Türk dünyasının iki dayağı birləşir – Bakı və Daşkəndin BÖYÜK PLANI

Türk dünyasının iki dayağı birləşir – Bakı və Daşkəndin BÖYÜK PLANI

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yalnız iki dövlətin əlaqələri kimi deyil, Türk dünyasının yüksələn əməkdaşlıq modelinin ən parlaq nümunələrindən biri kimi diqqət çəkir. Bakı ilə Daşkənd arasında formalaşan qarşılıqlı etimad, siyasi həmrəylik və səmimi dostluq münasibətləri iki ölkənin strateji tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə daşıyıb.

Prezident İlham Əliyevin Özbəkistan televiziyasına verdiyi müsahibə də bu münasibətlərin arxasında dayanan güclü siyasi iradəni və qarşılıqlı hörməti bir daha nümayiş etdirir. Azərbaycan və Özbəkistanın rəhbərləri arasında qurulan etibarlı dialoq dövlətlərarası əlaqələrin bütün istiqamətlər üzrə sürətli inkişafına ciddi təkan verib. Bu gün Bakı və Daşkənd bir çox regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edən, bir-birinin mövqeyini dəstəkləyən yaxın tərəfdaşlardır.

d2ac8d9f221a8baf00adcd6bd35cbd91.jpg (244 KB)

Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız siyasi əlaqələrlə ölçülmür. Tarixi, milli və mənəvi bağlarla bir-birinə sıx bağlı olan iki ölkənin əməkdaşlığı iqtisadiyyatdan nəqliyyata, energetikadan humanitar sahəyə qədər geniş bir coğrafiyanı əhatə edir. Bu yaxınlaşma həm Azərbaycan, həm də Özbəkistan üçün yeni imkanlar yaratmaqla yanaşı, Türk dünyasının ümumi gücünün artmasına da xidmət edir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxan mühüm geosiyasi amilə çevrilir. Bakı ilə Daşkəndin getdikcə daha sıx birləşməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpülərinin yaranmasına, türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə və regionda Azərbaycanın rolunun daha da güclənməsinə mühüm zəmin yaradır. Bu gün Azərbaycan və Özbəkistanın münasibətləri bir daha göstərir ki, ortaq tarix və milli-mənəvi dəyərlər üzərində qurulan dostluq siyasi iradə ilə birləşdikdə böyük regional gücə çevrilə bilir. Bakı-Daşkənd xətti məhz belə bir strateji və qardaşlıq modelinin uğurlu nümunəsidir.

KENAN NOVRUZOV ESAS.jpeg (94 KB)

Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir:

“Ölkə liderinin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Nəticədə Azərbaycan-Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib. Bu prosesdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyev arasındakı dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir:

“İki ölkə arasında çoxşaxəli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət qazandırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi inteqrasiyasına yeni impuls verir. Azərbaycan–Özbəkistan əməkdaşlığında Qarabağın və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil, Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə birgə baxışın rəmzidir”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir