Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab

Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab

“Əksər hallarda ana xəstə olsa da, əmizdirməyə davam edə bilər”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova açıqlayıb.

Onun sözlərinə görə soyuqdəymə, qrip, yüngül virus infeksiyaları, hərarət zamanı ana südü ilə körpəyə qoruyucu anticisimlər ötürülür və bu, körpənin infeksiyadan qorunmasına kömək edir:

“Bu dövrdə ananın maskadan istifadəsi, əllərini tez-tez yuması və gigiyena qaydalarına riayət etməsi tövsiyə olunur. Ana südü ilə qidalandırma yalnız bəzi xüsusi hallarda müvəqqəti və ya daimi olaraq əks göstərişdir. Bunlara müalicə məqsədilə sitotoksik (kimyaterapiya) preparatların və ya radioaktiv maddələrin qəbulu, aktiv və müalicə olunmamış vərəm, bəzi ağır yoluxucu xəstəliklər və ana tərəfindən əmizdirmə ilə uyğun olmayan dərmanların istifadəsi daxildir. Belə hallarda əmizdirmə barədə qərar mütləq həkim tərəfindən verilməlidir”.

A.Məmmədova bildirib ki, ana xəstəlik və ya qəbul etdiyi dərman səbəbindən tərəddüd edirsə, əmizdirməni dayandırmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir:

“Bir çox hallarda ana südü ilə qidalandırmanı davam etdirmək həm təhlükəsiz, həm də körpə üçün ən faydalı seçimdir”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir