesinin elektronlaşdırılması və sahibkarlara daha qısa müddətdə təqdim olunması praktiki olaraq sahibkarların həmin sektorlarda fəaliyyətini dəstəkləyir. Bu, sahibkarlıq subyektlərinin və bütövlükdə sahibkarlığın inkişafı, eləcə də sahibkarların xidmətlərə əlçatanlığının artırılması baxımından vacibdir. O baxımdan, bu bir daha təsdiq edir ki, bütövlükdə, xüsusən də milli sahibkarlığın dəstəklənməsi daha da prioritetləşib və iqtisadi siyasətin istiqamətlərinə uyğun olaraq biz bu istiqamətdə daha çox dəstəyin nümayiş etdirilməsini müşahidə edəcəyik”, – deyə Vüqar Bayramov fikrini tamamlayıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir