Dünya miqyasında baş verən iqlim dəyişiklikləri və atmosferin ümumi sirkulyasiyasındakı pozulmalar təbii proseslərin ritmini alt-üst edir. Günəş fəallığının yüksək fazada olması və dəniz səviyyəsində temperaturun artması qlobal hava cərəyanlarının — xüsusilə Qütb axınlarının (Jet Stream) trayektoriyasını dəyişdirib. Nəticədə, şimalın dondurucu soyuq hava kütlələri ilə cənubun isti-quru hava kütlələrinin toqquşma zonası məhz Cənubi Qafqaz regionunun, o cümlədən Azərbaycanın üzərinə sürüşür.
Qlobal miqyasda meridional (şimal-cənub oxu üzrə) hava axınlarının tez-tez təkrarlanması, sentyabrın 30-u və oktyabrın ilk günlərindən başlayaraq ölkəmizdə gözlənilməz, anomal və təhlükəli meteoroloji hadisələrin baş vermə riskini kəskin artırır.
Milli Hidrometeorologiya Xidmətinin və meteoroloqların son xəbərdarlıqlarına əsasən, sentyabrın 30-u gecə saatlarından başlayaraq qlobal cərəyanların təsiri ilə ölkə ərazisinə soyuq atmosfer cəbhəsi daxil olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli hava şəraiti ilə bağlı rəsmi sarı həyəcan siqnalı yayıb. Bakı və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq istiqamətinə dəyişərək kəskin güclənəcək.
Abşeronda gündüz temperatur kəskin düşərək 21-25° isti təşkil edəcək. Atmosfer təzyiqinin kəskin yüksələrək 763 mm civə sütununa çatması meteohəssas insanlarda ciddi təzyiq tərəddüdləri, insult və infarkt riskini artıracaq. Qafqaz dağları boyunca hərəkət edən rütubətli hava kütlələri dağlıq və dağətəyi rayonlarda lokal xarakterli güclü leysan yağışlarına, gözlənilməz daşqın və sellərə yol aça bilər. Dağlıq ərazilərdə gecə temperaturu 4-8° istiyə qədər enəcək.
Oktyabrda bizi nə gözləyir?
Atmosfer sirkulyasiyasında yaranan xaos qarşıdakı günlərdə və oktyabr ayı boyunca Azərbaycanı zəncirvari risklərlə üz-üzə qoyur. İntensivləşən hava cərəyanları Böyük və Kiçik Qafqazın dağ çaylarında suyun səviyyəsini ani olaraq qaldıra bilər. Bu, dağətəyi yaşayış məntəqələri və təsərrüfatlar üçün birbaşa təhlükədir. Şimaldan daxil olan soyuq hava ilə yerli isti havanın kəsişməsi səbəbindən gecə və səhər saatlarında magistral yollarda görünüş məsafəsini sıfıra endirən duman müşahidə olunacaq.
Dağlıq və orta dağlıq zonalarda vaxtından əvvəl şaxta düşmə ehtimalı (gecələr 0-5° hüdudunda) məhsul yığımı dövründə fermerlərə ciddi ziyan vura bilər. Qlobal atmosfer cərəyanlarının bu cür kəskin tərəddüdü fəsadlarsız ötüşməyə bilər. Vətəndaşlara, xüsusilə sürücülərə, dənizdə çalışanlara və dağlıq bölgələrdə yaşayan əhaliyə maksimal dərəcədə ehtiyatlı olmaq tövsiyə edilir.
E.Məmmədəliyev,
Musavat.com

