Süni intellekt (SI) agentləri artıq banklara hücum edir. Bu isə hələ başlanğıcdır. Dünyanın aparıcı maliyyə qurumları yeni nəsil kiberhücumlarla üz-üzədir. Süni intellektlə işləyən agentlər proqram təminatındakı zəiflikləri aşkarlamaq, sistemlərə müdaxilə etmək və hücumları əvvəlkindən daha böyük sürət və miqyasda həyata keçirmək imkanına sahibdir. ABŞ-də iri bankların rəhbərləri ilə maliyyə və texnologiya sektorunun təmsilçilərinin bu riskləri müzakirə etməsi də təhlükənin artıq nəzəri ssenari olmadığını göstərir. Digər tərəfdən, süni intellekt yalnız hücum vasitəsi kimi deyil, bankların kibermüdafiəsini gücləndirmək, fırıldaqçılığı aşkarlamaq və şübhəli əməliyyatları müəyyənləşdirmək üçün də tətbiq olunur.
Lakin burada əsas sual texnologiyanın nə qədər sürətlə inkişaf etməsi deyil, bank sistemlərinin bu sürətə nə qədər hazır olmasıdır. Süni intellekt agentləri daha da gücləndikcə, bank hesablarından tutmuş bütövlükdə maliyyə sisteminə qədər hansı risklər yarana bilər? Azərbaycan bankları bu yeni təhlükəyə nə dərəcədə hazırdır?

İnformasiya texnologiyaları, marketinq üzrə ekspert Fərhad Kərimli Musavat.com-a deyib ki, süni intellekt, xüsusilə agent və frontier modelləri vasitəsilə kibertəhlükəsizlikdə hücumçunun sürətini, miqyasını və texniki imkanlarını ciddi şəkildə artırmağa başlayıb:
“Frontier SI modeli süni intellekt texnologiyasının ən qabaqcıl və güclü modellərinə deyilir. Artıq söhbət yalnız insana kömək edən chatbotdan deyil, zəifliyi tapmaq, onu analiz etmək, müxtəlif hücum ssenarilərini sınaqdan keçirmək və çoxmərhələli əməliyyatları müəyyən dərəcədə avtomatlaşdırmaq qabiliyyətinə malik sistemlərdən gedir. Sadə dildə desək, əvvəllər təhlükəsizlik sistemlərinin həssas nöqtələrini insan araşdırır, tapır və təhlil edirdi. İndi isə süni intellektə sadəcə məqsədi izah etmək kifayət edə bilər. O, məqsədə uyğun vaxt alan və diqqət tələb edən prosesləri özü həyata keçirərək hücumu reallaşdıra bilər. Bu təhlükənin miqyasını beynəlxalq maliyyə qurumlarının araşdırmaları da göstərir. Beynəlxalq Hesablaşmalar Bankı (BIS) yeni araşdırmasında qeyd edir ki, Frontier SI modelləri kritik zəiflikləri daha avtonom şəkildə müəyyən edə, effektiv exploit-lər hazırlaya və mürəkkəb, çoxmərhələli kiber əməliyyatlar həyata keçirə bilir. BIS-in əsas vurğusu budur ki, SI hücumun mahiyyətini tamamilə dəyişməyə bilər, amma onun hazırlanması ilə həyata keçirilməsi arasındakı müddəti kəskin şəkildə qısalda bilər. Yəni əvvəllər həftələrlə davam edən prosesin günlərə, hətta saatlara düşməsi mümkündür. Bu, banklar üçün ciddi məsələdir. Çünki kibertəhlükəsizlikdə zəiflik aşkarlandıqdan sonra onun nə qədər tez bağlanması böyük əhəmiyyət daşıyır. Əgər hücumçu zəifliyi bankın təhlükəsizlik komandası onu müəyyən edib patch etməmişdən əvvəl avtomatik şəkildə tapa və istifadə edə bilirsə, müdafiə mexanizmləri də buna uyğun sürətləndirilməlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan kontekstində ayrı-ayrı bankların frontier və agentic Sİ hücumlarına konkret olaraq nə dərəcədə hazır olduğunu göstərən açıq, müstəqil texniki audit məlumatları yoxdur:
“Bu da yerli bankların bu təhlükəyə hazırlıq səviyyəsini qiymətləndirməyi çətinləşdirir. Bununla belə, ölkədə müəyyən institusional və normativ baza mövcuddur. Mərkəzi Bank 2021-ci ildə banklarda informasiya təhlükəsizliyinin idarə olunması üzrə minimum tələbləri müəyyən edən qaydaları təsdiqləyib. Bundan əlavə, Mərkəzi Bank 2023-2026-cı illər üçün Maliyyə Bazarlarında Kibertəhlükəsizlik Strategiyasını qəbul edib. Strategiyada kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarətin gücləndirilməsi, “cyber risk management” mədəniyyətinin inkişafı və maliyyə bazarlarının kiberdayanıqlığının artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib. Azərbaycan üçün əsas məsələ bu mövcud çərçivəni yeni nəsil SI təhlükələrinə uyğunlaşdırmaqdır. Çünki agentik SI dövründə bankların yalnız sistemi qoruması kifayət etməyə bilər. Həssas nöqtələrin aşkarlanması davamlı və mümkün qədər avtomatlaşdırılmış proses kimi qurulmalıdır. Əslində bankların yalnız kibertəhlükəsizlik sisteminə deyil, bütün texnoloji arxitekturasına yenidən baxması vacibdir. Gələcəkdə risk yalnız bankın serverinə hücumla məhdudlaşmaya bilər. Hücum mobil tətbiqdən API-yə, oradan üçüncü tərəf xidmətinə və cloud infrastrukturuna yayılan zəncirvari xarakter daşıya bilər. Bu halda müdafiənin yalnız bir nöqtəsini gücləndirmək kifayət etməyəcək”.
Fərhad Kərimliyə görə, SI-dən qorxub onu bank sistemlərindən uzaqlaşdırmaq da düzgün yanaşma deyil:
“Eyni texnologiya milyonlarla log sətrinin sürətli analizində, anomal davranışın, phishing və fraud hallarının aşkarlanmasında, proqram kodunun yoxlanılmasında və kiberhücum zamanı müdaxilənin sürətləndirilməsində istifadə oluna bilər. Yekun olaraq, SI banklar üçün kiberhücumların sürətini və miqyasını dəyişir və buna görə müdafiə mexanizmləri də buna uyğun sürətlənməlidir. Əgər hücumçu bir zəifliyi saatlar ərzində tapıb istismar edə bilirsə, bankın həmin zəifliyi günlərlə və ya həftələrlə açıq saxlaması artıq texniki problem olmaqdan çıxıb biznes və maliyyə sabitliyi probleminə çevrilir”.
Afaq Mirayiq,
Musavat.com

