Kəlbəcər və Laçın rayonlarını birləşdirəcək yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mürəkkəb dağlıq relyefdən keçən layihənin icrası başa çatdıqdan sonra iki rayon arasında nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq və məsafə 31,98 kilometr qısalacaq.
ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir.
Layihəyə əsasən, uzunluğu 75,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəyə uyğun olaraq, ərazinin relyef xüsusiyyətlərindən asılı olaraq 2–4 hərəkət zolağında inşa edilir.
Avtomobil yolunun tikintisi çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçidin inşası nəzərdə tutulub. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma işləri tamamlanıb, 12 tuneldə isə betonlama işləri başa çatdırılıb.
Hazırda tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Layihə üzrə ümumi işlərin 50 faizindən çoxu artıq icra olunub.
Yeni avtomobil yolunun istifadəyə verilməsi Kəlbəcər və Laçın arasında gediş-gəliş müddətinin və məsafənin əhəmiyyətli dərəcədə azalmasına imkan yaradacaq. Bununla yanaşı, yolun Şərqi Zəngəzurda nəqliyyat infrastrukturunun inkişafına, regionda yeni nəqliyyat əlaqələrinin formalaşmasına və işğaldan azad edilmiş ərazilərin vahid yol şəbəkəsinə inteqrasiyasına mühüm töhfə verəcəyi gözlənilir.
Layihə çərçivəsində həyata keçirilən genişmiqyaslı tikinti işləri Qarabağ və Şərqi Zəngəzurda müasir yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən tədbirlərin mühüm tərkib hissəsidir.
