“Qida təhlükəsizliyi məsələsində güzəşt olmaz!..” – Ev məhsulları ilə bağlı QALMAQAL

“Qida təhlükəsizliyi məsələsində güzəşt olmaz!..” – Ev məhsulları ilə bağlı QALMAQAL

Xəbər verdiyimiz kimi, evdə hazırlanan konservləşdirilmiş qida məhsullarını satan şəxslərdən sertifikat tələb olunması nəzərdə tutulur. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yeni mexanizm çərçivəsində ilk növbədə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanaraq bazara çıxarıla biləcək qida məhsullarının dairəsi müəyyənləşdiriləcək.

Bununla yanaşı, həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim edilməsi prosesində qida təhlükəsizliyinin təmin olunması üçün müvafiq tələblər müəyyən ediləcək.

Yeni tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına şərait yaratmaqla yanaşı, onların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır.

Məsələ artıq ictimai müzakirələrə səbəb olub. Ev şəraitində hazırladıqları məhsulların satışından gəlir əldə edən şəxslər bildirirlər ki, yeni tələblərin sərtləşdirilməsi onların satış imkanlarına və gəlirlərinə təsir göstərə bilər.

Bəs evdə hazırlanan konservləşdirilmiş məhsulların sertifikatlaşdırılması istehlakçıların sağlamlığının qorunması baxımından nə dərəcədə vacibdir? Yeni tələblər kiçik ailə təsərrüfatlarına və ev şəraitində məhsul hazırlayıb satan şəxslərə hansı təsiri göstərə bilər?

Hamının faydalı bildiyi kərə yağı ziyanlıdır? | KONKRET

Qida mütəxəssisi İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a danışıb.

Mütəxəssis hesab edir ki, ev şəraitində hazırlanan məhsulların markalanması və etiketlənməsi ilə bağlı tələblər tamamilə əsaslıdır. Onun sözlərinə görə, söhbət insanların evdə qida hazırlayıb satmasının qarşısını almaqdan yox, həmin məhsulların təhlükəsizliyinin təmin edilməsindən gedir: “Qida məhsulunun hazırlanması, saxlanması, daşınması və istehlakçıya təqdim edilməsi qida təhlükəsizliyi baxımından müəyyən tələblərə uyğun olmalıdır. Əsas məsələ insanların ev şəraitində qida hazırlayıb satmasına mane olmaq deyil, həmin məhsulların təhlükəsizliyinə zəmanət verilməsi və hər hansı problem yarandıqda məhsulun mənbəyinin müəyyən edilə bilməsidir”.

İlkin Şirinov bildirib ki, bəzən bu məsələyə yalnız insanların əlavə gəlir əldə etməsi prizmasından yanaşılır. Lakin onun fikrincə, burada istehlakçıların sağlamlığı da nəzərə alınmalıdır: “Ev şəraitində hazırlanan qidadan hər hansı insan zəhərlənərsə, həmin insanın sağlamlığının qorunması da nəzərə alınmalıdır. Məsələn, evdə hazırlanan turşudan insan botulizmlə zəhərlənərsə, həmin məhsulun hansı şəraitdə və hansı gigiyenik qaydalara əməl olunmaqla hazırlandığını necə müəyyənləşdirmək mümkün olacaq? Eyni problem mürəbbə, kompot, yarımfabrikat və digər məhsullarda da yarana bilər.

Markalanmanın əsas üstünlüklərindən biri məhsulun izlənməsi imkanının yaranmasıdır. Markalanma olduqda məhsulun istehsalçısı, hazırlanma tarixi, partiyası və digər vacib məlumatlar müəyyənləşir. Hər hansı problem yaranarsa, məhsulun haradan gəldiyini və kimin tərəfindən hazırlandığını müəyyən etmək mümkün olur”.

Mütəxəssis açıq şəraitdə, bazarlarda, metroların qarşısında və digər yerlərdə mənşəyi məlum olmayan, etiketlənməmiş qida məhsullarının satışının da risk yaratdığını vurğulayıb: “Problem yarandığı halda məsul şəxsi müəyyənləşdirmək çətin olur. Çünki məhsulun istehsalçısı, hazırlanma şəraiti və digər vacib məlumatlar məlum deyil. Ona görə məsələyə yalnız “insanlar evdə məhsul hazırlayıb pul qazanır” prizmasından yanaşmaq doğru deyil. Bir tərəfdə insanların qazanc əldə etmək imkanı varsa, digər tərəfdə həmin məhsullardan istifadə edən istehlakçıların sağlamlığı dayanır.

Ev şəraitində qida hazırlayıb satan şəxslərin fəaliyyəti qeydiyyata alınmalı və məhsulların təhlükəsizlik tələblərinə uyğunluğu təmin edilməlidir. Belə olduqda həm istehsalçının fəaliyyəti leqallaşır, həm də istehlakçı hansı məhsulu, kimdən və hansı şəraitdə aldığını bilir. Qida təhlükəsizliyi məsələsində güzəştə yol vermək olmaz. Məhsulun harada, hansı şəraitdə və kim tərəfindən hazırlandığı məlum olmalıdır ki, gələcəkdə hər hansı problem yaranarsa, onun mənbəyini müəyyən etmək mümkün olsun”.

Xalidə Gəray,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir