50 milyondan çox insanın ana dili: Azərbaycan dilinin böyük məsuliyyəti

50 milyondan çox insanın ana dili: Azərbaycan dilinin böyük məsuliyyəti

Məlum olduğu kimi, bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu gün Azərbaycan xalqının milli kimliyinin ən mühüm dayaqlarından biri olan ana dilimizə və onun yazılı ifadəsini təmin edən əlifbamıza ehtiramın ifadəsidir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü həm dilimizin keçdiyi mürəkkəb tarixi yolu xatırlamaq, həm milli əlifbamızın formalaşmasında xidmətləri olan ziyalıları yad etmək, həm də qloballaşan dünyada Azərbaycan dilinin qorunmasının vacibliyini bir daha dərk etmək üçün mühüm fürsətdir.

Dil xalqın yaddaşıdır. Bir millətin tarixini, mədəniyyətini, dünyagörüşünü, mənəvi dəyərlərini və milli düşüncə tərzini yaşadan ən mühüm vasitələrdən biri məhz dildir. Əlifba isə həmin milli yaddaşın yazıya çevrilərək nəsildən-nəslə ötürülməsini təmin edən mühüm vasitədir.

Xatırladaq ki, Azərbaycan xalqı tarixinin müxtəlif mərhələlərində fərqli əlifbalardan istifadə edib. Ərəb qrafikası uzun müddət Azərbaycan yazı mədəniyyətinin əsasını təşkil edib. XX əsrdə isə latın və kiril qrafikalarına keçid baş verib. Bu dəyişikliklərin hər biri öz dövrünün siyasi, ictimai və mədəni reallıqları ilə sıx bağlı olub.

Müstəqilliyin bərpasından sonra qarşıda dayanan əsas məsələlərdən biri isə Azərbaycan dilinin fonetik xüsusiyyətlərini daha düzgün əks etdirən, milli kimliyimizi ifadə edən və dünyaya inteqrasiyamızı asanlaşdıran əlifbanın formalaşdırılması idi.

Bu tarixi prosesdə görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı və onomastika elmi məktəbinin banisi Afad Qurbanovun xidmətləri xüsusi qeyd edilməlidir.

02_AFAD_20QURBANOV.jpg (145 KB)

Məhz Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradıldı. Əlifba sahəsindəki elmi fəaliyyəti və böyük mütəxəssis təcrübəsi nəzərə alınaraq Afad Qurbanov komissiyanın sədri təyin edildi.

Alim yeni müstəqil Azərbaycan əlifbasının layihəsini hazırlayarkən ana dilimizin səs sistemini, fonetik xüsusiyyətlərini və dilçilik prinsiplərini əsas götürdü. Hazırlanan layihə Əlifba Komissiyasına təqdim edildi, daha sonra televiziya və mətbuat vasitəsilə geniş ictimaiyyətə çatdırıldı.

Layihə ətrafında geniş müzakirələr aparıldı və nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının qəbul edilməsi ilə bağlı mühüm tarixi addım atıldı. Beləliklə, bu gün istifadə etdiyimiz müasir Azərbaycan əlifbasının formalaşmasında Afad Qurbanovun elmi və təşkilati fəaliyyəti mühüm iz buraxdı.

Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Belə ki, Heydər Əliyevin 2001-ci il 18 iyul tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması dil siyasətinin institusional əsaslarının gücləndirilməsinə mühüm töhfə verdi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu daha əhatəli şəkildə müəyyənləşdirdi.

2001-ci il avqustun 9-da avqustun 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalanıb. 2003-cü il yanvarın 2-də Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

HEYDER.jpeg (81 KB)

Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən də ardıcıl şəkildə davam etdirilib. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, həmin il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları Azərbaycan dilinin elmi, ədəbi və mədəni mühitdə daha geniş istifadəsinə mühüm imkanlar yaratdı.

2013-cü il 9 aprel tarixində təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” isə dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm mərhələ oldu. Azərbaycan dilinin rəqəmsal dünyada mövqeyinin gücləndirilməsi də dövlət siyasətinin diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli Sərəncamı ilə Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi istiqamətində mühüm tədbirlər müəyyənləşdirildi. Həmin il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dövlət dilinin qorunmasına verilən yüksək əhəmiyyətin növbəti göstəricisi oldu.

2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət funksiyalarının Mədəniyyət Nazirliyinə həvalə edilməsi də bu istiqamətdə dövlət nəzarətinin daha da gücləndirilməsinə xidmət edir.

2026-cı ilin Azərbaycan dili və əlifbası baxımından daha bir xüsusi əhəmiyyəti var. Məlum olduğu kimi bu il Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunur.

1280px-Participants_of_the_First_Turkologic_Congress.jpg (261 KB)

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının dil, əlifba və mədəni inteqrasiyası tarixində mühüm hadisə idi. Qurultayda latın qrafikasına keçid, ortaq yazı sistemi, türk dillərinin inkişafı və digər mühüm məsələlər geniş müzakirə edilmişdi. Bu baxımdan bir əsr sonra həmin tarixi irsin yenidən gündəmə gəlməsi xüsusi məna daşıyır.

Bu gün Azərbaycan dili əvvəlki dövrlərlə müqayisədə daha geniş informasiya məkanında yaşayır. İnternet, sosial şəbəkələr, xarici media resursları və qlobal kommunikasiya imkanları dünyanı bir-birinə yaxınlaşdırıb. Bu prosesin müsbət tərəfləri ilə yanaşı, milli dillər üçün müəyyən riskləri də var. Xüsusilə sosial şəbəkələrdə Azərbaycan dilinin qaydalarının pozulması, lazımsız xarici sözlərdən istifadə, dilin imkanlarının məhdudlaşdırılması və ədəbi dil normalarına laqeyd münasibət narahatlıq doğuran məsələlərdəndir.

Prezident İlham Əliyev bu məsələyə 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində xüsusi diqqət çəkib. Dövlət başçısı Azərbaycan dilinin xarici təsirlərdən qorunmasının hər kəsin vəzifəsi olduğunu vurğulayıb.

Prezidentin mesajının mahiyyəti əslində çox sadədir: başqa dilləri bilmək, başqa mədəniyyətləri öyrənmək və dünyaya açıq olmaq Azərbaycan dilindən uzaqlaşmaq demək deyil. Əksinə, müasir dünyada nə qədər çox dil bilirsənsə, bir o qədər üstünlük qazanırsan. Amma bütün bunlarla yanaşı, insan öz ana dilini mükəmməl bilməli, onun zənginliyini qorumalıdır.

MQiGp0ipRS9bzEY16vli5QMsDaYline5aipTmuvZ_1200.jpg (321 KB)

Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.

Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıların da Azərbaycan dilini yalnız məişət səviyyəsində deyil, mükəmməl bilməsinin vacibliyini diqqətə çatdırıb. Bu fikir xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan dili coğrafi sərhədlərlə məhdudlaşan bir dil deyil. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən əsas mənəvi bağlardan biridir.

Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edilməsi də bu əlamətdar günün dövlət səviyyəsində əhəmiyyətini bir daha nümayiş etdirir.

Paylaşımda vurğulanır: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”.

WhatsApp Image 2026-08-01 at 12.35.12.jpeg (85 KB)

Bu sözlər əslində Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin, müəllimlərin, yazıçıların, jurnalistlərin və ziyalıların vəzifəsi olmadığını göstərir. Ana dilinin gələcəyi hər bir Azərbaycan vətəndaşının gündəlik davranışından, danışığından, yazısından və dilə münasibətindən keçir. Çünki dil yalnız kitabda, məktəbdə və rəsmi sənədlərdə yaşamır. Dil evdə, küçədə, televiziyada, mediada, sosial şəbəkələrdə, elmdə, biznesdə, texnologiyada, incəsənətdə və gündəlik ünsiyyətdə yaşayır.

Bu gün Azərbaycan dili dövlət dili kimi bütün sahələrdə işlənir, zəngin ədəbi irsə, güclü elmi və publisistik ənənəyə malikdir. Lakin dilin qorunması əldə edilmiş nəticələrlə kifayətlənmək demək deyil. Dil canlı orqanizmdir və daim inkişaf edir. Əsas məsələ bu inkişafı milli dilimizin daxili imkanları hesabına təmin etmək, onu yad təsirlərdən təcrid etmək yox, lazımsız və süni təsirlərdən qorumaqdır. Azərbaycan dili zəngin dildir. Onun ifadə imkanları, söz ehtiyatı, frazeologiyası, dialekt və şivələri, klassik və müasir ədəbiyyatı böyük bir milli-mədəni xəzinədir. Bu xəzinəni gələcək nəsillərə çatdırmaq üçün hər birimiz məsuliyyət daşıyırıq.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir