“Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar–iyul ayları üzrə açıqladığı büdcə icrası göstəriciləri ölkədə fiskal dayanıqlığın və maliyyə intizamının qorunduğunu göstərir”.
Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Vüqar Oruc bildirib ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib və proqnoza nisbətən 855,9 milyon manat və ya 3,8 faiz artıq icra olunub. Eyni dövrdə büdcə xərcləri 20 milyard 174,4 milyon manat olub. Onun sözlərinə görə, bu göstəricilər ilin ilk 7 ayında dövlət büdcəsində təxminən 3,42 milyard manat profisit formalaşdığını göstərir: “Bu, yalnız büdcənin texniki icrası baxımından deyil, bütövlükdə ölkənin makroiqtisadi sabitliyi baxımından da müsbət göstəricidir”.
V.Oruc mənzil bazarında da ucuzlaşmanın gözlənilmədiyini, əksinə, qiymət artımı dinamikasının davam edəcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə yeni tikililərdə tikinti xərclərinin yüksək səviyyədə qalması, torpaq qiymətlərinin artması və tikinti materiallarının bahalaşması mənzil bazarında qiymət artımını şərtləndirən əsas amillərdəndir.

Yeri gəlmişkən, bu ilin iyun ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin iyun ayının yekunu ilə müqayisədə 7,4 %, mayın sonuna nisbətən isə 0,3 % çox olub. Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir. Bundan başqa, iyunda ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,4 %, təkrar mənzil bazarında isə 8,6 % artıb. Ümumi qiymət artımı da 8,6 % təşkil edib.
Hazırda həm kirayə ev bazarında, həm mənzil satışında qiymətlərin müntəzəm olaraq bahalaşmasının köklü səbəbləri nədir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Paytaxt Bakı və ölkənin digər böyük şəhərlərində mövcud daşınmaz əmlakın satış qiymətlərində mütəmadi olaraq artım müşahidə olunur. Əmlak bazarındakı bu qiymət artımının bir çox səbəbi var və onların başlıcaları bunlardır.
İlk olaraq deyim ki, Bakıda və digər böyük şəhərlərdə yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin tapılmaması və ya mövcud torpaqların satış qiymətlərinin kəskin şəkildə baha olması tikintinin maya dəyərinə birbaşa təsir göstərir və nəticədə mənzil qiymətlərini yüksəldir. Paytaxt ərazisində Baş plana uyğun olaraq aparılan söküntülər çərçivəsində fərdi yaşayış evlərinin və köhnə çoxmənzilli binaların bir hissəsi ləğv edilir. Həmin ərazilərin yerində parkların və digər infrastruktur obyektlərinin salınması daşınmaz əmlaka olan tələbatı daha da artırır. Sökülən köhnə binalardakı və fərdi evlərdəki mənzillərin satış qiyməti yeni tikililərə nisbətən daha ucuz idi. Bu cür ucuz mənzillərin bazardan çıxması, ümumilikdə əmlak bazarında qiymətlərin yüksəlməsinə səbəb olur”.

Ekspert əlavə edib ki, ümumi tendensiyaya nəzər salsaq görərik ki, son illər ərzində çıxarışlı (kupçalı) köhnə çoxmənzilli yaşayış binalarının böyük bir hissəsi müxtəlif kredit şərtləri ilə satılıb. Kredit və ya ipoteka şərtləri ilə alınan mənzillərin yenidən əmlak bazarına çıxarılması üçün isə ilk növbədə onların kredit öhdəlikləri bağlanmalıdır. Bu proses uzun illər zaman tələb etdiyindən, bazarda mənzil qıtlığı (təklif çatışmazlığı) yaranır. Mənzillərin satış qiymətlərinin artması birmənalı olaraq onların kirayə qiymətlərinə də təsir edir. Qeyd etmək lazımdır ki, hər hansı bir mənzilin kirayə haqqı, həmin mənzilin satış qiymətininin ortalama 0,5%-i nisbətində ölçülür. Bu səbəbdən satış bazarındakı qiymət artımı, öz-özlüyündə kirayə mənzil bazarında da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Baş plana uyğun olaraq paytaxt ərazisində yaxın gələcəkdə də yüzlərlə köhnə çoxmənzilli yaşayış binasının söküləcəyi gözlənilir. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə, xüsusən də 2040-cı ilə qədər paytaxtın həm satış, həm də xüsusilə kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunacaq”.
Elnur Fərzəliyevə görə, vətəndaşlar üçün əlçatan qiymətə olan köhnə binaların sökülməsi nəticəsində həmin mənzillərin kirayə bazarından birdəfəlik çıxması və sökülən binaların yerində yeni binalar inşa olunduqca, yeni çoxmənzilli yaşayış binalarındakı mənzillərin həm kirayə, həm də satış qiymətlərinin köhnə binalarla müqayisədə ortalama iki dəfəyə qədər daha baha təklif edilməsi bu artımın əsas səbəbləridir:
“Kirayə mənzil bazarında baş verən qiymət artımları paytaxt sakinləri ilə yanaşı, həm də bölgələrdən Bakıya təhsil almaq üçün gələn tələbələrin yaşam şəraitinə və həyat tərzinə ciddi şəkildə mənfi təsir göstərir. Kirayə qiymətlərinə görə tələbələr məcburən Bakıətrafı ərazilərdə mənzil kirayələməli olurlar ki, bu da nəticədə onların hər gün bir neçə saatını sırf yollara sərf etməsinə gətirib çıxarır”.
Afaq Mirayiq,
Musavat.com

