Azərbaycanın qarşıdakı illərdə üzləşə biləcəyi ən ciddi problemlərdən biri artıq uzaq gələcəyin məsələsi deyil. Su çatışmazlığı tədricən gündəlik həyatımıza, kənd təsərrüfatına, ərzaq istehsalına və hətta qiymətlərə təsir edən real təhlükəyə çevrilir.
Suyun dörddə biri yolda itir
Su haqqında danışanda ilk ağla gələn məsələ içməli su olur. Amma problem bundan qat-qat böyükdür. Söhbət ölkənin çaylarından, su anbarlarından, yeraltı sulardan, kənd təsərrüfatından, Xəzər dənizindən və bütün bunların arxasında dayanan iqlim dəyişikliklərindən gedir.
Dünya Bankının məlumatına görə, Azərbaycanın illik şirin su götürməsi mövcud daxili su ehtiyatlarının 161 faizinə çatıb. Bu rəqəm ilk baxışda qəribə səslənə bilər. Ancaq burada söhbət ölkə daxilində formalaşan su ehtiyatları ilə yanaşı, transsərhəd sulardan da istifadə edilməsindən gedir. Azərbaycanın su təhlükəsizliyində əsas problemlərdən biri də məhz qonşu ölkələrdən gələn sulara ciddi bağlılıqdır.
Suyun təxminən dörddə biri yolda itir. Problemin ən ağrılı tərəflərindən biri isə mövcud sudan belə tam səmərəli istifadə edə bilməməyimizdir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ildə Azərbaycanda təbii mənbələrdən təxminən 13,6 milyard kubmetr su götürülüb. Bunun 10,4 milyard kubmetrə yaxını istehlaka yönəlib, təxminən 3,25 milyard kubmetr su isə nəql zamanı itib. Yəni götürülən suyun təxminən 24 faizi istehlakçıya çatmamış itkiyə gedib. Bu, sadəcə statistika deyil. İtirilən 3 milyard kubmetrdən artıq suyun arxasında köhnəlmiş infrastruktur, kanalların vəziyyəti, səmərəsiz suvarma və idarəetmə problemləri dayanır. Əgər bir tərəfdən su ehtiyatlarımız azalırsa, digər tərəfdən əldə olan suyun əhəmiyyətli hissəsini itiririksə, gələcəkdə vəziyyətin niyə daha da çətinləşə biləcəyi aydın görünür.
Ən böyük su istehlakçısı kənd təsərrüfatıdır
Azərbaycan kənd təsərrüfatı ölkəsidir və kənd təsərrüfatı da sudan ən çox asılı olan sahələrdəndir. Meyvə, tərəvəz, taxıl, pambıq və digər məhsulların istehsalında suvarma böyük rol oynayır. Deməli, su problemi birbaşa ərzaq təhlükəsizliyi problemidir. Su azalırsa, məhsuldarlıq aşağı düşə bilər. Məhsuldarlıq aşağı düşürsə, fermerin xərci artır. İstehsal azalırsa, bazarda qiymət yüksəlir. Beləliklə, su məsələsi yalnız ekoloqun və ya hidroloqun problemi deyil. Bu, bazarda pomidorun, xiyarın, meyvənin, taxılın və nəticədə başqa ərzaqların qiymətinə qədər gedib çıxan zəncirvari problemdir.
Əsas çaylarımız özümüzdən başlamır, ona görə də…

Dünya Bankı da Azərbaycanın kənd təsərrüfatının su çatışmazlığına qarşı xüsusilə həssas olduğunu bildirir və suvarma səmərəliliyinin artırılmasını vacib tədbirlərdən biri kimi göstərir. Başqa bir ciddi məsələ var: Azərbaycanın əsas su mənbələrinin böyük hissəsi transsərhəddir. Kür, Araz və Samur kimi mühüm su sistemlərinin formalaşmasında ölkə xaricindəki ərazilərin böyük rolu var. Dünya Bankının məlumatına görə, Azərbaycanın səth sularının təxminən 70 faizi qonşu ölkələrdə formalaşır. Bu isə Azərbaycanı təkcə iqlim dəyişikliklərindən deyil, regiondakı su siyasətindən də asılı vəziyyətə salır. Başqa sözlə, su təhlükəsizliyi artıq milli sərhədlərin içində həll edilə biləcək sadə məsələ deyil. Çayın yuxarı axarında suyun götürülməsi, yeni su anbarlarının tikilməsi, kənd təsərrüfatında suvarmanın artması və iqlim dəyişiklikləri aşağı axında yerləşən ölkələrə birbaşa təsir edir.
Bəlkə də daha təhlükəlisi budur: biz təkcə suyun azalmasından yox, həm də suyun keyfiyyətindən danışmalıyıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanda səth sularının çirklənməsi 53 əsas su obyektində və 83 müşahidə məntəqəsində izlənilir. Monitorinqə Kür, Araz və digər böyük çaylarla yanaşı, su anbarları və Abşeron yarımadasındakı göllər də daxildir. Bu fakt problemin miqyasını göstərir: söhbət yalnız “nə qədər suyumuz var?” sualından getmir. “Əlimizdəki suyun nə qədəri keyfiyyətlidir?” sualı da eyni dərəcədə vacibdir. Çaylara və su hövzələrinə məişət, sənaye və kənd təsərrüfatı mənşəli tullantıların düşməsi su ehtiyatlarına əlavə təzyiq yaradır. Dünya Bankı da Azərbaycanda bəzi su hövzələrində çirklənmə və çirkab suların lazımi səviyyədə təmizlənməməsi probleminə diqqət çəkir.
Problemləri aşağı-yuxarı bildik. Bəs bu problemlərin yaxın gələcəkdəki fəsadları, izləri nədən ibarət olacaq? İqlim dəyişdikcə temperatur artır, buxarlanma güclənir, quraqlıq riski yüksəlir. Dünya Bankı Azərbaycanın demək olar ki, bütün ərazisinin quraqlıq və su çatışmazlığı riskinə məruz qala biləcəyini bildirir. Digər tərəfdən, Azərbaycanın su ehtiyatlarının azalması ilə bağlı proqnozlar da nikbin deyil. Dünya Bankının qiymətləndirmələrində iqlim dəyişikliklərinin gələcəkdə çay axınlarına və su ehtiyatlarına ciddi təsir göstərə biləcəyi qeyd olunur. Deməli, qarşıda bizi ikiqat problem gözləyə bilər: suya ehtiyac artacaq, amma suyun özü azalacaq. Əhali artır, şəhərlər böyüyür, kənd təsərrüfatı inkişaf etməlidir, sənayenin suya ehtiyacı var. Bütün bunların fonunda su ehtiyatlarının azalması ölkənin iqtisadi inkişafına da məhdudiyyət qoya bilər.
Problemin həlli yalnız yeni su anbarları tikməkdən ibarət ola bilməz. Əvvəlcə mövcud suyun harada və nə qədər itirildiyini dəqiq müəyyənləşdirmək lazımdır. Köhnə suvarma sistemləri yenilənməli, açıq kanallarda itkilər azaldılmalı, damcı və digər qənaətli suvarma texnologiyalarının tətbiqi genişləndirilməlidir. Kənd təsərrüfatında “nə qədər çox su, o qədər çox məhsul” yanaşması dəyişməlidir. Əksinə, məqsəd daha az su ilə daha çox məhsul əldə etmək olmalıdır.
Çirkab suların təmizlənməsi məsələsi də ayrıca prioritetə çevrilməlidir. Çünki suyu yalnız istifadə edib çirkləndirmək və sonra yeni su mənbəyi axtarmaq davamlı model deyil. Ən əsası isə suyun qiymətini yalnız kommunal ödənişlə ölçmək olmaz. Su – ərzaqdır, kənd təsərrüfatıdır, enerji təhlükəsizliyidir, sağlamlıqdır, iqtisadiyyatdır və nəhayət, milli təhlükəsizlik məsələsidir. Bu gün krandan su axdığı üçün problemin olmadığını düşünmək ən böyük yanlışlıq ola bilər. Çünki ekoloji böhranların təhlükəli tərəfi budur: onlar çox vaxt bir günün içində baş vermir.
Yazını hazırladı: Sevinc TELMANQIZI

