Prezident İlham Əliyev bu və ya digər bölgəyə səfər edərkən yeni-yeni müəssisələrin, yaşayış məntəqələrinin, eləcə də başqa obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etməklə kifayətlənmir. Dövlətimizin başçısı həmin səfərləri çərçivəsində yerli əhali ilə görüşür, söhbətləşir, onların rifahı ilə maraqlanır. Prezident İlham Əliyev səfərləri zamanı yaşlı insanlarla yanaşı, azyaşlı uşaqlarla da görüşüb söhbət edir, maraqlı dialoq qurur, foto çəkdirir, həmçinin onların istək və arzularını da dinləyir. Az bir zaman kəsiyində onların istəklərini reallaşdırır.
Xatırlayırsınızsa, Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən kəndə qayıdan sakinlərlə də görüşmüşdü. Yeri gəlmişkən, 2023-cü ilin sentyabr ayında azad edilmiş Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.
Səfər çərçivəsində dövlətimizin başçısı kənd sakini, Birinci Qarabağ, həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı Əsəd Əsədovun evində olmuşdu. Görüş zamanı ailənin balaca üzvü Gülər dövlət başçısından traktor istəmişdi. Bu da “Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir”, – deyən Prezident İlham Əliyevin diqqətindən yayınmamışdı.
Artıq kiçik Gülərin bu arzusu gerçəkləşib. Belə ki, bir neçə gün öncə Prezidentin göstərişi ilə Əsədovlar ailəsinə kənd təsərrüfatı işlərində istifadə etmək üçün traktor təqdim olunub. Əsəd Əsədov bildirib ki, texnikadan yalnız ailənin ehtiyacları üçün istifadə olunmayacaq. Ondan kənd sakinlərinin də təsərrüfat işlərində istifadə ediləcək. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin uşaqlarına ilk hədiyyəsi deyil.
Dövlətimizin başçısı Ramazan və Novruz bayramları ərəfəsində – 17 mart 2026-cı ildə Xocavənd rayonunun Xanoba kəndinə səfərində də Bəybala Qasımovun evində olarkən 3 yaşlı balaca Ayazla səmimi söhbət etmişdi. Həmin vaxt Prezidentin avtomobilinin sükanı arxasında əyləşən balaca Ayaz dövlətimizin başçısından ona qırmızı rəngli “KamAZ” hədiyyə etməsini istəmişdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin vaxt Ayaza söz vermişdilər ki, onun qırmızı rəngli “KamAZ”ı olacaq. Prezident İlham Əliyevin göstərişi ilə qısa müddət ərzində Ayazın da arzusu yerinə yetirilmiş, onun istəyi reallığa çevrilmişdir. Prezident hədiyyə olaraq Ayazın yaşadığı kəndə “KamAZ” markalı yük avtomobili göndərmişdir. Yük maşınının sükanı arxasına əyləşən Ayaz: “İlham baba mənə “KamAZ” göndərib”, – deyə sevincini bölüşmüşdü.
Şübhəsiz, Prezident İlham Əliyevin bu hədiyyələri həm Gülərin, həm də Ayazın uşaq dünyasına bir sevinc gətirib. Belə anları yaşamaq onlar üçün böyük qürur hissidir. Bu sevinc isə onları heç zaman tərk etməyəcək və həmişə onlarla birgə olacaq. Yeri gələndə də onlar bu hədiyyələrdən fəxrlə söz açacaqlar.
Şübhəsiz, bütün bunları uşaqlara göstərilən dövlət qayğısı kimi dəyərləndirmək olar. Bu mənada demək olar ki, uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Odur ki, ölkəmizdə uşaqların mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Artıq respublikamızda uşaqlara qayğının dövlət səviyyəsində yüksək şəkildə təşkili beynəlxalq aləmdə də nümunəyə çevrilib. Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə uşaq siyasətinin əsası: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir”, – deyən Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin bu sözlərini də xatırlamaq yerinə düşər: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir, ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı göstərilməlidir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”

