“Kasıbların bazarı” bağlanır? – “Temu”ya zərbə

“Kasıbların bazarı” bağlanır? – “Temu”ya zərbə

Ucuz alış-veriş platforması niyə araşdırılır; ekspertlər: “İstehlakçının seçim imkanları məhdudlaşa bilər”

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin “Temu” elektron ticarət platforması ilə bağlı araşdırma aparır. Platformanın Azərbaycandakı təmsilçisi olan “PDD Holdings” şirkətinin rəqabət qanunvericiliyini pozub-pozmadığı araşdırılır.

ARANTV.AZ  xəbər verir ki, araşdırma rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü ilə bağlı qanunvericiliyin pozulması əlamətləri əsasında başlanılıb.

Agentlik “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı əlamətlər müəyyən edib.

Araşdırma Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əsasında aparılıb. Araşdırmanın nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, məsələ ilə bağlı iş qaldırılıb-qaldırılmamasına baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Yəni hazırkı mərhələdə “Temu”ya qarşı işin artıq qaldırıldığını demək düzgün deyil. Komissiya araşdırmanın nəticələrini qiymətləndirərək iş qaldırılması məsələsinə baxacaq.

Rəqabət Məcəlləsinin 43-cü maddəsinə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına dair müraciətlər, mediada yayılan məlumatlar, monitorinq və təhlillər əsasında rəqabət orqanı tərəfindən araşdırmalara başlanıla bilər. Araşdırma nəticəsində qanunvericiliyin pozulması əlamətləri müəyyən edilərsə, müvafiq subyekt barədə iş qaldırılır. Belə əlamətlər aşkar edilmədikdə isə araşdırmaya xitam verilir.

Məsələnin əsas suallarından biri “Temu”nun Azərbaycan bazarından çıxarılıb-çıxarılmayacağıdır.

Natiq Cəfərli: “Fərid müəllim, bir məktəbli startapa 1,5 milyon dollar cəlb  edib, fərqi görürsünüz?” Pravda.az

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə belə bir addıma ehtiyac olmadığını düşünür. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əksinə, elektron ticarət platformalarının fəaliyyətinin genişləndirilməsi üçün imkan yaradılmalıdır: “Antiinhisar Komitəsi vətəndaş məmnuniyyəti üçün deyilmi? Buna görə də vətəndaşın maraqlarını qorumalıdır. Vətəndaş məmnundursa, ucuz mal ala bilirsə, vaxtında çatdırılma olursa, deməli, problem yoxdur. Vətəndaşın hüquqlarını pozanda, onlara keyfiyyətsiz mal satanda, onları aldadanda, bəli, o zaman dövlət orqanları vətəndaşı qorumalıdırlar. İndi vətəndaş razıdırsa, şikayət yoxdursa, burada inhisarçılıq qanunvericiliyinin işə düşməsinə nə ehtiyac var?

Ölkədə o qədər inhisarçılıqla bağlı görülməli işlər var ki. Məsələn, elə mobil operatorlar inhisarçılıq qanunvericiliyinə zidd hərəkət edirlər. Çünki bazarın böyük hissəsinə nəzarət edirlər, qiymətləri də istədikləri an qaldırırlar.

Vətəndaş nədən məmnundursa, ona toxunmaq olmaz. Əksinə, onun işini genişləndirmək lazımdır. Bütün dünya artıq onlayn sifarişlər üzərinə inşa olunur. Əksinə, imkan yaratmaq lazımdır ki, başqa rəqiblər də yaransın, rəqabət olsun bu bazarda. Niyə bunu məhdudlaşdırmaq lazım gəlsin ki?”

Akif Nəsirli: “Azərbaycan üçün əsas məsələlərdən biri yalnız xammal  ixracını artırmaq deyil...”

Akif Nəsirli

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli hesab edir ki, hazırkı mərhələdə “Temu”nun Azərbaycan bazarından çıxarılacağını demək doğru olmaz. Onun sözlərinə görə, hazırda söhbət işin qaldırılması məsələsinə baxılmasından gedir və bu, avtomatik olaraq platformanın fəaliyyətinin dayandırılması və ya ölkədən çıxarılması demək deyil. Ekspert hesab edir ki, əvvəlcə şirkətin hansı konkret hərəkətlərinin rəqabət qanunvericiliyini pozduğu hüquqi baxımdan əsaslandırılmalıdır.

“Burada əsas məsələ ”Temu”nun ucuz qiymətlər təklif etməsi deyil, bu qiymət siyasətinin rəqabəti sıxışdırmaq məqsədi daşıyıb-daşımamasıdır. Elektron ticarət platforması uzun müddət çox aşağı qiymətlərlə işləyərək yerli satıcıları bazardan çıxarırsa, rəqiblərin fəaliyyətini məhdudlaşdırırsa və sonradan bazarda dominant mövqeyindən istifadə edərək qiymət və şərtləri diktə etmək imkanına sahib olursa, bu artıq ciddi rəqabət problemi yarada bilər. Amma sadəcə xarici platformanın yerli mağazalardan daha ucuz məhsul satması onun avtomatik olaraq inhisarçı və ya qanun pozucusu olması anlamına gəlmir.

Məncə, burada tənqidi yanaşmalı olduğumuz əsas məqam nəzarətin özündən çox, onun necə aparılmasıdır. Dövlət yerli biznesi qorumaq adı ilə istehlakçı üçün daha ucuz alış imkanlarını məhdudlaşdırmamalıdır.

Əgər “Temu”nun fəaliyyəti nəticəsində Azərbaycan istehlakçısı daha aşağı qiymətə məhsul əldə edirsə, dövlətin müdaxiləsi yalnız real rəqabət pozuntusu sübuta yetirildiyi halda əsaslandırıla bilər. Əks halda, məhdudiyyətlər nəticədə qiymətlərin artmasına və istehlakçının seçim imkanlarının azalmasına gətirib çıxara bilər.

Digər tərəfdən, “Temu”nun aqressiv qiymət siyasətinə göz yummaq da düzgün olmaz. Əgər platforma böyük maliyyə imkanlarından istifadə edərək məhsulları uzun müddət real bazar dəyərindən aşağı qiymətə satmaqla yerli və digər xarici rəqibləri sıxışdırırsa, burada dövlətin müdaxiləsi tamamilə legitimdir.

Xüsusilə platformanın həm satıcı, həm də bazarın qaydalarını müəyyən edən vasitəçi kimi çıxış etməsi maraqlar toqquşması və rəqabətin pozulması riskini artırır.

Ona görə də ən düzgün yanaşma “Temu”nu dərhal Azərbaycandan çıxarmaq və ya fəaliyyətini bloklamaq deyil. Əvvəlcə pozuntunun miqyası, qiymət siyasətinin məqsədi, yerli rəqiblərə təsiri və istehlakçıya vurduğu mümkün zərər dəqiq müəyyən edilməlidir.

Pozuntu təsdiqlənərsə, cərimə, müəyyən kommersiya praktikasının qadağan edilməsi və digər proporsional tədbirlər tətbiq oluna bilər. Platformanın ölkədən çıxarılması isə yalnız daha ağır və davamlı pozuntuların başqa vasitələrlə aradan qaldırılmasının mümkün olmadığı halda gündəmə gəlməlidir. Əks halda, rəqabəti qorumaq adı ilə rəqabətin özünü zəiflətmək riski yaranır. Azərbaycanın elektron ticarət bazarında əsas məqsəd konkret bir şirkəti bazardan uzaqlaşdırmaq yox, bütün platformalar üçün bərabər və şəffaf oyun qaydaları yaratmaq olmalıdır”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir