Ucuz internet tarifləri ləğv edilir: Abonent niyə daha çox ödəməlidir?

Ucuz internet tarifləri ləğv edilir: Abonent niyə daha çox ödəməlidir?

Azərbaycanda sabit internet istifadəçilərini yeni qiymət dəyişikliyi gözləyir. Oktyabrın 1-dən qiyməti 18 manat və ya daha aşağı olan sabit internet tariflərinin 25 manatlıq vahid minimum tarifə keçirilməsi nəzərdə tutulur. Bu isə xüsusilə daha ucuz paketlərdən istifadə edən minlərlə abonentin aylıq internet xərclərinin artacağı anlamına gəlir.

Dəyişikliyin tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun inkişafı ilə əsaslandırıldığı bildirilir. Lakin sual yaranır: internet xidmətlərinin keyfiyyəti eyni səviyyədə qalacağı halda, abonentlərin daha yüksək ödəniş etməsi nə ilə əsaslandırılır? Çünki internet qiymətlərində bundan əvvəlki dəyişiklikdən sonra da narazılıq xeyli artmışdı. İstifadəçilər daha çox pul ödədikləri halda, aşağı keyfiyyətli xidmətlə üz-üzə qaldıqlarını bildirirdilər. Xüsusilə axşam saatlarında internetin tez-tez kəsilməsi bu narazılığı daha da artırırdı.

Eyni zamanda, ucuz tariflərin aradan qaldırılması abonentlərin seçim imkanlarını məhdudlaşdırır. Telefonlara göndərilən mesajlarda bu yeniliklə bağlı belə yazılıb: “Hörmətli abunəçi, qoşulduğunuz güzəştli kampaniya 15.10.2026 tarixindən ləğv edilir. Minimal aylıq ödəniş: 25 AZN/100 Mbit/s”. Bu, abonentə seçim azadlığı verməmək deyilmi? Bəlkə də ucqar kənddə yaşayan bir abonentə 100 Mbit/s sürət lazım deyil və o, 40 Mbit/s sürətlə də kifayətlənə bilər?!

Üstəlik, bazarda hələ də 18 manat və daha aşağı qiymətə xidmət göstərən provayderlərin olması vahid minimum tarifin tətbiqinin zəruriliyini necə izah edir? Yeni tarif siyasəti istehlakçıların xərclərinə və internet bazarında rəqabətə necə təsir edəcək? Operatorların daha yüksək sürət və əlavə xidmət təklif etməsi isə qiymət artımını bütün istifadəçilər üçün əsaslandırmağa kifayət edirmi?

Akif Nəsirli: "Yeni platforma ölkədə biznes proseslərini xeyli  asanlaşdıracaq" – ÖZƏL

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Tariflərin vahidləşdirilməsi özü-özlüyündə internet xidmətinin keyfiyyətinin yüksəlməsi demək deyil. Əgər abonent əvvəl aldığı keyfiyyətdə xidmətə görə daha çox ödəyəcəksə, qiymət artımının əsaslandırılması üçün sadəcə infrastrukturun inkişaf etdiriləcəyi və ya gələcəkdə daha yüksək sürətin təqdim olunacağı arqumenti kifayət qədər güclü görünmür. İstehlakçı üçün əsas meyar ödədiyi məbləğ qarşılığında konkret olaraq nə əldə etməsidir.

Vahid minimum tarifin tətbiqi də bazardakı rəqabət baxımından suallar yaradır. Əgər bəzi provayderlər 18 manat və daha aşağı qiymətə xidmət göstərə bilirsə, ilk növbədə həmin tarifin hansı iqtisadi səbəbdən mümkün olduğu və digər operatorların niyə eyni qiymətə xidmət göstərə bilmədiyi izah edilməlidir. Daha ucuz tarifin mövcudluğu bazarda rəqabətin olduğunu göstərirsə, onun inzibati qaydada aradan qaldırılması istehlakçının seçim imkanlarını azalda bilər.

Digər tərəfdən, internet infrastrukturunun yenilənməsi, şəbəkələrin genişləndirilməsi, daha yüksək sürətin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi operatorlar üçün əlavə investisiya tələb edir. Bu xərclərin müəyyən hissəsinin tariflərə əks olunması iqtisadi baxımdan başadüşüləndir. Amma bunun üçün tarif artımının real investisiya və xidmət keyfiyyəti ilə əlaqəsi şəffaf şəkildə göstərilməlidir”.

İqtisadçının sözlərinə görə, ən böyük risk ondan ibarətdir ki, vahid minimum tarif rəqabəti qiymət üzərindən zəiflədib provayderləri əsasən eyni qiymətə xidmət göstərməyə yaxınlaşdıra bilər: “Bu halda rəqabət yalnız sürət və əlavə xidmətlər üzərində qalacaq. Halbuki gəlirləri aşağı olan abonentlər üçün sürətdən daha çox münasib qiymət əhəmiyyətlidir. Buna görə bazarda həm yüksək sürətli premium xidmətlərin, həm də daha aşağı qiymətli əsas paketlərin qalması istehlakçı seçimi baxımından daha çevik model olardı.

Yəni qiymət artımını yalnız “daha yüksək sürət və daha yaxşı infrastruktur” vədi ilə əsaslandırmaq kifayət deyil. Abonent ödədiyi əlavə pulun qarşılığında konkret və ölçülə bilən üstünlük əldə etməlidir. Əks halda tariflərin vahidləşdirilməsi infrastrukturun inkişafından çox, rəqabətin qiymət komponentinin zəifləməsi kimi qəbul edilə bilər”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir