Buğda böhranı – nə qədər ehtiyatımız və ehtiyacımız var?

Buğda böhranı – nə qədər ehtiyatımız və ehtiyacımız var?

Dünya buğda bazarı iqlim dəyişiklikləri, quraqlıq və müharibələr səbəbindən ciddi təzyiqlə üzləşib. “The New York Times” xəbər verir ki, qlobal ərzaq sisteminin əsas dayaqları olan sərbəst ticarət, ucuz enerji və sabit iqlim eyni vaxtda pozulur. Nəşrin məlumatına görə, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdəki hərbi qarşıdurma kənd təsərrüfatı məhsullarının ticarətini çətinləşdirib. Qırmızı dənizdə husilərin hücumları da ərzaq daşımalarının təhlükəsizliyinə və logistika xərclərinə təsir göstərir.

Vəziyyəti əsas taxıl ixracatçısı ölkələrdə müşahidə olunan güclü quraqlıq və anomal istilər daha da ağırlaşdırır. Bu amillər buğda istehsalına və dünya bazarına çıxarılan məhsulun həcminə mənfi təsir göstərə bilər. Bundan əlavə, El-Ninyo iqlim fenomeni Panama kanalı, Reyn və Dunay kimi mühüm nəqliyyat marşrutlarında su səviyyəsinin azalmasına səbəb olub. Bu isə taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınmasını bahalaşdırır.

Ən çox buğda ehtiyatı olan ÖLKƏLƏR...

Mütəxəssislərin fikrincə, enerji və logistika xərclərinin artması ilə yanaşı, iqlim problemlərinin dərinləşməsi dünya ərzaq bazarında qiymət təzyiqini gücləndirə bilər. Bu vəziyyət xüsusilə idxaldan asılı ölkələr üçün əlavə risk yaradır.

Qeyd edək ki, Rusiya və Ukraynadan buğda ixracı ənənəvi olaraq avqust ayında pik həddə çatsa da, bu il praktik olaraq dayanıb. Gəmilər Rusiyanın raketlərlə hədəf aldığı Odessa limanlarına girişi dayandırıb. Novorossiyskdəki taxıl terminalları isə Qara və Azov dənizlərindəki gəmiləri də hədəf alan Ukrayna dronlarının hücumları səbəbindən dayandırılıb. “Financial Times” qəzetinin məlumatına görə, rekord istilərlə birlikdə bu, buğda fyuçerslərinin təxminən üç illik maksimuma yüksəlməsinə səbəb olub.

“Oxford Economics” iki ölkə arasında dəniz müharibəsi səbəbindən qlobal taxıl bazarında itkiləri 86 milyon ton və ya qlobal ixracatın təxminən 17%-i səviyyəsində qiymətləndirir: Rusiya alıcılara 52 milyon ton, Ukrayna isə 34 milyon ton çatdıra bilməyəcək. Dəmir yolu və Dunay vasitəsilə Ukrayna üçün alternativ marşrutlar yalnız 17 milyon tonu kompensasiya edəcək.
Mütəxəssislər bunu buğda bazarı üçün Hörmüzün neft bazarında yaratdığı problemdən daha ağır nəticə kimi qiymətləndirirlər.

Ukrayna hökumətinin məlumatına görə, Rusiyanın limanlara və yükləmə gəmilərinə hücumları səbəbindən avqust ayında taxıl ixracı illik müqayisədə 75 faiz azalıb. Rusiyaya gəldikdə isə ixracın 2025-ci ilin avqust ayında 4,6 milyon tondan 2,2 milyon tona düşəcəyi proqnozlaşdırılır və daşınmaların əsas hissəsi Azov dənizi və Qara dənizdən kənar marşrutlarla həyata keçirilir. Bu dənizlərlə ixrac tam dayandırılıb.

Regionda əməliyyat ixrac gücü Tuapsedəki yeganə qalan terminalda ayda 3,3 milyon tondan 250.000 tona endirilib.

Avqust ayının əvvəlində Ukrayna Rusiyaya Qara dənizdə atəşkəs təklif bu həftənin əvvəlində Ukrayna dronları Novorossiysk və Tuapse yaxınlığında beş gəmiyə hücum edib.

BMT-nin proqnozlarına görə, təkcə iqlim dəyişikliyi bu il 50 milyon insan üçün kəskin ərzaq təhlükəsizliyi yaradacaq. Rusiya və Avrasiya üzrə Karnegi Berlin Mərkəzinin direktoru Aleksandr Qabuyev qeyd edir ki, Ukrayna və Rusiya buğda ixracının dayandırılması daha da ciddi ərzaq təhlükəsizliyi böhranına səbəb olacaq. O, hesab edir ki, bütöv bir qrup ölkə Rusiya və Ukraynadan ixracın bərpasından birbaşa asılıdır. Bunlara kənd təsərrüfatı məhsullarını alan Yaxın Şərq və Afrika ölkələri, eləcə də Rusiya və Ukraynadan yalnız Rusiya neftini deyil, həm də ərzaq məhsullarını alan Asiya nəhəngləri Hindistan və Çin daxildir.

Oxford Economics qlobal ərzaq qiymətlərinin bu il 11,8 faiz, 2027-ci ildə isə 4,8 faiz artacağını gözləyir.

Bloomberg-in məlumatına görə, avqustun əvvəlindən bəri Çikaqo birjasında buğda qiymətləri 9 faiz artar son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Hələ aqustun əvvəlində dekabr ayı üçün çatdırılacaq buğdanın qiyməti ilin əvvəlindəki minimum qiymətlərdən 40 faiz yüksək olmaqla 263,5 dollar olmuşdu. Ötən dövrdə daha 9 faiz bahalaşma gedib, proses davam edir. Buna daha çox Rusiyanın Qara dənizdə atəşkəs təkliflərini qəbul etməməsi səbəb olur.

Aydın məsələdir ki, ərzaqlıq buğda təminatında idxaldan asılı olan Azərbaycan üçün bu proses müsbət təsirli ola bilməz. Doğrudur, ixracın kəskin azalması fonunda əsas idxal bazarımız olan Rusiya daxilində buğdanın qiymətləri də düşüb. Lakin nə istehsalçılar, nə də ixracatçılar məhsulu xaricə daxildəki qiymətə satmır. Onların Azərbaycana buğdanı dünya bazarından ciddi fərqlənən qiymətə satacağı real deyil.

İkinci idxal bazarımız olan Qazaxıstanda 2026-cı ildə buğda məhsulunun 13-13,5 milyon ton olacağı proqnozlaşdılır ki, bu da ötən ilin rekord həddi olan 19,3 milyon ton göstəricisindən 30 faiz aşağıdır. Bu ölkədə yığım prosesi gedir. Qazaxıstanlı istehsalçılar qiymətlərin ötən ilkindən 10 faiz baha olacağını gözləyirlər. Bu isə o deməkdir ki, Azərbaycanın buğdanı dünya bazarından kəskin aşağı qiymətə almaq şansı yoxdur. Lakin iki böyük buğda istehsalçısı ilə qonşu olmaq coğrafi və nəqliyyat-logistik üstünlük yaradır: Ölkə ehtiyacını qarşılamaq üçün buğda tapmaqda çətinlik çəkməyəcək. Buna baxmayaraq, yerli istehsalın bu il daha da azalması fonunda daha çox buğda idxal etməli olacaq. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu il Azərbaycanda cəmi 460,5 min hektar sahədə buğda əkilib. Bu, ötən ilkindən 24 min hektar, yaxud 4,9 faiz azdır. Avqustun 3-nə olan məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93,0 faizi biçilib. Sahələrdən 3 milyon 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49,0 faizi) buğdanın, 1 milyon 561,2 min tonu (49,9 faizi) arpanın, 35,9 min tonu (1,1 faizi) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Ötən ilin müvafiq tarixi (2025-ci il avqustun 5-i) ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz, o cümlədən arpa üzrə 15,9 faiz çox, buğda üzrə isə 2,1 faiz azdır.

Rəsmi statistika buğda üzrə yığımın nisbətən az olmasını həmin tarixə biçilmiş sahənin (420,7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah edərək hər hektardan məhsuldarlığın 33,6 sentnerdən 36,5 sentnerə yüksəldiyini bildirir.

İyun ayında Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2026-cı ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib

Agentliyin açıqlamasına əsasən tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən 1-ci, 2-ci və 3-cü sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına uyğun pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq edilir. Belə ki, təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 25 iyun 2026-cı il tarixli sərəncamında müəyyən edilən dörd yüz manat dövlət tədarük qiymətindən aşağı olduğu halda aradakı fərqin kompensasiya edilməsi məqsədilə sözügedən proqrama qoşulan istehsalçılara tətbiq edilən məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.

Qeyd etməyə dəyər ki, hər dəfə dünya ərzaq bazarında bahalaşma, yaxud buğda təchizatında problemlər yarandıqda Azərbaycanda ölkənin özünü buğda ilə təmin etməsi məsələsi aktuallaşır. Müzakirələr aparılır, məmurlar müxtəlif vədlər verirlər. Buğda kimi strateji məhsulun təminatında idxaldan asılılıq ölkə rəhbərliyi tərəfindən dəfələrlə əsas problemlərdən biri kimi qeyd edilib, onun həlli üçün addımlar atılmasının vacibliyi vurğulanıb. Lakin hələ ki, ölkədə buğda istehsalı artmaq əvəzinə azalır. Bu məhsulun xaricdən idxalına çəkilən xərclər isə artır. Son 3 ildə Azərbaycan buğda idxalına 1 milyard dollara yaxın vəsait xərcləyib. Buğda qiymətlərindəki artım bu il də yüz milyonlarla dolların ölkədən çıxmasına səbəb olacaq.

Azərbaycana buğda idxalı 50% azalıb | Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 143 milyon 457,3 min dollar dəyərində 631 min 685,9 ton buğda idxal edilib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə 646 min 335,5 ton buğdanın idxalına 140 milyon 138,5 min dollar xərclənmişdi. Bu isə o deməkdir ki, buğda idxalı miqdar ifadəsində 14 min 649,6 ton və ya 2,3 faiz azalsa da, dəyər ifadəsində 3 milyon 318,8 min dollar və ya 2,4 faiz artıb. Nəticədə bir ton buğdanın orta idxal dəyəri 217 dollardan 227 dollara yüksəlib. İlin sonunadək bahalaşmanın təsiri ilə xaricə daha çox valyutanın çıxması qaçılmazdır.Azərbaycan hökuməti 2030-cu ilədək ölkədə buğda üzrə məhsuldarlığı 50 sentnerə çatdırmaq niyyətindədir.

Dünya SAKİT,
Musavat.com 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir