Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bakıda beynəlxalq konfransın iştirakçılarını qəbul zamanı etdiyi çıxış Azərbaycanın milli maraqları, tarixi yaddaşı və xarici siyasət prioritetləri baxımından mühüm mesajlarla yadda qaldı . Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə ayrı-ayrı məsələlərə münasibət deyil, Azərbaycanın son illərdə keçdiyi siyasi, hərbi və diplomatik yolun ümumiləşdirilməsi kimi yaddaşlara həkk olundu.
Prezident çıxışında ilk növbədə Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrə, tarix boyu yetişdirdiyi böyük şəxsiyyətlərə və zəngin milli-mədəni irsə diqqət çəkib. Bu məqam Azərbaycanın yalnız geosiyasi hadisələrin iştirakçısı deyil, həm də dünya sivilizasiyasına öz töhfəsini vermiş xalq kimi təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışın mühüm istiqamətlərindən biri də Azərbaycanın türk dünyasındakı yeri və Qafqazdakı rolu ilə bağlı olub. Azərbaycan Prezidentinin yanaşmasından aydın görünür ki, Bakı özünü eyni vaxtda həm böyük türk dünyasının ayrılmaz parçası, həm də Qafqazın aparıcı dövlətlərindən biri kimi görür. Bu iki istiqamət Azərbaycanın regional və beynəlxalq siyasətində bir-birini tamamlayan xətt kimi ortaya çıxır.
Prezidentin mesajlarında İslam həmrəyliyi də xüsusi yer tutub. Azərbaycanın müsəlman dünyasında həm siyasi, həm də humanitar və mədəni platformalarda fəal mövqe nümayiş etdirdiyi vurğulanıb. Bakı son illərdə İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüsləri dəstəkləməklə yanaşı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını keçirməklə bu siyasətin yalnız bəyanatlardan ibarət olmadığını nümayiş etdirib. Bununla yanaşı, dövlət başçısının çıxışında Qarabağ məsələsi və işğal illərinin ağır nəticələri xüsusi çəkisi olan mövzu kimi ön plana çıxıb. Azərbaycan xalqının 30 il ərzində üzləşdiyi işğal, dağıntılar və insan faciələri, Xocalı soyqırımı, Qarabağ və Şərqi Zəngəzurda mədəni-dini irsə vurulan zərər bir daha xatırladılıb. Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində 65 məscidi tamamilə dağıtması kimi faktlar tarixi yaddaşın nə üçün qorunmasının vacib olduğunu göstərir. Azərbaycanın mövqeyi burada aydındır. Sülh gələcəyə baxışdır, lakin sülh naminə keçmişi silmək, törədilmiş cinayətləri unutmaq mümkün deyil. Prezidentin “Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq” mesajı da məhz bu siyasi və mənəvi mövqeni ifadə edir.
Çıxışın digər mühüm xətti Qarabağ münaqişəsi dövründə beynəlxalq münasibətlər sistemində özünü göstərmiş ikili standartlarla bağlıdır. Azərbaycan uzun illər BMT, ATƏT və digər beynəlxalq strukturların münaqişənin həlli istiqamətində real nəticə ortaya qoymamasından narazılığını ifadə edib. Ermənistanı dəstəkləyən bəzi xarici qüvvələrin işğalın aradan qaldırılmasında maraqlı olmaması, əksinə, mövcud vəziyyətin mümkün qədər uzun müddət saxlanmasına çalışması Azərbaycanın diplomatik ritorikasında daim xüsusi yer tutub. Avropa strukturlarının Azərbaycana və Ermənistana münasibətindəki fərqlər də bu kontekstdə dövlət başçısının diqqətə çatdırdığı məsələlərdəndir.
Ölkə başçısının Avropa Parlamentinə dair sərt fikirləri də məhz uzun illər ərzində Azərbaycana münasibətdə nümayiş etdirilən yanaşmanın tənqidi oldu. Azərbaycanın arqumentinə görə, Ermənistanın işğal siyasəti dövründə İrəvana qarşı adekvat siyasi və iqtisadi təzyiq mexanizmlərinin işə salınmaması, Qarabağın azad edilməsindən sonra isə Azərbaycana qarşı təzyiq və sanksiya çağırışlarının gündəmə gətirilməsi Qərbin müəyyən siyasi dairələrinin ikili standartlardan çıxış etdiyini göstərib.
İlham Əliyevin çıxışında Zəfər mövzusu isə Azərbaycanın müasir tarixində baş vermiş ən mühüm dönüş nöqtəsi kimi təqdim olunur. 2020-ci ildə başlanan Vətən müharibəsi və sonrakı hərbi-siyasi proseslər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması təkcə milli tarix baxımından deyil, beynəlxalq münasibətlər sistemi baxımından da diqqətçəkən hadisədir. XX və XXI əsrlərdə işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunması nadir hadisələrdən biri olduğu üçün Azərbaycan öz Zəfərini beynəlxalq hüquq və ədalətin bərpası kontekstində qiymətləndirir. Bunun ardınca separatçı rejimin rəhbərlərinin və hərbi cinayətlərdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb olunması da Azərbaycanın müharibədən sonrakı mərhələdə tutduğu mövqenin bir hissəsidir. Azərbaycan üçün Zəfər yalnız hərbi qələbə demək deyil. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, şəhər və kəndlərin bərpası artıq postmünaqişə dövrünün əsas dövlət siyasətinə çevrilib. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr Qarabağın gələcək simasının formalaşdırılmasına hesablanıb. Bir vaxtlar dağıntı və mina təhlükəsi ilə assosiasiya olunan ərazilərin yenidən yaşayış məkanına çevrilməsi Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir.
Azərbaycan Prezidentinin çıxışından çıxan mühüm nəticələrdən biri də Azərbaycanın sülh məsələsində mövqeyinin dəyişməz qalmasıdır. Bakı regionda davamlı sülhün və sabitliyin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Lakin Azərbaycanın sülh siyasəti tarixi yaddaşdan imtina anlamına gəlmir. Əksinə, dövlət başçısının mesajlarında bu iki xətt paralel şəkildə görünür. Azərbaycan gələcəyə sülh və əməkdaşlıq prizmasından baxır, eyni zamanda xalqına qarşı törədilmiş faciələri, işğalın nəticələrini və dağıdılmış tarixi-mədəni irsi yaddaşdan silmir. Bu baxımdan İlham Əliyevin bugünkü çıxışı Azərbaycanın özünü həm türk dünyasının, həm İslam aləminin, həm də Qafqazın mühüm aktoru kimi təqdim etdiyi geniş siyasi xəttin növbəti ifadəsidir. Qarabağda əldə edilmiş Zəfər, Böyük Qayıdış, regional əməkdaşlıq, türk dünyasının inteqrasiyası və İslam həmrəyliyinin gücləndirilməsi eyni siyasi konsepsiyanın müxtəlif istiqamətlərini təşkil edir. Azərbaycanın əsas mesajı isə dəyişmir, ölkə sülhə və əməkdaşlığa hazırdır, lakin öz tarixini, milli maraqlarını və Zəfərini unutmaq niyyətində deyil…
Cavanşir Abbaslı
Musavat.com
