Ölkə turizmində böyük profisit – Qışa necə HAZIRLAŞMALI?

Ölkə turizmində böyük profisit – Qışa necə HAZIRLAŞMALI?

2026-cı ilin 6 ayı ərzində qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 14,7% azalaraq 1,4 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bank xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın 747,8 mln. ABŞ dolları, idxalın isə 700,6 mln. ABŞ dolları olması nəticəsində 47,2 mln. ABŞ dolları həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10,3% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 700,6 mln. ABŞ dolları olub. Bunun 75,9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məhsul idxalı üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3,9 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 4,9% artaraq 1,2 mlrd. ABŞ dollarına çatıb.

Nəqliyyat xidmətləri üzrə profisit isə 9,9% artaraq 941,1 mln. ABŞ dolları olub. Qeyd edək ki, 2025-ci ilin 6 ayında nəqliyyat xidmətləri üzrə profisit 856,4 mln. ABŞ dolları təşkil edib. Bu dinamika onu göstərir ki, nəqliyyat xidmətləri xidmətlər balansına müsbət təsir göstərən dayanıqlı maddəyə çevrilir.

Artıq yayı geridə qoymaqdayıq, çimərlik mövsümü başa çatıb. Ancaq turizm ilboyu aktual məsələdir. İndi qış turizminin inkişafı vacibdir. Gürcüstan və Ermənistan qış turizminə xüsusi diqqət yetirir. Azərbaycan bu hesabatları nəzərə alaraq, hansı addımları atmalıdır?

Samir Dübəndi: “Qarabağda kiçik yerləşmə vasitələri də yaradılmalıdır”

“Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Samir Dübəndinin fikrincə, bu göstəriciləri yalnız turizm xidmətləri üzrə 47,2 milyon ABŞ dolları həcmində müsbət saldonun qalması ilə qiymətləndirmək düzgün olmazdı.

Musavat.com-a şərhində ekspert xatırladıb ki, 2025-ci ilin ilk yarısında həmin profisit 194,3 milyon dollar olub: “Assosiasiyanın hesablamalarına görə, bir il ərzində müsbət saldo təxminən 76 faiz azalıb. Daha mühüm məqam isə turizm xidmətləri ixracının 946,4 milyon dollardan 747,8 milyon dollara, yəni təxminən 21 faiz azalmasıdır. İdxal isə daha zəif templə – təxminən 6,8 faiz geriləyib.

Başqa sözlə, balans hələ də müsbətdir, lakin onun arxasında gəlmə turizmindən əldə olunan xidmət gəlirlərinin nəzərəçarpacaq dərəcədə azalması dayanır. Düşünürəm ki, burada başqa bir vacib məsələ də rəsmi turizm statistikasının dərinliyidir. Biz Azərbaycana neçə nəfərin daxil olduğunu, onların hansı ölkələrdən gəldiyini, müəyyən hallarda cins və nəqliyyat növü üzrə bölgünü görə bilirik. Lakin açıq operativ statistikada turistlərin səfər məqsədləri, bazar seqmentləri, orta qalma müddəti, orta gündəlik və ümumi xərci, regionlar üzrə hərəkəti, istifadə etdiyi yerləşmə vasitəsinin növü, təkrar səfərləri və digər vacib davranış göstəriciləri tam və sistemli şəkildə təqdim olunmur.

Buna görə də sərhəddən daxil olanların ümumi sayını turizm bazarının vəziyyətini qiymətləndirmək üçün təkbaşına kifayət edən göstərici hesab etmək çətindir. Eyni zamanda, Dövlət Turizm Agentliyinin bu istiqamətdə gördüyü işi də qeyd etmək lazımdır. Agentliyin rəsmi saytında interaktiv turizm statistikası bölməsi fəaliyyət göstərir. İstifadəçi gəlmə göstəricilərini ölkə və regionlar üzrə filtrləyə, aylıq tendensiyaları və əvvəlki dövrlə müqayisələri izləyə bilir. Bu, məlumatların əlçatanlığı baxımından müsbət addımdır. Ancaq həmin sistem də hələ turizmin iqtisadi və davranış seqmentasiyasını tam əhatə etmir. Ona görə mən bunu “real vaxt statistikası” deyil, daha çox onlayn və interaktiv şəkildə təqdim olunan, dövri yenilənən statistika kimi xarakterizə edərdim. Ayrı-ayrı dövlət qurumlarının idarəetmə məqsədləri üçün daha detallı inzibati məlumatlardan istifadə etməsi mümkündür. Lakin açıq məlumat istifadəçisi həmin mənzərəni bütöv şəkildə görə bilmir. Düşünürəm ki, əsas məsələlərdən biri məhz budur: müxtəlif qurumlarda formalaşan məlumatların metodoloji baxımdan uzlaşdırılması və bazar iştirakçıları, tədqiqatçılar, investorlar və ictimaiyyət üçün daha geniş şəkildə açıqlanması.

Maraqlıdır ki, 20 avqust 2026-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu problemi faktiki olaraq özü də müəyyən edir. Söhbət növbəti beş il üçün turizm siyasətinin əsas istiqamətlərini müəyyən edən dövlət sənədindən gedir. Burada turizm idarəetməsi, tənzimləmə, regionların inkişafı, marketinq, turizm məhsulları, rəqəmsallaşma, statistika və tədqiqat, investisiyalar və insan resursları kimi əsas istiqamətlər nəzərdə tutulur. Dövlət Proqramında turizm statistikasının təkmilləşdirilməsi ayrıca istiqamət kimi müəyyən edilib. Burada “Turizm Köməkçi Hesabı”nın tam və davamlı şəkildə aparılması və açıqlanması, təkrar səfərlərin statistik ölçülməsi, regional göstəricilərin genişləndirilməsi və turizm statistikasının ictimaiyyət üçün daha səmərəli təqdim olunması nəzərdə tutulur”.

S.Dübəndi hesab edir ki, turizm xidmətlərinin ixracının artırılması məsələsinə də yalnız “daha çox turist gətirək” yanaşması ilə baxmaq kifayət deyil: “Turistin ölkədə nə qədər qalması, nə qədər vəsait xərcləməsi, həmin vəsaitin Bakı ilə məhdudlaşmayaraq regionlara nə qədər yayılması və turistin hansı xidmətlərdən istifadə etməsi daha vacib iqtisadi göstəricilərdir. Dövlət Proqramında birbaşa hava əlaqələrinin genişləndirilməsi, aviabiletlərin əlçatanlığının artırılması, regional hava limanlarına yeni beynəlxalq və aşağıbüdcəli reyslərin cəlbi, vizaların sadələşdirilməsi, yeni turizm məhsullarının yaradılması və regionlara səfərlərin təşviqi kimi alətlər artıq müəyyən edilib.

Burada əsas məsələ həmin tədbirlərin icrasının turist sayı ilə yanaşı gəlir, qalma müddəti, xərcləmə və regionlara iqtisadi təsir göstəriciləri ilə ölçülməsidir. Digər mühüm məsələ bazarın konsolidasiyasıdır. Turizm yalnız turoperator və hoteldən ibarət deyil. Nəqliyyat, ictimai iaşə, əyləncə, mədəniyyət, ticarət, bələdçilik, sağlamlıq xidmətləri, tədbirlər sənayesi, kənd təsərrüfatı məhsulları, yerli istehsal, rəqəmsal xidmətlər və digər çoxsaylı fəaliyyət sahələri turizm məhsulunun bir hissəsidir və ya turizmdən əlavə dövriyyə əldə edir. Bu səbəbdən turizmin iqtisadi təsirini yalnız bir neçə ənənəvi fəaliyyət növünün statistikası ilə ölçmək bazarın real miqyasını tam göstərməyə bilər.

Düşünürəm ki, burada profil assosiasiyalarının rolu daha böyük ola bilər. Assosiasiyalar yalnız ayrı-ayrı bizneslərin maraqlarını ifadə edən qurum kimi deyil, müəyyən mənada sahəvi “think tank” analitik və ekspert mərkəzi kimi fəaliyyət göstərə bilər. Onların üstünlüyü müxtəlif seqmentlərdə çalışan mütəxəssisləri, elm və praktikanı, sahibkarları və əlaqəli sahələrin ekspertlərini bir platformada birləşdirməsidir. Bizim öz təcrübəmizdə də beynəlxalq və yerli qrant, tender və layihələrdə iştirak, müxtəlif sahələrdən ekspertlərlə işləmək göstərir ki, bazara yalnız bir müəssisənin və ya bir problemin prizmasından deyil, bütöv ekosistem kimi baxmaq daha dolğun nəticə verir.

Bu baxımdan bazarın qiymətləndirilməsində ayrı-ayrı kommersiya iştirakçılarının fikirləri ilə yanaşı, uzun illər sahədə çalışan, elmi və praktiki təcrübəni birləşdirən mütəxəssislərin və peşə assosiasiyalarının mövqeyinə də sistemli şəkildə qulaq asılması faydalı olardı. Çünki ayrı-ayrı bazar iştirakçısı təbii olaraq daha çox öz seqmentinin problemlərini görür; assosiasiyanın və sahəvi ekspert platformasının vəzifəsi isə müxtəlif maraqları, statistik məlumatları və bazar tendensiyalarını birləşdirərək ümumi mənzərəni təqdim etməkdir”.

Ekspert həmçinin, vurğulayıb ki, mövcud göstəricilər müəyyən çətinliklərə işarə etsə də, vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər real imkanlar mövcuddur:

“Azərbaycanda turizmin inkişafı üçün həm resurs bazası, həm infrastruktur, həm də yeni Dövlət Proqramında nəzərdə tutulan konkret alətlər formalaşdırılıb. Əsas məsələ bu imkanların ardıcıl icrası, dövlət, biznes, peşə assosiasiyaları və ekspert mühitinin daha sıx əməkdaşlığı, həmçinin qərarların daha dolğun və keyfiyyətli statistikaya əsaslanmasıdır. Fikrimcə, bu potensial düzgün idarə olunarsa, Azərbaycan turizmi yaxın illərdə yalnız turist sayına görə deyil, yaratdığı iqtisadi dəyər və xidmət keyfiyyəti baxımından da daha güclü mövqe qazana bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir