Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Bakı və bölgələrdə yerləşən bir sıra su hövzələrində qanun pozuntuları aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.
Araşdırmalar zamanı göl və çayların tullantılarla qanunsuz doldurulması ilə yanaşı, su hövzələrindən torpaq və digər materialların icazəsiz götürülməsi, qazıntı işlərinin aparılması halları da müəyyən edilib. Bu cür müdaxilələr su hövzələrinin relyefini və hidroloji rejimini dəyişməklə yanaşı, ətraf ərazilər üçün də müxtəlif risklər yarada bilər.
Bəs su hövzələrindən torpağın götürülməsi hansı fəsadlara səbəb olur və bu fəaliyyətə nəzarət necə həyata keçirilməlidir?
Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb.
O deyib ki, çox təəssüf ki, Azərbaycanda, xüsusilə əyalət ərazilərində təbii obyektlərə qarşı qanunsuz hərəkətlər hələ də kütləvi şəkildə davam etməkdədir:
“Bakıda və Abşeron yarımadasında bu hal Xəzər dənizinin hasarlanması və dəniz sahilinə çıxışın məhdudlaşdırılması şəklindədirsə, digər bölgələrdə başda su obyektləri olmaqla onların ətrafının zəbt olunması və həmin ərazilərin zibillərlə doldurulması şəklində baş verir. Bir çox hallarda isə piknik yerlərində istirahət edən insanlar, çox təəssüf ki, gözəl və yaxşı bilib gəldikləri yeri gedərkən elə bir vəziyyətə salırlar ki, ora başqa bir şəxs və ya özləri tərəfindən ikinci dəfə gəlmək mümkün olmur. Bu, əhalimizdə ekoloji tərbiyənin və ekoloji məlumatsızlığın göstəricisidir, bunun nəticəsidir”.
Ekspert deyib ki, digər bir məsələ isə bölgələrdən Bakıya qanunsuz torpaq daşınması və çay məcralarının qanunsuz qazılaraq oradan tikinti materiallarının çıxarılmasıdır: “Bu cür hallar baş verən zaman biz çox ciddi problemlərlə üzləşirik. Əvvəla, qanunsuz torpaq daşınması ona gətirib çıxarır ki, minilliklər ərzində formalaşmış torpaq örtüyünü, əsasən də münbit yerlərdəki torpaq örtüyünü dağıdırıq, onu alqı-satqı obyektinə çeviririk və gətirib xüsusilə Bakı bağlarında satırıq. Bu torpağı alan şəxslərə sözüm ondan ibarətdir ki, torpaq öz xassələrini çox sürətlə dəyişir. Yəni o torpaq təbii olaraq Bakıda əmələ gəlməyibsə, heç vaxt Bakıda olduğu kimi qala bilməz. Siz o torpağı bağınıza tökürsünüz, qısa müddətdən sonra isə torpaq yerli şəraitin əsas xüsusiyyətlərini (duzluluq, su rejimi və s.) özünə götürür və aldığınız torpaq yararsız hala gəlir”.

“Çay məcralarından çıxarılan qumlar da çox zaman çayların məcrasında uçurumların əmələ gəlməsinə səbəb olur. Çünki bu, çay məcrasında dərinlik eroziyasını çox sürətlə artırır. Bu cür problemlər çoxdur. Bayaq qeyd etdiyim kimi, Bakıda və xüsusilə Xəzəryanı ərazilərdə torpaqların zəbt olunması baş verir, digər yerlərdə isə tullantı və qanunsuz qazıntı problemləri var. Bu işlə Daxili İşlər Nazirliyinin məşğul olması çox təqdirəlayiqdir, amma hesab edirəm ki, bu məsələyə obyekti məşğul olmaq lazımdır ki, bu cür hallar aradan qalxsın. Yəni vətəndaşlar qanunsuz əməllərinə görə mütləq cərimələnməli və heç bir güzəşt edilməməlidir. Burada özəl bir səlahiyyətə və ya müstəsna hallara yol vermək olmaz” deyə, ekoloq deyib.
Afaq Mirayiq,
Musavat.com

